Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə elmi konfrans keçirilib

2019-05-24 / 10:53:56

  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 16 may tarixli Sərəncamının icrası ilə əlaqədar “Duzdağ” otelində elmi konfrans       keçirilib.
  Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrindən yuxarı tənəffüs yolları, ağciyər xəstəlikləri və allergiyalardan əziyyət çəkən yüzlərlə insanın üz tutduğu mərkəz ötən müddət ərzində dövlətimizin qayğısı sayəsində öz fəaliyyət imkanlarını xeyli genişləndirib. Muxtar respublika rəhbəri­nin tapşırığı ilə bir neçə dəfə ­təmir-bərpa olunan şəfa ocağı müalicə turizminin inkişafına böyük stimul verib. Qeyd olunub ki, Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə bu il mərkəzin yaranmasının 40 illiyinin yüksək səviyyədə qeyd olunması, yubileylə əlaqədar əməkdaşların mükafatlandırılması, eləcə də şəfa ocağı üçün yeni inzibati binanın tikilməsi haqqında göstərişin verilməsi muxtar respublikada dövlətin səhiyyəyə, tibb işçilərinə, onların əməyinə verilən ən böyük qiymətidir.

 

 

  Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyidin “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin inkişafında Duzdağ Fizioterapiya Mərkəzinin rolu” mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, Azərbaycan tarixinin, arxeologiya və etnoqrafiyasının, milli dəyərlər sisteminin elmi dəlil və konkret faktlar əsasında tədqiq olunması ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Hələ Azərbaycana hakimiyyətinin birinci mərhələsində dahi öndərin Naxçıvanda səhiyyənin inkişafına göstərdiyi qayğı təbii şəfa vasitələri olan Duzdağ duzunun, “Darıdağ”, “Sirab”, “Badamlı” sularının elmi tərkibinin və tarixinin öyrənilməsinə diqqəti artırıb və bu zəngin təbii vasitələrin səhiyyədə istifadəsinə başlanılıb. 1927-ci ildən sənaye üsulu ilə çıxarılan Naxçıvan duzunun təbabətdə istifadəsi ilə bağlı ümummilli liderin tapşırıq və göstərişlərinə uyğun olaraq ötən əsrin 70-ci illərindən etibarən duz mədəni bazasında xəstəxana qurulması işinə başlanılıb, 1979-cu ildən Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyətə başlaması ilə Duzdağ duzundan ağciyər-bronx sistemi xəstəliklərinin müalicəsində istifadə olunub.

  Qeyd edilib ki, müstəqillik illərində Naxçıvan Fizioterapiya Xəstəxanasının fəaliyyəti və Duzdağın elmi-tədqiqata cəlb olunması, dünya miqyasında tanıdılması Ali Məclisin Sədri cənab Vasif Talıbovun tarixi xidmətləri ilə bağlıdır. Belə ki, 2004-cü ildə cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 100 gününə həsr edilmiş Tədbirlər Planına uyğun olaraq həmin il yanvarın 31-də Naxçıvan Fizioterapiya Xəstəxanasının yeraltı şöbəsi və Naxçıvan filiz idarəsinin duzüyütmə sexləri əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Duzdağın elmi-tədqiqata cəlb olunması ilə bağlı Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin əməkdaşları 2007-ci ildən Duzdağ ərazisində geniş arxeoloji tədqiqat işlərinə başlayıb, əldə olunan materiallar Naxçıvanın Daş dövrü mədəniyyətinin, Eneolit və İlk Tunc dövrlərinin xüsusi araşdırılması zəruriliyini meydana qoyub. Naxçıvan duz mədənlərində yerli arxeoloqlarla birgə tədqiqat işləri aparan Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşları 2008-ci ildə tədqiqatlar nəticəsində əldə olunmuş maddi mədəniyyət nümunələri əsasında müəyyən ediblər ki, Naxçıvan duz mədənləri dünyanın ilk duz ocaqlarından biridir. Bu haqda Fransada nəşr olunan məqalələrdə dünyanın ən qədim duz mədəninin Azərbaycanda tapılması haqqında beynəlxalq elmi ictimaiyyətə xəbər verilib. Əldə olunan nəticələr təsdiq edib ki, Duzdağ dünyanın ən qədim duz mədənidir.
  Vurğulanıb ki, aparılan araşdırmalar və duzun tərkibinin öyrənilməsi ilə bağlı elmi-tədqiqatlar Naxçıvan Fizioterapiya Xəstəxanasının işinin müasir tələblər səviyyəsində qurulması zərurəti yaradıb. 2008-ci ildə Ali Məclis Sədrinin tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı Duzdağ Fizioterapiya Mərkəzinə çevrilib, 474 çarpayılıq yeraltı və yerüstü hissəsində bronxial-astma və ağciyər xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi üçün hər cür şərait yaradılıb. Duzdağ Fizioterapiya Mərkəzinin açılış mərasimində ölkə Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş Naziri Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Duzdağın tarixi əhəmiyyəti nəzərə alınmaqla 2011-ci ildə Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda keçirilən simpoziumda Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasında Duzdağın rolu haqqında əldə olunan nəticələr daha da möhkəmləndirilib.
  Duzdağın Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranmasındakı rolu və əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci ildə imzaladığı “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzusunda Beynəlxalq Simpoziumun keçirilməsi haqqında” Sərəncama uyğun olaraq 27-28 iyul 2012-ci ildə Naxçıvan şəhərində Amerika Birləşmiş Ştatlarından, Fransadan, Ukraynadan, Türkiyədən, İrandan, Gürcüstandan, həmçinin Bakıdan gələn alimlərin və naxçıvanlı elm adamlarının iştirakı ilə Beynəlxalq Simpozium keçirilib. Simpoziumun plenar iclasında Ali Məclisin Sədri proqram xarakterli çıxış edib.
  Diqqətə çatdırılıb ki, Naxçıvan duzunun tarixdə oynadığı rolu nəzərə alaraq aparılan elmi-tədqiqatların nəticələri 1 monoqrafiya, 9 kitab, 80-dən yuxarı elmi məqalədə sistemləşdirilib. Elmi araşdırmalar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələrinin qorunub saxlanılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2017-ci ildə “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalayıb, 2018-ci ildən Duz Muzeyi fəaliyyətə başlayıb. Bu muzey aparılan tədqiqatların ümumiləşdirilməsi, Duzdağın, burada çıxarılan duzun təbliği, xüsusilə beynəlxalq ictimaiyyətə tanıdılması sahəsində mühüm rol oynayır.
  Qeyd edilib ki, Naxçıvan Filiz İdarəsi tərəfindən istehsal olunmuş Naxçıvan duzu Madrid şəhərində təşkil olunmuş Beynəlxalq sərgidə keyfiyyət göstəricilərinə görə “Qızıl” medal mükafatına layiq görülüb. Xəstələrin sağlamlığının bərpa olunması sahəsində daha da səmərəli fəaliyyət göstərmək məqsədilə Ali Məclis Sədrinin 2017-ci ildə imzaladığı Sərəncamla Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib. Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Mərkəz hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın pasiyent qəbul edir.
  Vurğulanıb ki, Duzdağ Fizioterapiya Mərkəzinin tibbi əhəmiyyətini və sağlamlıq turizminin inkişafındakı rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il 16 may tarixdə “Duzdağ Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edib.
  Elmi konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzovun “Duzdağ Fizioterapiya Mərkəzinin səhiyyə turizminin inkişafında yeri”, Azərbaycan Tibb Universitetinin Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın “Bronxial-astma xəstəliyində Duzdağ Fizioterapiya Mərkəzində aparılan müalicənin effektivliyi”, Duzdağ Fizioterapiya Mərkəzinin baş həkimi Heyran Qazı­bəyovanın “Dünyada bənzəri olmayan müalicə ocağı”, mərkəzin həkim-pulmonoloqu, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Nizami Şaxtaxtinskinin “Allergik xəstəliklərdə speleoterapiyanın rolu”, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rza­yevin “Bronxial-astmanın əmələ gəlməsində xroniki su və mineral çatışmazlığının rolu” mövzularında məruzələri dinlənilib, slaydlar nümayiş olunub.

 


   Fitoterapevtlər Cəmiyyətinin sədri, tibb üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova konfransda çıxış edib.
Sonra bir qrup səhiyyə işçisinə pul mükafatları təqdim olunub, “Duzdağ Fizioterapiya Mərkəzi – 40” filmi nümayiş etdirilib, Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrinin çıxışı dinlənilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti