Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbir keçirilib

2019-05-23 / 15:55:07

  May ayının 22-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı iclas keçirilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva  tədbiri giriş sözü ilə açaraq bu il yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirədə qarşıya qoyulan tapşırıqların və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin  yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında imzaladığı Sərəncamın  icrası istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Ona görə də muxtar respublikada bu sahədə tədbirlər həyata keçirilir. Artlq bir ildir ki, Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilmişdir. Göstərilən qayğının nəticəsidir ki, 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Siğortanın tətbiqi ilə əlaqədar Sədərək, Şərur və Kəngərli rayon Mərkəzi xəstəxanalarına, Şərur Rayon Uşaq xəstəxanasına yeni avadanlıqlar alınıb. Tibbi siğortanın tətbiqinə hazırlıq işləri ilə əlaqədar bütün rayon və şəhər tibb müəssisələrində proqram təminatının yaradılması davam etdirilir.

 

 

  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib  ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanıb  və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılıb. Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılıb. Agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılıb, icbari tibbi sığortanın Şərur rayonunda tətbiq edilməsi üçün rayon əhalisi üzrə məlumatlar toplanılıb. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.
    Tədbirdə qeyd edilib ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir.

 

 

    Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin angioqrafiya üzrə həkim-kardioloqu Nail Mehbalıyev bildirib ki,  ötən ildən publik hüquqi şəxs statusu alan Naxçıvan Diaqnostika Müalicə Mərkəzi bir çox yeniliklərə imza atıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Almaniya istehsalı "SİEMENS ARTİS ZEE" markalı döşəmə tipli müasir angioqrafiya aparatı alınaraq Naxçıvan Diaqnostika Müalicə Mərkəzində quraşdırılıb. Həmin aparatın əməliyyat stolunda eyni zamanda angio və açıq ürək müdaxiləsi etmək mümkündür. Bu gün ürək-damar sistemi xəstəliklərinin erkən diaqnostikasında əvəzsiz rolu olan yeni angioqrafiya aparatının istifadəyə verilməsi muxtar respublikada səhiyyənin inkişafına göstərilən qayğının davamıdır.

 

 

  Tədbirdə  dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təmin edilməsi ilə əlaqədar zəruri tədbirlərin görüldüyü vurğulanıb. 2019-cu il iyunun 1-dən publik hüquqi şəxslər statusunda  fəaliyyətlərin təmin edilməsi, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar hazırlıq işlərinin başa çatdığı qeyd olunub.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti