İlkin tibbi yardımın təşkilinə dair təlim-treninq

2020-10-21 / 12:59:46

 

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ekstremal vəziyyətlərdə təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə dair  təlim-treninq keçirilib.

Mərkəzin baş həkimi Nihad Seyidov tədbirin məqsəd və prinsipləri barədə məlumat verərək bildirib ki, sentyabrın 27-dən etibarən Azərbaycan tarixinin növbəti şanlı günləri başlayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında igid Vətən övladlarının işğal altında olan torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə, göstərdiyi əzm, düşmənə endirdiyi ağır zərbələr hər birimizin qəlbini böyük fərəh hissi ilə doldurur. Hər birimiz bu mübarizədən qalib ayrılacağımıza əminik, çünki biz öz torpaqlarımız uğrunda, öz haqqımız naminə döyüşürük.

Belə bir vaxtda tibb işçiləri yaralı əsgərlərimizə, mülki vətəndaşlarımıza ilkin təcili və təxirəsalınmaz tibbi xidmət göstərməklə qələbəmizə öz töhfələrini verirlər. Yaralıların tez bir zamanda sağalması onların peşə və bacarıqlarının yüksək səviyyədə olmasından çox asılıdır. Keçirilən tədbirin də məqsədə xidmət etdiyini bildirən baş həkim təlim-treninqin işinə uğurlar arzulayıb.

Sonra mərkəzin cərrahiyyə şöbəsinin müdiri, tibb elmləri doktoru, dosent İsa Abdullayev, anesteziologiya və reanimasiya bölməsinin müdiri  Ənvər Şıxəliyev,  kardioəməliyyat blokunun böyük tibb bacısı Nərmin Qarayeva, əməliyyat tibb bacısı Safura Hüseynova güllə, qəlpə və mina partlayışları, kəllə-beyin travmaları, sınıqlar, qanaxmalar, yanğınlar  zamanı ilkin tibbi yardımın təşkili və  ilkin tibbi yardım tədbirləri haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki,  ilkin tibbi yardım həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə prosesidir. Ekstremal vəziyyətdə zədə almış şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində  bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.      

  

      

        

Ekstremal vəziyyətlərdə ilkin tibbi yardım qaydaları mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Həftəboyu aparılacaq təlim-treninqlər mərkəzin orta tibb işçiləri ilə yanaşı, texniki heyəti də əhatə edəcəkdir.

                                                                                      Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti