Kardioloji mərkəzdə angioqrafiya aparatı işlək vəziyyətə gətirilib

2019-05-13 / 10:18:53

   Muxtar respublika rəhbərliyinin qayğı və diqqəti nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksəkixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgeno­qrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı, polimeraz zəncirvari reaksiyası (PZR) üçün termik dövr cihazı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə yetirirlər. Muxtar respublikamızda ürək xəstəliklərinin müasir müayinə və profilaktikası məqsədilə invaziv kardiologiyanın inkişaf etdirilməsi səhiyyə sistemi qarşısında prioritet məsələ kimi durur. Bu sahədə tibbi xidməti daha da yaxşılaşdırmaq, xüsusən aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən müayinəsinin təşkili məqsədilə bir sıra mühüm işlər görülmüş, səhiyyə müəssisələrinin müasir tibbi avadanlıq və cihazlarla təchizatına ciddi diqqət       yetirilmişdir.

 


   Həmin tədbirlər Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzini də əhatə etdiyindən burada quraşdırılan elekrokardioqrafiya, exokardioqrafiya, EKQ-tredmil, mobil rentgen, kardiomonitorlar, böyüklər və uşaqlar üçün süni tənəffüs aparatları, laborator avtoanalizatorlar, fizioterapevtik aparatlar xəstələrə yüksək səviyyədə xidmət göstərməyə imkan verir. Son zamanlar profilli xəstəxana kimi müraciət edənlərin sayı artdığından  Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindəki  Angioqrafiya cihazının burada qurulmasına, həmin mərkəzə isə yenisinin alınmasına zərurət yaranmışdı. Ali Məclis Sədrinin tapşırığı ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Publik Hüquqi şəxsinə Almaniya istehsalı SİMENS ARTİS ZEE markalı döşəmə tipli yeni angioqrafiya cihazı alınıb. Cihazın əməliyyat stolunda eyni zamanda angio və açıq ürək müdaxiləsi etmək mümkündür.

      Diaqnostika-Müalicə Mərkəzindən götürülən angioqrafiya cihazı isə Kardioloji Mərkəzdə işlək vəziyyətə gətirilib. Aparatın işlədilməsi üçün müasir müayinə metodlarına yiyələnmiş ixtisaslı karlar müəyyənləşdirilib. Xəstələrin müayinə və müalicəsi yüksəkixtisaslı invaziv kardioloq Ramin Hacıyev  tərəfindən həyata keçirilir. Gənc həkim bildirir ki, bu aparat müalicə işlərinin yüksək təminatına imkan verir. Artıq bu günə kimi 21 xəstədə əməliyyat aparılıb. Bir neçə gün əvvəl isə kəskin miokard infarktı ilə kardioloji mərkəzə gətirilmiş “Şərq qapısı” qəzetinin əməkdaşı Səbuhi Həsənov təcili əməliyyata alınıb. Ürəyin sağ tac damarına iki ədəd stent qoyularaq həyatı xilas olunub. Beş gün həkim müşahidəsi altında saxlandıqdan sonra tam sağalma ilə təxliyyə olunub.

      Qeyd edək ki, angioqrafiya ürəyin işemik xəstəliklərinin diaqnostikasında “qızıl standart” hesab edilir və ürəyin tac damarlarını müayinə etmək üçün ən informativ bir üsuldur. Bu üsul ürəyin tac damarlarının vəziyyəti haqqında geniş məlumat verir. Əvvəlcə ürəyin damarları haqqında dəqiq məlumat toplandıqdan sonra müəyyən nəticəyə gəlinir; xəstəyə stent qoyulmasına, yaxud kardiocərrahi əməliyyata, dərman müalicəsinə   qərar   verilir.

    Ürək damarların angioqrafiyası zamanı xəstənin bud nahiyəsinə xüsusi kateter yeridilir. Müayinə yerli ağrısızlaşdırma ilə keçirilir ki, xəstə, demək olar, heç bir ağrı, narahatçılıq hiss etmir.

     Daha sonra kateterlə rentgenkontrast maddə (adətən yod tərkibli maddə) verilir. Maddə insan orqanizmi üçün ziyansızdır. Kontrast maddə damarlarda axdıqca kompüter böyük sürətlə rentgen şəkilləri çəkir və nəticədə monitorda damarların dəqiq “surəti” əmələ gəlir. Bu şəkilləri analiz etdikdə həkim damarlarda olan trombları, ateroskleroz düyününün bigər pozulma və patologiyaları aşkar edir. Müayinə qurtardıqdan sonra kateter damardan çıxarılır. Əgər müayinə zamanı xəstənin damar qan təchizatında ciddi pozulmalar aşkar olunarsa, onub normal keçiriciyini bərpa etmək üçün angiorqafiya zamanı damara stent yerləşdirilərək xəstənin həyatı xilas oluna bilər. Eyni zamanda bu aparatla müvəqqəti və qalıcı kardiostimulyator(ürək ritmini normallaşdıran cihaz) yerləşdirilməsi mümkündür.

         

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti