Sədərək kəndinin daha bir sakini icbari tibbi sığortadan yararlanıb

2019-04-12 / 16:46:29

   Muxtar respublikada İcbari Tibbi Sığortadan yararlanan daha bir nəfərin üzərində pulsuz cərrahi əməliyyat aparılıb.

   İcbari Tibbi Sığorta olunan Sədərək kənd sakini 49 yaşlı Vidadi Rzazadə Sədərək rayon Mərkəzi Xəstəxanasına ürək nahiyəsində yaranan ağrı ilə müraciət edib və müayinə olunub. Müayinə nəticəsində onun ürəyində ciddi problemlər aşkar edilib.

           O, Sədərək rayon mərkəzi xəstəxanası tərəfindən Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə göndərilib. Aparılan elektrokardioqrafik, exokardioqrafik və laborator müayinələrindən sonra xəstə üzərində koronar angioqrafiya və stent implantasiyası əməliyyatı həyata keçirilməsinə zərurət yaranıb. Mərkəzin kardioloq-angioqrafı Nail Mehbalıyev tərəfindən 2 balon və 3 ədəd dərmanlı stent vasitəsilə damarlarda yaranmış problemlər aradan qaldırılıb və ürək qan dövranı tam bərpa edilib. Bir günlük həkim müşahidəsindən sonra xəstə tam sağalmış halda təxliyyə olunub.

   Vidadi Rzazadəyə göstərilən bütün tibbi xidmətlərin xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qarşılanıb.

   Xatırladaq ki, hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Bu ilin ilk rübündə 9 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına,  Diaqnostika-Müalicə Mərkəzinə, Doğum Mərkəzinə və Kardioloji Mərkəzə müalicəyə göndərilib.

 

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti