Ulu öndər Heydər Əliyevin 96 illiyi humanitar tibbi aksiyalarla qeyd edilib.

2019-05-13 / 14:57:07

  Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri ulu öndər Heydər Əliyevin  96 illiyi münasibətilə  ötən şənbə Kəngərli rayonunun Qarabağlar kəndində təşkil olunmuş humanitar tibbi aksiyada 96 nəfəri ambulator tibbi müayinədən keçiriblər. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq xəstələrin siyahısı hazırlanaraq həkim ambulatoriyasına dəvət  olunublar. Müayinələrin aparılmasında Naxçıvan Muxtar Respublika Səhiyyə nazirinin müavini Samrat Gəncəyevanın rəhbərliyi ilə 11 yüksəkixtisaslı həkim iştirak edib. Pasiyentlər cərrah, stomatoloq, uroloq, otolorinqoloq, kardioloq, oftalmoloq, ftiziatr, terapevt, pediatr, ultrasəslə müayinə həkimləri  tərəfindən müvafiq tövsiyyələr alıblar.

 

 

  Aksiya iştirakçılarına  Naxçıvan Muxtar Respublika Xəstəxanasının ambulator kartlar da təqdim olunmaqla ilk dəfə yeniliyə imza atılıb. Bu, aksiyada iştirak edən hər bir xəstənin  səhiyyə müəssisəsinin xidmətlərindən daha rahat şəkildə istifadə etməsinə şərait yaradacaqdır.

 Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 28 nəfərdən ibarət həkim briqadası  Ordubadda dörd günlük humanitar tibbi aksiya keçirib. Ordubad Rayon Mərkəzi Xəstəxanasında cərrahlardan Elçin Mirzəyev, Sona Budaqova, mama – ginekoloq Zenfira Cəfərova, kardioloq Güllü Abbasova, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Aytən Xələfova, uroloq Ceyhun Cəlilov, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Şahsoltan Abdullayev və başqalarının səyi ilə 2 min 208  nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə         əhaliyə tibbi xidmət göstərib.

 

 

  Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olan 114 nəfər üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar aparılıb.

 

  Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin  mətbuat xidməti