Duzdağ-40: Duzdan Duzdağa

2019-06-03 / 14:14:36

  İnsanın ilk istifadə etdiyi mineral maddələrdən biri olan duzun bildiyimiz və bilmədiyimiz bir çox heyrətləndirici cəhətləri var. Duz sadəcə bir dadlandırıcı, ədviyyat, insan orqanizmi üçün faydalı bir maddə deyil, eyni zamanda yaşam boyu hətta uğrunda müharibələrin aparıldığı mühüm əhəmiyyətlil sərvətdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Naxçıvanın rəmzlərindən biri təbii ehtiyatları 90 milyon ton təşkil edən Duzdağdır.

  Bəzən pəhriz zamanı duzdan az istifadə etməli olduğumuzu düşünürük, lakin buna baxmayaraq duzu qida rasionumuzdan tamamilə çıxarmaq nəticə etibarilə hüceyrələrinin fəaliyyəti üçün mütləq ehtiyaclardan birindən imtina etməklə orqanizmin məhvinə səbəb ola bilər. Həddən artıq çox su içən insanların bədənindəki duz durulaşaraq birbaşa insanın ölümünə səbəb ola bilir. Qısacası, yaşamaq üçün orqanizmin duza ehtiyacı var. Lakin duzun həddən artıq qəbulu da ölümlə nəticələnə bilər. Uzun müddət çox miqdarda duzun qəbulu qan təzyiqinin qalxmasına və ürək problemlərinə gətirib çıxarır.

  Ümumiyyətlə, duz “hüceyrələri danışdırır”. Bütün qan hüceyrələri, dəri hüceyrələri, ilik hüceyrələri, bədəndə olan hansı orqandan asılı olmayaraq tək-tək hüceyrələrin hamısında müəyyən miqdarda duz var. Bu hüceyrələrdəki duz hüceyrə daxilində və hüceyrələrarası elektrik impulslarının ötürülməsinə kömək edir, müxtəlif bədən üzvlərinin və hüceyrələrin bir-biri ilə əlaqə qurmasına imkan yaradır.

 

 

  Mənbələrdən birində duzu mətbəxə ilk dəfə türklərin gətirdiyi göstərilir. Mənbədə qeyd olunur ki, Adəmoğullarından olan Türk xanının oğlu Tütək xan çölün düzündə kabab yeyərkən əlindəki tikə yerə düşür, tikəni götürüb yedikdə, ətin dadının dəyişdiyini hiss edir. O zaman bunun duz olduğu üzə çıxır, o zamandan bəri mətbəxdə istifadə olunmağa başlanır. Bu fakt nə dərəcədə inandırıcıdır, deyə bilmərik. Lakin Bayram Rzayevin duzla bağlı araşdırmasında duzun çıxarılması və istifadəsi haqqında yazılı məlumata Herodotun “Tarix”ində (e.ə.484 – 425) rast gəlindiyi məlum olur. Zakir Rzayev isə duzla bağlı yazarkən Qafqazda xörək duzunun ilk dəfə azı 5 min il bundan əvvəl çıxarılmağa başlandığını qeyd edib.

  Eyni zamanda nəzərə almaq lazımdır ki, qədim Roma əsgərlərinə xidmətləri qarşılığında o vaxt üçün çox əhəmiyyətli hesab olunan duz və ya duz almaq üçün pul verilirdi. İngilis dilindəki “maaş, məvacib” mənasında işlədilən “salary” sözü də latın dilindəki “duz” mənasında işlənən “salarium” sözündən götürülüb. Karfagenlər duzu qızıla bərabər dəyərdə hesab edərək onu “ağ qızıl” adlandırırdılar. İngilis dilində “qızıl kimi qiymətli” ifadəsini əvəz edəcək “duz kimi qiymətli” idiomu da işlənməkdədir. Bu ifadənin qədim Romadan gəldiyi ehtimal olunur.

  Bayram Rzayev araşdırmalarında Naxçıvan duzu ilə bağlı ilk dəfə əsaslı tədqiqatın 1830-cu ildə Q.Voskoboynikovun “Горный журнал”da Naxçıvan daş duz yatağının təsvirini verməsi ilə başlandığını qeyd edir. Vəli Baxşəliyevin tədqiqatlarından Naxçıvanda qədim duz mədənlərinin 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunduğunu bildirir. İsmayıl Hacıyev Duzdağdakı duz mədənlərindən tapılan çoxsaylı əmək alətləri və keramikalar buranın ən qədim duz çıxarılan yer olduğunu və ilkin şəhər mədəniyyətinin buradan başlandığını göstərir.

  Maraqlı faktdır ki, dünyada təxminən 100 ildir ki yodlaşdırılmış duzdan istifadə olunur. Buna, 1920-ci illərdə Duzlu Göl sahilləri də daxil olmaqla Birləşmiş Ştatların Sakit okeanın şimal-qərb hissəsində insanların yod çatışmazlığından əziyyət çəkməsilə başlanılıb. Bu çatışmazlıq şişlərə, boğazda şişə çevrilənlən qalxanabənzər vəzinin genişlənməsinə gətirib çıxarırdı. Hökümətin bu səbəbdən həyata keçirməyə başladığı duzun yodlaşdırılması bu gün də həyata keçirilməkdədir.

  İnsanın yeyə bildiyi yeganə qaya duzdur. Bu isə Naxçıvan şəhərindən 10 kim şimal-qərbdə yerləşən Duzdağ mədənlərində də istehsal olunur. Naxçıvan duzunun da qida məhsulu kimi yeganə çatışmayan cəhəti tərkibində yodun olmamasıdır. Bu səbəbdən də yeyinti məqsədilə istehsal olunan duz yodlaşdırılır.

  Çoxları duzdan yalnız yemək üçün istifadə edildiyini düşünür, ancaq bu heç də belə deyildir. Duzun böyük hissəsi, demək olar ki 70%-i kimyəvi maddə sənayesinə sərf olunur. Yemək məqsədi ilə istifadə olunan düz (6%), hətta yolların qar və buzdan təmizlənməsində istifadə olunan (bu 8% təşkil edir) duzdan azdır.

  Daha bir maraqlı fakta nəzər yetirək: bütöv mumyalama prosesi müəmmalı görünsə də, bu, insan bədəninin təbii sodium karbonatla bürüməsidir. Bu maddə bu gün təbii halda Misirdə tapılan duzdur. Tez qurusun deyə duz bədənin içərisinə yerləşdirilirdi. Hətta orqanlar da bu yolla saxlanılır və dolçalara yığılırdı.

  Duz uğrunda dünyada bir çox müharibələr baş verib. Vətəndaş Müharibəsi döyüşlərində Amerikada duz üstündə vuruşublar. Köhnə Amerikanın Qərbində El Paso Duz müharibəsi baş verib. Əsas dünyəvi duz müharibələri isə İordaniya çayı böyunca baş verib. Napoleon qoşununda duz çatışmazlığından geri çəkilməyə məcbur olub. Roma duz ticarəti bir sıra münaqişələrin mənbəyi olub. Qısacası, duz qədim və ziddiyyətli tarixə malikdir.

  Duz inanclara görə həm də ətrafdakı şər qüvvələrdən qoruyur. Əslində isə şər qüvvələrin duz vasitəsilə dəf edilməsi bir sıra müxtəlif dinlərdə mövcuddur və istifadə olunmaqdadır. Qədim Yunanlar duzdan dini ayinlərdə, Şintoizmdə (Yaponyanın yerli dini) ətrafın saflaşdırılmasında, Buddizmdə şər ruhların rədd edilməsində və çoxlu bütpərəst ayinlərdə də istifadə olunur. İnsanlar onun boş yerə sərfini uğursuzluq kimi dəyərləndirirdilər. Avropalılar bu hürafatın Leonardo da Vinçidən gəldiyinə inanırlar. Onun İudanın sonuncu şam yeməyi adlı əsərində xainin duz qabını aşırdığı görünür. Buna görə də avropalılar duzun tökülməsinin pis əlamət olduğunu düşünürlər.

  Duzla bağlı inamlar milli düşüncəmizdə də mövcuddur. Duzun yandırılaraq bəd nəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də duzun tökülməsinin pis əlamət olması ilə bağlı inamlar bu gün də xalq tərəfindən qorunub saxlanılmaqdadır.

  Qədim dövrlərdə yaşayan insanlar öz fikirlərini uzaq məsafədə yaşayan insanlara (qəbiləyə, tayfaya və s.) çatdırmaq üçün bir neçə vasitədən, o cümlədən dostluq ifadəsi kimi duz göndərməkdən istifadə edirdilər. Duz, o dövrün ibtidai yazı formalarının bariz nümunələrindən biridir.

  Naxçıvan Duzdağı yalnız qeyd olunan yüksə məziyyətlərə malik olan, qida, kimya sənayesi, əkinçilik, maldarlıq, məişət və s. sahələrdə istifadə edilən əvəzsiz mineral olan duz istehsalı üçün istismar edilmir. Eyni zamanda Duzdağ dünyanın turizm və müalicə əhəmiyyətli məkanıdır. Hələ Sovetlər dönəmində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Naxçıvandakı duz mədəninin şaxtasından müalicə məqsədilə istifadə etmək haqqında təşəbbüs irəli sürmüş və bu məqsədə nail olmuşdu. Duzdağ qısa müddətdə müalicəvi əhəmiyyətini sübut etdi. Hazırda hər il dünyanın bir çox ölkələrindən, o cümlədən respublikamızın digər bölgələrindən bronxial-astma və ağciyər xəstəliklərinin müalicəsi məqsədilə yeraltı və yerüstü şöbələrdən ibarət olan Duzdağ Fizioterapiya Mərkəzinə 4000-ə yaxın müraciət olunur. Bu isə öz növbəsində turizmin potensialının inkişafına və bölgə iqtisadiyyatının yüksəlməsinə öz töhfəsini verməkdədir.

  Naxçıvan Muxtar Respublika rəhbərliyi bu qədər yüksək dəyərə malik olan təbii sərvətə daim diqqət və qayğı ilə yanaşıb. 1979-cu ildə yaradılan bu müalicəxana Ali Məclisin Sədrinin tapşırığı ilə 2006-cı ildə yenidən qurularaq müasir standartlara cavab verən, ən son texnoloji avadanlıqlarla təchiz olunmuş yüksək səviyyəli müalicə mərkəzlərindən birinə çevrilib.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 may 2019-cu il tarixli “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn tədbirlər planına əsasən Duzdağ və duzun əhəmiyyəti ilə bağlı aparılan elmi-tədqiqat işlərinin, duzdan məişətdə, sənayedə, tibdə və başqa sahələrdə istifadə imkanlarının araşdırılmasının, əldə edilən nəticələrin müxtəlif çap məhsullarında əks olunması muxtar respublikanın səhiyyə turizminin inkişafına əvəzsiz töhfədir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti