Ordubad məktəbliləri kütləvi profilaktik müayinələrdən keçirilib

2019-04-18 / 15:56:44

  Son illər uşaq əhalisinin, xüsusən məktəb yaşlı uşaqların sağlamlığının qorunmasına, onlarım müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

  Aprelin 18-də keçirilən növbəti  dispanserizasiya tədbirində Ordubad şəhər 3 nömrəli tam orta məktəbin şagirdləri  kütləvi profilaktik müayinələrlə əhatə olunublar.

  Ordubad Rayon Mərkəzi Xəstəxanasının pediatr, stomatoloq, kardioloq, cərrah-ortoped, LOR, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqadası  məktəbin 587 şagirdini müayinədən keçirib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində  əyriliklər, revmatizm xəstəlikləri aşkarlanıb. Xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub. 61 şagird dispanser qeydiyyatına alınıb.

   Həftə ərzində xəstəxana tərəfindən Dəstə kəndində də uşaqların kütləvi profilaktik müayinələri həyata keçirilib. Müayinələr aprelin 25-dək davam etdiriləcək.

   

      Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti