Naxçıvanda ilk burun plastikası əməliyyatları

2019-05-14 / 10:55:58

  Muxtar respublikada hər sahədə olduğu kimi, tibbi sahəsində də yüksəkixtisaslı gənc kadrların hazırlanmasında mühüm addımlar atılır. Bunun nəticəsidir ki, xəstəxanalarda və həkim ambulatoriyalarında çalışan gənc həkimlərin sayı gündən-günə artmaqdadır.

   Belələrindən biri də. Naxçıvanda ilk dəfə olaraq burun plastikası (rinoplastika)  əməliyyatları icra edən otorinolarinqologiya üzrə həkim-rezident  Ruslan Qurbanovdur.

 

 

   Əmək fəaliyyətinə Babək Rayon Xəstəxanasında başlayan, hazırda Naxçıvan Muxtar Respublika Xəstaxanasında çalışan Ruslan həkim Azərbaycan Tibb Universitetinin məzunudur və 3 il müddətində Türkiyənin Ankara Qazi və Ərzincan Mengücek elm və araşdırma xəstəxanasında təkmilləşdirmə kursu keçib.

    Kurs müddətində 1000 - dən artıq uğurlu əməliyyat icra edib. O, həmçinin Tonzillektomiya (boğaz əti), adenoektomiya (burun əti), septoplastika (burun çəpəri əyriliyi), otoplastika (qulaq deformasiyası) və nazal polip əməliyyatlarını uğurla həyata keçirir.

 

 

    Ruslan həkim bildirir ki, muxtar respublikada həkim-rezidentlərin yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi üçün lazımi şərait vardır. Çünki hərtərəfli şəraitlə təmin olunmuş xəstəxana binasında fəaliyyət göstəririk. Xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bu isə investisiya mühitini yaxşılaşdırmaq, innovasiyaya və dayanıqlı inkişafa əsaslanan düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsinə yardımçı olur. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verməyə çalışır, əhalinin sağlamlığının keşiyində dayanmağı müqəddəs vəzifə sayır.

   Rinoplastika kimi əməliyyatlar sayəsində xəstələrin artıq Naxçıvandan kənara getmədən ən müasir cərrahi avadanlıq və cihazların köməyi ilə müalicə olunması Naxçıvan səhiyyəsinin daha bir uğurudur.

             Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti