Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

2019-06-07 / 14:48:59

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2019-cu il 25 yanvar tarixli Sərəncamına uyğun olaraq 1 iyun 2019-cu il tarixdən rayon ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanilib.
  Müvafiq sərəncamda icbari tibbi sığortanın tətbiqi məqsədilə Şərur Rayon Mərkəzi və Uşaq xəstəxanalarına publik hüquqi şəxs statusu verilib və tibb işçilərinin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb.

  Tibbi sığorta Şərur rayonunda 115 min 575 nəfəri əhatə edir.
  Bu məqsədlə rayonda icbari tibbi sığortanın tətbiqinə hərtərəfli şərait yaradılıb. Şərur Rayon Mərkəzi  və Uşaq xəstəxanalarına, kənd sahə xəstəxanası və həkim ambulatoriyalarına yeni avadanlıqlar alınıb. Tibbi siğortanın tətbiqi ilə əlaqədar icbari tibbi sığortaya cəlb olunacaq əhali haqqında məlumatlar toplanılıb, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.

  Xəstəxananın işçiləri icbari tibbi sığortanın tətbiqinə ilkin olunduğu  Sədərək rayonunda bir neçə dəfə təcrübə keçib.Rayonda icbari tibbi sığortanın tətbiqinə hazırlıqla əlaqədar kurs və seminarlar təşkil olunub.
Hazırda icbari tibbi sığorta üzrə baza zərfində mövcud olan 1525 tibbi xidmətin  718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. İyunin 1-dən bəri xəstəxanada 21 nəfər stasionar müalicəyə alınıb,  1 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, 2 nəfər isə Diaqnostika-Müalicə Mərkəzinə və Doğum Mərkəzinə müayinəyə göndərilib.

  Qeyd edək ki, İcbari tibbi sığortanın tətbiqi vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti