Amalı xalqa xidmət olan qayğıkeş həkim, müdrik alim

2019-04-08 / 12:42:57

  Dünyaya göz açan hər bir insanın öz tale yolları var.Yalnız həyatın tələblərini dərk edib,qarşıya qoyduğu məqsədlərə çatmaq uğrunda bütün əqli və fiziki qabiliyyətini sərf etməyi bacaranlar bu daşlı-kəsəkli tale yollarında öz istəklərinin zirvəsinə ucalırlar. Azərbaycana belə fəxarət və baş­ucalığı gətirən övladlarından biri də özünün vüqarı və qüruru, peşə xidməti və gündəlik fəaliyyəti, dərin elmi biliyi və fitri istedadı ilə fərqlənərək, dünya şöhrəti qazanan, əbədiyaşarlıq rəmzinə çevrilən, ­akademik Zərifə Əziz qızı Əliyevadır. Bu il dünya şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 96, əbədiyyətə qovuşmasının 34-cü ildönümüdür. Lakin ­görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.
       Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin bir həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Azərbaycanın elm və mədəniyyət xadimlərinin çoxu Zərifə xanımın ata evinin daimi qonaqları idi. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən         faydalanmışdır.
      Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Lakin Zərifə xanım bilirdi ki, oftalmoloq ixtisası üzrə kamil mütəxəssis olmaq üçün institutda aldığı təhsil kifayət etmir. Buna görə də institutu bitirdikdən sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftal­moloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazırlığı keçmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da, onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə özünü sınamağa can atmış və istəyinə  nail         olmuşdur.
       Zərifə xanımın elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev demişdir: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
1981-ci ildə ölkəmizin tibb elmi, səhiyyə sistemi tarixində son dərəcə mühüm bir hadisə baş vermişdir. Moskvadan alınan xəbərdə qeyd edilirdi ki, Azərbaycan alimi Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası sahəsində apardığı silsilə elmi-tədqiqat işlərinin dəyərli nəticələrinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına         mükafatına  layiq  görülmüşdür.
     Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifəsinə, 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığı müvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasında geniş tətbiqinə, yüksəkixtisaslı tibb kadrlarının hazırlanması yolunda göstərdiyi dəyərli xidmətlərə görə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, Azərbaycan oftalmoloqları arasında Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alimdir.
    Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu dairəsi çoxşaxəli və genişdir. O, görmə orqanlarının virusla zədələnməsinə, bu səpkidə aparılan müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir. Onun “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” və sair əsərləri bu qəbildəndir.
   Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya, səmərələşdirici təklif və dərs vəsait­lərinin müəllifi olmuşdur. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır. Təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da görkəmli alim kimi tanınan Zərifə Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
   Zərifə xanım mətbuatda həkim etikası problemlərinə dair maraqlı məqalələr dərc etdirmişdir. Həmin məqalələrdən birində o yazırdı: “Əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır. Vicdan əsas hakiminizdir. Ən çətin məqamda və ən xoş saatımızda o, bizimlə üzbəüz dayanıb soruşacaq: Sənin ağ xalat geyinməyə haqqın        varmı?”
      Zərifə xanım Əliyeva yaşadığı ömürə təkcə yaxşı həkim olmağı sığdırmamışdır. O, heç kəsin dərdinə biganə qalmayan qayğıkeş İnsan, vəfalı ömür-gün yoldaşı, mehriban ana idi. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran ölkə Prezidenti cənab İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir.
       Akademik Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur. İllər bir-birini əvəz etsə də, əvəzolunmaz alimin əziz xatirəsi heç vaxt yaddan çıxmır, daim ehtiramla yad olunur. İndi onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Naxçıvamlı müəlliflərin birgə zəhmətinin bəhrəsi olan və bu yaxınlarda işıq üzü görmüş “Tibb işçilərinin masaüstü kitabı” da akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilib. Onun xatirəsinə ucaldılan büst və abidələr görkəmli alimə və əsl İnsana olan ehtiramın və məhəbbətin tükənməz təzahürüdür. Akademik Zərifə Əliyeva irsi həm bu günümüz, həm də gələcəyimiz üçün tükənməz, təkrarsız bir örnəkdir. Ürəkləri xeyirxah əməllərlə dolu insanlar dünyalarını dəyişmirlər. Xalqımızın qəlbində Zərifə xanımın işıqlı xatirəsi əbədi yaşayacaqdır.

               Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti