Birinci rübdə 756 nəfər nigahdan əvvəl tibbi müayinədən keçib

2019-04-08 / 12:44:34

   Bu ilin ötən üç ayı ərzində Naxçıvan Muxtar Respublikasında 756 nəfər nigahdan əvvəl tibbi müayinələrdən keçib. Müayinələrdən sonra ailə quracaq gənclər daşıyıcısı olduqları xəstəliklər, eləcə də dünyaya gələcək körpələrinin sağlamlığı haqqında ilkin məlumatlar əldə edirlər.

  Əvvəl nikaha daxil olan cütlüklərin qan və yoluxucu xəstəliklər üzrə müayinələri aparılırdı. 2015-ci ilin iyun ayından başlayaraq muxtar respublikada ailə qurmaq istəyən gənclər Hepatit B və Hepatit C virus xəstəliyinə qarşı da tibbi müayinələrdən keçirlər.

  Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə mübarizə şöbəsinin müdiri Hüseyn Mikayılov deyir ki, Hepatit B və Hepatit C-nin vaxtında müalicəsi və yaxud qarşı tərəflərin peyvənd olunması, gələcəkdə uşaqların sağlamlığına da zəmin yaradır.

 Nigaha daxil olan cütlüklərin tibbi müayinəsi, habelə tibbi-genetik, tibbi-psixoloji və onlara ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi pulsuz həyata keçirilir.

  Qeyd edək ki, nigaha daxil olan şəxslərin müayinələrinin nəticələri tibbi sirdir və müayinənin nəticəsi şəxsin icazəsi olmadan qarşı tərəfə açıqlanmır.

     Aparılan tədbirlər sağlam ailənin formalaşmasına, bir çox xəstəliklərin qarşısının alınmasına müsbət təsir göstərir. Bütün bunlar eyni zamanda sağlam övladların dünyaya gəlməsinə də lazımi şərait yaradır.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti