Ordubad internat məktəbində humanitar aksiya

2019-05-06 / 11:56:35

  Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası ötən şənbə günü Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya keçirib.  Məktəbin direktoru Məzahir Xəlilov bu təhsil müəssisəsi barədə məlumat verərək bildirib ki, son illərin quruculuq ünvanlarından olan məktəbdə hazırda 468 şagird təhsil alır. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan bu şagirdlər mütəmadi olaraq tibbi müayinələrdən keçirilir, sağlamlıqları mühafizə edilir.

  Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov ulu öndər Heydər Əliyevin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində müəyyən etdiyi vəzifələrin bu gün uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, son illər uşaq əhalisinin, xüsusən məktəb yaşlı uşaqların sağlamlığının qorunmasına, onlarım müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq aparılır.

  Sonra briqada üzvləri şagirdləri kompleks tibbi müayinədən keçirib.
 Ambulator müayinələr zamanı internat tam orta məktəbinin yataqxanasında yaşayan şagirdlər ümumi cərrahi, otolorinqoloq, nevropatoloq,hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiriblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. 3 uşaqda cərrahi müdaxilələrə ehtiyac olduğundan onlar müalicə məqsədilə Muxtar Respublika Xəstəxanasın dəvət ediliblər.

  Humanitar aksiya çərçivəsində alınmış ərzaq məhsulları məktəbin bufetinə, ilkin tibbi yardım üçün ləvazimat, dərman və sarğı materialları isə tibb məntəqəsinə təhvil verilib. Məktəb yataqxanasında yaşayan 40 şagird gündəlik istehlak məhsulları ilə, hər iki valideynini itirmiş 6 şagird geyim dəsti ilə təmin edilib. Həkim, müəllim və şagirdlər üçün açılmış çay süfrəsində səhiyyə maarifi işi aparılıb.

  Məktəbin müəllimləri və valideynlər şagirdlərə göstərilən bu xidməti dövlətimizin gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi layihələrin uğurlu icrası kimi dəyərləndirərək minnətdarlıqlarını bildiriblər.

             Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmət