Ordubadda ulu öndər Heydər Əliyevin 96 illiyinə həsr olunmuş dörd günlük humanitar tibbi aksiya keçirilir

2019-05-10 / 15:45:34

  Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ulu öndər Heydər Əliyevin 96 illiyi münasibətilə Ordubadda dörd günlük humanitar tibbi aksiyaya start verib. Bu məqsədlə mayın 8-də Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərliyi ilə 28 yüksəkixtisaslı həkim və orta tibb işçisi Ordubad Rayon Mərkəzi Xəstəxanasına gəlib. Briqadada həkim cərrahlardan Elçin Mirzəyev, Sona Budaqova, mama – ginekoloq Zenfira Cəfərova, kardioloq Güllü Abbasova, otolarinqoloq Sahib Səmədov, nevropatoloq Aytən Xələfova, uroloq Ceyhun Cəlilov, nefroloq Xuraman Eminbəyli, endokrinoloq Şahsoltan Abdullayev və başqalarının səyi ilə ilk gün 337 nəfər ambulator müayinə ilə əhatə olunub. Müayinə olunmaq üçün xəstəxanaya müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradıb. Ordubad Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə         əhaliyə tibbi xidmət       göstərib.

  Aztəminatlı ailələrdən cərrahi müdaxiləyə ehtiyacı olanlar üzərində ümumi cərrahi, proktoloji, uroloji, fimoz, burun-qulaq-boğaz və digər əməliyyatlar   aparılıb.

 Aksiyada iştirak edən rayon sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

 

          

 

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti