Muxtar respublikada insanların sağlamlığı diqqətdə saxlanılır

2019-04-08 / 10:36:32

   7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır.
   Səhiyyə hər bir ölkə üçün ən vacib sahələrdən biridir. Çünki bu sahə insanların sağlamlığı ilə bağlıdır. Səhiyyə inkişaf edirsə, insanların sağlamlığı etibarlı qorunursa, o zaman ölkə də inkişaf edəcəkdir. Ölkəmizdə səhiyyənin cəmiyyət və dövlət həyatında ən mühüm sahəyə çevrilməsi, onun inkişaf və tərəqqisi xalqımızın ümummilli lideri­­ Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə   edən  sahədir”.


   Ulu öndərin Azərbaycana rəhbər­liyinin hər iki dövründə muxtar respublikada 1156 yerlik xəstəxana, poliklinika və ambulatoriyalar tikilmişdir ki, bu da genişmiqyaslı quruculuq və inkişaf konsepsiyasının əyani ifadəsidir. Bu gün dövlət başçısı cənab İlham Əliyevin ulu öndərin müəyyənləşdirdiyi yolu uğurla davam etdirməsi səhiyyə sisteminin də inkişafına səbəb olub. Qəbul olunmuş dövlət proqramlarının icrası xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, xəstələrin dərmanla təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına imkan verib.

   Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” prinsipi əsas götürülərək muxtar respublikada əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır. Son illər tikilərək və ya yenidən qurularaq istifadəyə verilən Naxçıvan Muxtar Respublika Xəstəxanası, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Naxçıvan Tibb Kolleci, Şərur Rayon Uşaq Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və Epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, rayon mərkəzi və sahə xəstəxanaları, kənd­lərdə həkim ambulatoriyaları, feldşer­-mama məntəqələri səhiyyə sistemində aparılan quruculuq işlərinin daha bir ifadəsidir.

  Aparılan quruculuq işləri ilə yanaşı, səhiyyə islahatlarının da həyata keçirilməsi insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsində mühüm rol oynayır. Sədərək Rayon Mərkəzi Xəstəxanası, Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi, ötən ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi səhiyyə xidmətlərini müasir tələblər səviyyəsində qurmağa, keyfiyyətini daha da yaxşılaşdırmağa xidmət edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il yanvarın 25-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında Sərəncam, martın 18-də isə Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman  imzalaması səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.

  Ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı, səhiyyə sistemində qəbul edilmiş dövlət proqramları hər il muxtar respublikamızda da uğurla icra olunur, tibbi müayinə zamanı aşkar olunan ilkin, eləcə də qeydiyyatda olan xroniki xəstələr əlavə müayinələrə cəlb edilir. Ahıl, eləcə də torpaqlarımızın və dövlətçiliyimizin qorunması zamanı əlil olmuş vətəndaşların, müxtəlif yaş qrupuna daxil olan əhalinin kütləvi müayinələri diqqət mərkəzində saxlanılır.
       Muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə həkim briqadaları tərəfindən yerlərdə müayinə-müalicə işləri aparılır. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin və disakin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələr davam etdirilir.

        Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün muxtar respublika səhiyyəsində ardıcıl tədbirlər həyata keçirilir, uşaq əhalisinə tibbi xidmətin səmərəliliyi ildən-ilə yüksəldilir. Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcminin və keyfiyyətinin artirilması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 9 oktyabr 2018-ci il tarixli “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət proqramı”nın icrası istiqamətində artıq bir sıra işlər görülüb. Uşaqlara göstərilən tibbi xidmət səviyyəsinin yüksəldilməsi, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması, uşaqların icbari dispanzerizasiyasının aparılması istiqamətində müəyyən nəticələr əldə edilib. Həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, yeni avadanlıqlarla təmin edilməsi, Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması, binanın müasir üslubda yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi dövlət proqramının icrası istiqamətində görülən işlərdəndir. Dispanserizasiya zamanı aparılmış müayinə və müalicə, sağlamlaşdırıcı tədbirlərın elektron qeydiyyatının aparılması və dispanserizasiya ilə əhatə olunmuş uşaqların registrinin təkmiləşdirilməsi üçün səhiyyə informasiya sistemi yaradılmış və səhiyyə nazirliyində dispanserizasiyadan keçən uşaqların elektron qeydiyyatına  inteqrasiya edilmişdir.

  Səhiyyə sahəsində digər dövlət proqramlarının icrası diqqət mərkəzində saxlanılır. Belə ki, səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daima nəzarətdə saxlanılır. Şəhər və rayon xəstəxanalarında 34 hemodializ aparatı qurulub. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 123 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb.

      Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılmışdır. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb.

       Ötən il noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin təqdim olunması bu xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb. Muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporeal Membran Oksigenasiyası kimi insan həyatı üçün mühüm olan cihazla təmin edilib. Səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Bu və digər səhiyyə müəssisələri Təcili yardım, Elektrokardioqrafiya, Exokardio­qrafiya, EKQ-tredmil, Rentgen, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür. Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində Polimeraz zəncirvari reaksiyası (PZR) üçün termik dövr cihazından istifadəyə başlanılması  səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində növbəti uğurlardan biridir.
   Son zamanlar profilli xəstəxana kimi Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzini müraciət edənlərin sayı artdığından  Naxçıvan Diaqnostika-Müalicə Mərkəzindəki  Angioqrafiya aparatının burada qurulmasına, həmin mərkəzə isə yenisinin alınmasına zərurət yaranmışdı. Artıq hər iki müəssisədə bu aparat qurularaq işlək vəziyyətə gətirilmişdir. Aparatın işlədilməsi üçün müasir müayinə metodlarına yiyələnmiş ixtisaslı karlar müəyyənləşdirilmiş, yardımçı otaqlar hazırlanmışdır.

      Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır. Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü demək olar ki, kəsilib.

    Naxçıvan Muxtar Respublika ərazisində Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə 27 dekabr 2016-cı il tarixdə Ali Məclisdə keçirilmiş müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarının icrası məqsədilə işlər bu gün də aparılır. Nikaha daxil olmaq istəyənlərin öncədən tibbi müayinədən keçməsi, ekspres üsulla hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə yoxlanılması davam etdirilir. Əgər müayinənin nəticəsi şübhəli olarsa, onda xəstələr dəqiq müayinə üçün Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin  QİÇS ilə Mübarizə Şöbəsində təkrar laborator müayinədən keçirlər.

   Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Burada mövcud olan mineral, su və iqlim ehtiyatları arasında Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının və Ağbulaq İstirahət Mərkəzinin imkanları hesabına təşkil olunan müalicə turizmi xidmətləri regionun ümumi turizm potensialının mühüm bir hissəsini təşkil edir. Son illər Duzdağ Fizioterapiya Mərkəzi hər il orta hesabla 3500-4000 arasında pasiyent qəbul edir. 1979-cu ildə istifadəyə verilən mərkəzdə ilk vaxtlarda lazımi şərait olmadığından, mövcud tələbatı yetərincə ödəmək qeyri-mümkün idi. 2008-ci ildən burada pasiyentlər, tibbi və digər personal üçün yaradılmış müasir şərait bu gün müalicə turizmi üçün çox əlverişli imkanlar açmışdır. Mərkəzdə ölkəmizin bir çox yerlərindən, o cümlədən Türkiyə, Gürcüstan, Ukrayna, İran, Rusiya, Tacikistan, Qazaxıstan, Almaniya, Hollandiya, Avstriya və İngiltərə kimi xarici ölkələrdən gələn insanlar yuxarı tənəffüs yolları xəstəliyinin müalicəsi üçün əlverişli imkan tapırlar. Eyni zamanda, Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi də tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət olur.

   Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki "Böyrək suyu" adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb.

    Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür.

      Bundan başqa, Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli Su Müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Naxçıvanda müalicə turizminin inkişafına xüsusi diqqət yetirildiyindən Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün digər işlər görüləcəkdir.

     Qeyd edilməlidir ki, muxtar respublikada ötən ildən sanator-kurort müalicələrinə başlanılıb və ilk olaraq Bakı və Sumqayıt şəhərlərindən  əlilliyi olan şəxslər 10 gün müddətində Duzdağ Fizio­terapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzində “Şorsu” palçığı ilə və digər fizio­terapevtik üsullarla müalicə alıblar.

     Bu gün fizioterapiya ilə müalicənin rayon və kənd səhiyyə müəssisələrində də aparılmasına şərait yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulub. İndi hətta ucqar dağ və sərhəd kəndlərində xəstələrin elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla, parafinlə, Solyusk lampası ilə müalicə aparatları   vardır.
   Hazırda muxtar respublika
əhalisinə 227 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Tibb müəssisələrində 725 həkim, 2108 orta tibb işçisi  çalışır ki, bu da muxtar respublika  üzrə hər on min  nəfərə görə əhalinin 15,9 həkimlə, 46,2 orta tibb işçisi ilə təmin olunması deməkdır. Həkimlərdən 107 nəfəri Azərbaycan və Naxçıvan Muxtar Respublikasının əməkdar həkimi adına layiq görülmüşdür. Onlardan 61-i hal-hazırda tibb müəssisələrində işləyir.        

    Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Tibb Kollecinin açılışında demişdir: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.
        Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində hər ay minlərlə insan ambulator və stasionar müalicə olunur. İndi
yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatları aparılmasına nail olunub. Artıq mürəkkəb cərrahi əməliyyatların da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını alıb. Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir. Sosial layihələr çərçivəsində təkcə 2018-ci ildə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 662 cərrahi əməliyyat, o cümlədən 9 ürək qüsuru olan uşaqlarda əməliyyat, 134 nəfər xəstədə göz və 519 nəfər xəstədə digər müxtəlif əməliyyatlar aparılmışdır.

   Muxtar respublikada əhali sağlamlığının və rifahının yüksəlişi, tibbi xidmətlərin keyfiyyətinin və əhatəliliyinin artırılması 1 yaşa qədər ölən uşaqların sayı üzrə göstəricini kəskin şəkildə aşağı salıb. Səhiyyənin inkişafı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı və digər bu kimi mühüm tədbirlər əsas demoqrafik göstərici olan doğulanda gözlənilən ömür uzunluğunun artımına ciddi təkan verib. Belə ki, 1995-ci ildə muxtar respublikada orta ömür uzunluğu 69 yaş, o cümlədən kişilərdə 65,3, qadınlarda isə 72,5 yaş təşkil edirdisə, indi bu göstərici 78,6 yaş, o cümlədən kişilər üçün 76,3, qadınlar üçün isə 80,9 yaş səviyyəsindədir.

    Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə də öz təsirini göstərib. Belə ki, muxtar respublikada 2018-ci ildə 5 min 247 usaq doğulub, 2 min 37 ölüm hadisəsi qeydə alınıb, təbii artım 3 min 210 nəfər, doğum göstəricisi 11,5, ölüm göstəricisi 4,5, 1 yaşa qədər uşaq ölümü 6 nəfər olmaqla 1,2 promilli təşkil edib.

   Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Ümumdünya Sağlamlıq Gününü yüksək nailiyyətlərlə qeyd edən Əcəmi yurdunun tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

               Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti