Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş humanitar tibbi aksiya

2019-04-29 / 10:49:46

  Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96 illiyi ilə əlaqədar Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya keçirib. 
  Məqsəd aztəminatlı ailələrin uşaqları üzərində cərrahi əməliyyatların aparılması olub. 

 

 Səyyar aksiyadan əvvəl yerli tibb işçiləri tərəfindən cərrahi əməliyyata ehtiyacı olan uşaqlar müayinədən keçirilib və onlar xəstəxanaya dəvət ediliblər.
 Cərrahi əməliyyatlar Mərkəzi Uşaq Xəstəxanası Cərrahiyyə şöbəsinin müdiri Şəhla İmanova, həkim-cərrah İldırım İbrahimov, həkim-anestezioloq Qərənfil Bədəlova tərəfindən həyata keçirilib. Briqadada, həmçinin 2 əməliyyat, 2 anesteziologiya üzrə tibb bacısı və sanitarlar da təmsil olunublar. Yerli həkim və orta tibb işçiləri briqadanın səmərəli fəaliyyəti üçün lazımi şərait yaradıblar. Aksiyanın ilk günü 19 uşaq üzərində fimoz əməliyyatı aparılıb. Onlar bir neçə saat həkim müşahidəsi altında saxlanıldıqdan sonra evə buraxılıblar.
  Şahtaxtı kəndindən Yusif Quliyevin iki övladının cərrahi əməliyyatı keçirilib. O, övladlarını başqa yerlərə aparmadan yüksəkixtisaslı həkimlər tərəfindən əməliyyat olunduğuna görə minnətdarlığını bildirib, bütün bunları aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələrinin uğurlu icrası kimi dəyərləndirib.
  Kəngərli Rayon Mərkəzi Xəstəxanasında humanitar aksiya 2 gün  davam edib.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti