Pediatriyanın aktual məsələlərinə dair elmi-praktik seminar

2019-05-15 / 15:54:11

   Mayın 15-də Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası  Mərkəzi Uşaq Xəstəxanasında “Mövsümi xəstəliklərin rast gəlmə tezliyi” mövzusunda elmi-praktik seminar keçirilib.Tədbiri baş həkim Rəhim Rəhimov açaraq bildirib ki, uşaq əhalisinə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması muxtar respublikamızda həyata keçirilən səhiyyə islahatlarında mühüm yer tutur. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Uşaqlar arasında xəstə­liklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin də müstəsna əhəmiyyəti vardır. Hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət       yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstə­liklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb.

    Sonra Poliklinika şöbəsinin həkim-allerqoloqu Ülviyyə Quliyeva “Yaz aylarında uşaqlar arasında rast gəlinən allergik xəstəliklərin tezliyi”, xəstəxananın həkim-rezidenti Şölə Quliyeva “Risk qrupuna aid olan uşaqlarda yaz aylarında respirator sinsitial virus xəstəliyinin gediş xüsusiyyətləri” mövzusunda məruzə ediblər.

       Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri         maraqlandıran      suallar        cavablandırılıb.

 

 

      Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti