Uşağınızın normal eşitməsini istəyirsinizsə o zaman audiometriya kabinəsinə müraciət edin

2019-04-22 / 15:12:18

   Hər bir körpənin fiziki sağlamlığı onun dünyaya normal gəlişindən tutmuş görmə, eşitmə kimi ünsiyyət orqanları ilə də bağlıdır. Uşaqlarda eşitmənin qismən və ya tam itirilməsi əqli inkişafın zəifləməsinə səbəb olur, onlarda nitq pozğunluğu yaranır. Bu problemə muxtar respublikamızda da rast gəlinir. Odur ki, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi 2009-cu ildən istifadəyə veriləndən orada Audiometriya kabinəsi fəaliyyət göstərir. Yenidoğulmuşların digər tibbi müayinələri ilə yanaşı, eşitmə qabiliyyəti də yoxlanılır. Həmin sahə  üzrə Türkiyə  Respublikasının  Ankara və  Ərzurum şəhərlərinin tanınmış  klinikalarında  kurs keçmiş ixtisaslı  tibb bacısı Zəminə  Əliyeva  tərəfindən yenidoğulmuşlara tibbi  xidmət        göstərilir.
      Qulağın bir çox xəstəlikləri eşitmə zəifliyinə səbəb ola bilər. Bu xəstəliklər isə bir sıra faktorlardan qaynaqlanır. Ailədə irsi karlıq və ağır eşitmə, qohum nikahlar, ananın keçirdiyi məxmərək, suçiçəyi, kəmərləyici dəmrov və digər infeksion xəstəliklər eşitmə zəifliyinin yaranmasına gətirib çıxarır. Xəstəliyin əmələ gəlməsi və ağırlaşmasının qarşısını almaq məqsədilə ildə iki dəfə eşitmə müayinəsi məsləhət görülür. Hazırda kabinədə eşitmə qabiliyyətinin qiymətləndirilməsi, diaqnostika və müalicəsi müasir avadanlıq və metodlarla həyata keçirilir. Onlardan ən mühümü audiometriya müayinəsidir. “Audio” latın sözü olub, eşitmə, “metriya” isə ölçmə deməkdir. Audiometriya-elektroakustik cihazın köməyilə aparılan eşitmə müayinəsi xroniki və kəskin neyrosensor eşitmə zəifliyi, qulağın iltihabı, otoskleroz, eşitmə sinirinin nevrinoması kimi xəstəliklərə şübhə olduqda aparılır.

   Audiometriya kabinəsində müayinə metodları otoakustik emisiya (OAE) - BERA aparatı ilə həyata keçirilir. Aparat səs qıcığına qarşı daxili qulağın (OAE) və beyin kötüyünün (BERA) cavab reaksiyalarını qeyd edərək yeni doğulmuş və kiçikyaşlı uşaqlarda eşitmə patologiyasını aşkara çıxarır. Bu müayinələrin uşaq anadan olduqdan dərhal sonra aparılması mümkündür. BERA eşitmə zəifliyinin təyini üçün əvəz­olunmaz müayinədir. Müayinə qısa vaxt ərzində və ağrısız aparılır. Mikroskop müayinəsi ilə qulağın təbii pərdəsi, eşitmə sümüklərinin vəziyyəti haqqında dolğun məlumat almaq olar. 2018-ci ildə 2500 yenidoğulmuşlarda audimetriya ilə müayinə aparılıb 4 yenidoğulmuş patologiyya aşkar         olunmuşdur.Cari ilin birinci rübündə isə 492 körpə müayinələrlə əhatə olunub.
       Bir sözlə, uşaqların eşitmə qabiliyyətinin yoxlanılması üçün valideynlərin başqa ünvanlara üz tutub uzaq məsafə qət etmələrinə ehtiyac yoxdur. O ünvan yaxındadır. Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin Audiometriya kabinəsi uşaqlarınızın sağlamlığı keşiyindədir.

            Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti