Baş oftalmoloq Şahbuzda 47 uşağı tibbi müayinədən keçirib

2019-06-04 / 15:50:20

  Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kənd­lərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılmış imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliy­yatları uğurla davam etdirirlər.

 


        Xəstəxananın həkimi-muxtar respublikanın baş oftalmoloqu Kəmalə Əliyeva iyunun 4-də Şahbuz Rayon Mərkəzi Xəstəxanasında yerli tibb işçiləri ilə birgə “Gələcəyə sağlam baxış” devizi altında xəstələri tibbi müayinədən keçirib. Bu məqsədlə əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq xəstəxanaya dəvət        olunublar. Yüksəkixtisaslı mütəxəssis tərəfindən görmə orqanının bütün növ xəstəlikləri - gözün refraktiv qüsurları, torlu qişa xəstəlikləri, şəkərli diabetin göz fəsadları, çəpgözlük, görmə orqanının zədələri, iltihabi xəstəliklərin diaqnostika və müalicəsi aparılıb. Gün ərzində 47 uşaq müayinədən keçirilib, xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib.10 nəfər ətraflı müayinə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasında Görmənin bərpası və mühafizəsi kabinəsində müalicəyə dəvət olunub. 30 nəfər uşağa hədiyyə paylanılıb.

  Badamlı kənd sakini, ikinci qrup əlil Çinarə Rüstəmovanın iki övladının müayinədən keçirillməsinə  lazımi təminat yaradılıb. O, övladlarını başqa yerlərə aparmadan müayinə etdirdiyinə görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.

  Baş oftalmoloqu Kəmalə Əliyeva bildirib ki, rayonda göz problemi olan uşaqların sayı çoxdur. Amma bu say son illərdə artsa da, əvvəlki illərlə müqayisədə problemlər daha tez aşkarlanır. Valideynlərin bu problemlərə diqqəti artıb. Əvvəllər valideynlər uşaqlarda olan problemlərlə bağlı həkimə vaxtında müraciət etmirdilərsə, indi ən azı məktəb öncəsi oftalmoloqlara müraciət edirlər, uşaqların göz müayinəsindən keçirilməsini istəyirlər.

  Yüksəkixtisaslı mütəxəssis onu da qeyd edib ki, belə tədbirlərin keçirilməsində məqsəd həm pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına dəstək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə  və yerindəcə həll etməkdir.                          

 

 

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti