“Bir damla qan, qurtarılan bir can” devizi ilə könüllü qanvermə aksiyası keçirilib

2019-05-20 / 15:26:07

    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə könüllü qanvermə aksiyası keçirib.

      Mayın 20-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutan bu aksiyada əvvəlcə donorlar arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinə olunub. Donorların müayinəsini  və qan götürülməsini həyata keçirən Mərkəzi qan bankı şöbəsinin müdiri Məmmədəli Həsənov ölkəmizdə qan köçürülməsinə ehtyacı olan uşaqların müalicəsinə göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən danışıb. O bildirib ki, müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır.

 

 

   Qanvermə aksiyaında iştirak edən könüllü donor şıbə müdiri Vüsalə Vəliyeva bildirib ki, başqalarının yaşaması üçün imkanımız daxilində olanı, əlimizdən gələni etmək həyatda ən vacib və gərəkli əməllərdən biridir. İnsan ən böyük məmnunluq hissini öz qanının kiminsə damarında vurmağında, qan verməklə hansısa xəstənin yaşamasına dayaq durmaqda tapır. O xəstə özümüz də, doğmalarımız da ola bilərik. Həyatda heç kəs bu zərurətdən sığortalanmayıb. Odur ki, hər kəs  ailə üzvlərindən tutmuş yaxın və doğmaları arasında donor mədəniyyətini formalaşdırmağa çalışmalıdır. Mən özüm bu il ikinci dəfədir ki, könüllü olaraq qan verirəm və sağlamlığı imkan verən hər kəsi bu nəcib işə çağırıram.

    Bir neçə saat davam edən  aksiyada 20 nəfər könüllü olaraq qan verib. Onlardan götürülən 10  litr qan Mərkəzi qan bankına təhvil verilib.

 

                                                                           Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti