Ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə humanitar tibbi aksiya keçirilib

2019-05-10 / 16:18:09

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam        etdirilir.  

 

                           
          Bölgədə analoqu olmayan Naxçıvan Muxtar Respublika Xəstəxanasında qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada mürəkkəb cərrahi əməliyyatların aparılmasına imkan verir. Yüksəkixtisaslı həkim briqadaları yerli həkimlərlə birgə hər il çoxlu sayda müayinələr aparır, müxtəlif cərrahi əməliyyatlar icra edirlər.

 

          Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim oftalmoloqları hər həftənin cümə və şənbə Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirir. Bu aksiyanın keçirilməsində məqsəd xəstələri operativ şəkildə erkən müayinə-müalicə etmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək və cərrahi əməliyyatlardan ibarətdir.

          Mayın 10-da start  verilən növbəti aksiya isə ulu öndər Heydər Əliyevin 96 illiyinə həsr olunub. Növbəti aksiyada  oftalmoloq - cərrahlar  Fərəh Abduləliyeva, Nəzrin Xıdırova və tibb bacısı Səfiyyə Səlimxanova həkim briqadasını təmsil ediblər. Aksiya zamanı ümumilikdə müxtəlif göz problemlərindən əziyyət çəkən xəstələrin müayinəsi və  mürəkkəb göz əməliyyatları  aparılıb. Səyyar aksiyada göstərilən xidmətlərdən əsasən ahıllar, uşaqlar, eləcə də gənclər istifadə edib. Bu aksiya onlarla ailənin sevincinə səbəb olub.

 

 

   Oftalmoloq-cərrah  Fərəh Abduləliyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Bununla yanaşı, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim heyəti daim Naxçıvanda tibbi müayinələr həyata keçirir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

         Yüksəkixtisaslı mütəxəssis əlavə edib ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il 45 mindən başlayaraq həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun qarşısının alınması   üçün         tədbirlər görür.

Artıq həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə ehtiyac qalmayıb.

            

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti