Göz müayinəsi yenidoğulmuşların sağlam gələcəyinə təminatdır

2019-04-22 / 12:37:00

  Naxçıvan Muxtar Respublikası Doğum  Mərkəzində yenidoğulmuşların   göz müayinəsi aparılan sağlamlıq  tədbirləri sırasında xüsusi yer tutur. 2017-ci ildən həyata keçirilən belə müayinələr OMEGA 500 İndrekt oftalmoskopla  aparılır. Müayinələr Türkiyə Respublikasının müxtəlif şəhərlərində və Bakı şəhərində  kurslarda, seminarlarda, konfranslarda iştirak etmiş oftalmoloq Günel Babayeva tərəfindən həyata keçirilir.

 G.Babayeva bildirir ki, hər bir uşağın sağlamlığının təminatı üçün yenidoğulmuş dövründə müayinədən keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Körpənin katarakta, qloukom, çəpgözlük, göz  qapağı anomaliyalarının,  göz yaşı  kanal  tıxanıqlıqlarının  erkən vaxtda  aşkarlanması üçün doğulduğu ay içərisində göz müayinəsi vacibdir. Uşağın 6 ayı və 1  yaşında da  onun göz təması, göz hərəkətləri, qırmızı işıq  refleksi yoxlanılmalıdır. Bu müayinələrin  əsas məqsədlərindən  biri  göz  bəbəyini görmə tənbəlliyindən qoruya bilməkdir. Digərləri isə katarakta, qlaukom, vitreus içərisində yer alan  lezyonları aşkarlayıb vaxtında müdaxilə  edə bilməkdir.

  Mərkəzimiz tərəfindən yarımçıq doğulmuş uşaqlarda ROP (Rektolental Fibroplaziya)  müayinəsi edilir. Hamiləliyin 40 həftəsinədək gözlərdə damarların inkişafı prosesi gedir.Vaxtından əvvəl  doğulan körpələrdə bu inkişaf  bitmədiyinə görə  proses uşaq  doğulduqdan sonra  da davam edir. ROP- müayinəsini topikal anesteziya ilə bəbəklər  böyüdülərək  retina adı verdiymiz gözün sinir təbəqəsinin  araşdırıldığı  bir müayinədir.Yarımçıq doğulmuşlarda  ilk ROP- müayinəsi 4-6 həftə sonra olunur.Daha sonra xəstəliyin  varlığına  və səviyyəsinə görə 1 və ya 2 həftə fasilələrlə müayinə təkrarlanır.Yarımçıq  doğulmuşların retinopatiyası  vaxtından  əvvəl doğulan uşaqlarda ortaya çıxan və görməyə  ciddi fəsad verən göz problemidir.

    Müsahibim onu da bildirdi ki, ROP  xəstəliyi yarımçıq  doğulan  hər uşaqda olmur. Əsasən hər  iki  gözü  birdən tuta bildiyi kimi  bəzən  tək bir  gözdə də oratya çıxır.Yaxud  da hər iki  gözü tutduğunda  gözdəki  problemlər  fərqli dərəcədə ola bilər. ROP  ciddi  xəstəlik  olduğundan  diaqnoz qoyulduqdan sonra  müalicə olunmayan  və  ya müalicə  başlansa da, vaxtlı-vaxtında  müayinələr edilməyən  uşaqlarda cidd görmə problemləri ortaya çıxır.Bu səbəblə yarımçıqdoğulmuş  uşaqlarda doğulduqdan qısa müddət sonra ROP-müayinəsi aparılmalıdır.

 Ötən il  bu səhiyyə müəssisəsində doğulan  2 min 536 yenidoğulmuş uşaqda 4 sarsılmış bəbək sindromu,2 kerotokonus,12 dakrosistit, 2 katarakta, 3 daxili çəplik, 3 pfoz aşkarlanaraq müalicələri həyata keçirilib.

 

                                                                        Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti