Səhiyyə nazirliyində ştatdankənar baş mütəxəssislərin yeni nomenklaturası təsdiq edilib

2019-05-21 / 11:48:49

  Mayın 20-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində müxtəlif ixtisaslar üzrə ştatdankənar baş mütəxəssislərin yeni nomenklaturası təsdiq edilib.

 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kadr, elm və təhsil sektorunun müdiri  Səmayə İbrahimova tədbir iştirakçılarını nazirliyin müvafiq əmri və ştatdankənar baş mütəxəssislərin yeni nomenklaturası ilə ilə tanış edib.

  Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva ştatdankənar baş mütəxəssislərinin vəzifə təlimatları barədə məlumat verib, onların funksiyaları, hüquq və vəzifələrindən danışıb. Qeyd olunub ki, ştatdankənar baş mütəxəssislər tibbi yardımın daha da yaxşılaşdırılması məqsədilə müvafiq tibbi istiqamətin inkişaf strategiyasının müəyyən edilməsində iştirak etməli və onun həyata keçirilməsi üçün taktiki qərarlar verməli, yeni tibbi texnologiyaları öyrənməli  və tətbiqinə nail olmalıdır.

  Müvafiq tibbi sahənin vəziyyəti üzrə məlumatların təhlili, səhiyyənin təşkili, tibbi texnologiyaların və xəstəliklərin profilaktikası, diaqnostikası, müalicəsi və tibbi reabilitasiya metodları sahəsində yerli və xarici təcrübənin öyrənilməsi, tibbi xdmətin daha da təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması təmin edilməlidir.

 Xəstəliklərin profilaktikası, diaqnostikası, müalicə üsulları və tibbi reabilitasiyanın daha da təkmilləşdirilməsi üzrə təkliflər hazırlanmalı, nazirliyin tabeliyində olan tibb müəssisələrində çalışan müxtəlif ixtisaslı mütəxəsisilərə metodiki yardımın göstərilməli, müvafiq fəaliyyət istiqaməti üzrə tibbi xidmətin vəziyyəti və inkişafı üzrə məlumat hazırlanmalı  və nazirliyə təqdim olunmalı, gördüyü iş barədə nazirliyə hesabat verməlidir.

  S.Gəncəyeva ştatdankənar baş mütəxəssislərin hüquqlarından bəhs edərkən deyib ki, onlar səhiyyə sahəsində mütəxəssislərin hazırlığı üçün təkliflər, tibb müəssisələrinin təkmilləşdirilməsi üçün tövsiyələr verməli, tibb müəssisələrinin təşkili və xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi ilə bağlı vətəndaşların müraciətlərinə dair təkliflər hazırlamalıdırlar.

  Ştatdankənar baş mütəxəssis öz işini nazirliyinin müvafiq məsələlər üzrə səlahiyyətli olan olan şöbə və sektorları ilə ilə razılaşdırılmış illik plana uyğun olaraq təşkil etməli, öz fəaliyyətini nazirliyinin müvafiq bölmələri ilə əməkdaşlıq edilməklə həyata keçirməlidir.

  Qeyd edək ki, ştatdankənar baş mütəxəssislərin yeni nomenklaturasında müxtəlif  ixtisaslar üzrə 22 nəfər yer alır. Onlardan terapevt Süleyman Cəfərov, psixiatr Rəşadət Nabatov, rentgenoloq Qoçəli Dünyamalıyev, uroloq Zəbur Bağırov, neyrocərrah Ramazan Abbasov, kardioloq Ramin Hacıyev, endokrinoloq Aysel Dünyamalıyeva, stomatoloq Azər Həsənov, oftalmoloq Kəmalə Əliyeva və başqaları öz ixtisasları üzrə  tanınmış mütəxəssislərdir.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti