Bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər davam etdirilir

2019-05-10 / 12:07:48

 Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin və Dövlət Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki ət və ət məhsullarının satışı mərkəzlərində brusellyoz xəstəliyinə qarşı satıçılarla maarfiləndirici söhbətlər aparılıb. Söhbət zamanı ət və ət məhsullarında bu xəstəliyin əlamətləri barədə satıcılara ətraflı məlumat verilib. Eyni zamanda ət və ət məhsullarının satışı mərkəzlərində bruselyoz xəstəliyinə qarşı dezinfeksiya işləri görülüb.

  Naxçıvan Muxtar Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi Zakir Cəfərov bildirib ki, bu iş hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayonlarda da davam etdirilir. Əhali arasında müşahidə olunan zoonoz infeksiyalarının, xüsusilə bruselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri aparılır, xəstəliyin yoluxma yolu və mənbəyi araşdırılır. Xəstəlik mənbəyi tapıldıqdan sonra baytarlıq idarəsi ilə birgə həmin mənbə ləğv edilir, təmas qrupu heyvanlar yoxlanılıb profilaktiki peyvəndə cəlb olunurlar. Ət-süd məhsullarının istər topdan, istərsə də pərakəndə satış məntəqələrində sanitar baytarlıq tədbirləri gücləndirilir, termik emalı nəzarətdə saxlanılır. Heyvandarlıq sahəsində iri və xırdabuynuzlu heyvanların bruselyoza görə yoxlanması və həmin heyvanların vaxtında profilaktiki peyvəndlərlə təmin edilməsi də həyata keçirilən birgə tədbirlər sırasındadır.

  Zoonoz infeksiyalarının, xüsusilə brüselyoz xəstəliyinin profilaktikası üçün sanitar maarif işləri bundan sonra da davam etdiriləcək.

 

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti