Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş humanitar tibbi aksiya

2019-06-03 / 14:08:32

  Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi Şəxsin həkim briqadası Ordubad şəhərindəki Məhəmməd Füzuli adına internat tam orta məktəbdə şagirdləri kompleks tibbi müayinədən keçirib.

 

 

  Briqadanın üzvləri baş həkim Nihad Seyidov, cərrah Nazim İbrahimov, stomatoloq Pəri Əliyeva, dermatoveneroloq Əsmər Həsənova, otolarinqoloq Zümrüd Cəfərli, oftalmologiya üzrə həkim-rezident Qərənfil Məmmədova, baş və böyük tibb bacıları tərəfindən  aparılan müayinələr zamanı xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. On iki uşaqda əlavə tibbi müayinələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Diaqnostika-Müalicə Mərkəzinə dəvət ediliblər.

 

 

  Humanitar aksiya çərçivəsində alınmış şirniyyat məhsulları məktəbin bufetinə, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Publik Hüquqi Şəxsin öz vəsaiti hesabına alınmış idman geyim dəstləri və gündəlik istehlak məhsulları valideynlərindən birini itirmiş 34 şagirdə, bunlarla yanaşı ayaqqabı, alt və üst patlarları isə hər iki valideynini itirmiş 6 şagirdə hədiyyə olunub. Həkim, müəllim və şagirdlər üçün çay süfrəsi açılıb, şagirdlər şən musiqi sədaları altında rəqs ediblər.

 

 

  Məktəbin müəllimləri və valideynlər şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək  minnətdarlıqlarını bildiriblər.

 

Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyinin mətbuat xidməti