Duzdağ Fizioterapiya Mərkəzi

2019-04-05 / 12:31:04

  Naxçıvan Muxtar Respublikası zəngin yeraltı və yerüstü sərvətlərə malikdir. Bu qədim yurdun flora və faunası, nadir bitki örtüyü, havası, şəfa bulaqları min bir dərdin dərmanıdır. Ərazidə 200-dən çox mineral su bulağı, şəfa qaynaqları vardır. Ölkəmizin milli sərvəti olan bu şəfa qaynaqları müxtəlif xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyasına xidmət etməklə yanaşı, həm də   müalicə turizminin inkişafı üçün geniş imkanlar açır.

  Səhiyyə turizmində öncül mövqeyi olan Duzdağ Fizioterapiya Mərkəzi müalicəvi keyfiyyətlərinə görə dünyanın unikal şəfa ocaqlarından biridir. Naxçıvan şəhərindən 12,2 km aralıda, dəniz səviyyəsindən 1173 metr hündürlükdə yerləşən bu mərkəz 1979-cu ildə 50 çarpaylıq Duzdağ Fizioterapiya xəstəxanası  kimi fəaliyyətə başlayıb. Ötən 40 il ərzində müalicəyə gələnlərin sayı artdıqca genişləndirilib. Yeraltı və yerüstü şöbələrin müasir səhiyyə müəssisəsinə çevrilməsi  isə son 20 ilin payına düşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə 2005-ci ildə Duzdağ şaxtası müasir tələblərə uyğun yenidən qurulub və 2006-cı ildə yeni avadanlıqlarla təchiz edilərək çarpayıların sayı 250-ə çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 2008-ci il iyunun 4-də “Duzdağ” otelinin  açılış mərasimində Naxçıvan Fizioterapiya Mərkəzinin yerüstü və  yeraltı hissəsi ilə tanış olub və burada yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

  Mərkəzin yeraltı hissəsi duz mədənində ikinci əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə 10  işlənmiş ştrixdə yerləşir. Gecə və gündüz havanın temperaturu 18-20 dərəcəyə yaxın, atmosfer təzyiqi 682 millimetr civə sütunu, nisbi rütubət 24-50 faiz arasındadır. Şaxtada dəm, azot və metan qazı yoxdur, oksigen 20 faizə yaxındır. Burada duz qatının qalınlığı 8,2 metrə çatır. Duzun tərkibində natrium-xlor 98,4 faiz, kalsium 0,04 faiz, maqnezium 0,06 faizdir.

  Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır. Müalicə kursu böyüklər üçün 20-24 seans, uşaqlar üçün 14-18 seansdır. Xəstələr axşam saat 6-dan səhər 8-dək şaxtada olurlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70%, uşaqlarda isə 80-85% yaxşılaşma qeyd olunur.

   Xəstələr şaxtaya getməklə bərabər, lazım gələrsə bəzi dərman preparatları, fizioproseduralar, müalicəvi bədən tərbiyəsi, döş qəfəsinin masajları və s. alırlar. Mümkün qədər dərman preparatları az təyin edilir, yaxud müalicə prosesində dərmanların dozası tədricən azaldılır.

  Duzdağ Fizioterapiya Mərkəzinin digər Duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə adaptasiya olaraq girirlər.Yeraltı hissənin işlənmiş şahmatvari ştrixlərində ventilyasiya təbii, havanın axın sürəti normal, təbii yüksək disperli ionlar sabitdir. Yerləşdiyi sahə ekoloji cəhətdən yüksək təmizliyə malikdir. Məhz buna görə də hər il minlərlə insan Naxçıvana – Duzdağ Fizioterapiya Mərkəzinə üz tutur, burada şəfa tapır.

  Hazırda Duzdağ Fizioterapiya Mərkəzinin iki bolməsində  474 yer mövcuddur ki, bunun da  127 çarpayılıq bölməsi”Duzdağ” otelinin balansındadır.  Mərkəzin 4 qadın palatasında analarla yanaşı, həm də uşaqlar müalicə alırlar. Müraciət edənlərin sayı artdığından kişi palatasında  təmir  işləri aparılaraq genişləndirilir. Bu iş yaz mövsümündə tamamlandıqdan sonra çarpayıların sayı 65 ədəd artırılacaq  və beləliklə təlabatın daha çox artdığı  yay mövsümündə də pasiyentlərin müraciətləri təmin olunacaqdır.

   Mərkəzdə pasientlər üçün kafe,televizor otağı, kitabxana,mağaza, növbətçi tibb bacısı otağı mövcuddur. Burada yaradılan müasir infrastruktur şəraiti, ixtisaslı həkimlərin və texniki heyətin pasiyentlərlə yaxından maraqlanması və digər servislər istər müalicə məqsədilə gələnlər, istərsə də onları müşayiət edənlər üçün hər cür imkanlar yaradıb. Mərkəzdə 3 həkim, 13 orta, 21 kiçik tibb və xidmət işçisi iki növbədə qəbul olunan pasiyentlərə günboyu xidmət göstərir.

    Qeyd edildiyi kimi, şaxtada  “Duzdağ” Otelinin də 2 ayrı bölmədən ibarət müalicə mərkəzi vardır. Mərkəzdə 47 otaqda eyni anda 128 pasientin müalicəsi üçün rahat şərait yaradılmışdır. Burada da hər yaşdan və sosial kateqoriyadan olan insanların müalicəsinə imkanlar yaradılıb. 2-12 yaşlı uşaqlar  gündüz, 12 yaşdan yuxarı uşaqlar gecə ssstlarında müalicə alırlar.Mərkəzdə yerli sakinlərlə yanaşı, ölkəmizin dəniz sahili və rütubətli bölgələri olan Bakı və Sumqayıt şəhərlərindən, müxtəlif regionlardan gələn insanlar yuxarı tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün əlverişli imkan tapırlar. Bir çoxlarının yaxınlıqdakı “Duzdağ” otelində və şəhərdəki digər otellərdə qaldığı qonaqlar arasında Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin vətəndaşları vardır. Təbii müalicə ilə yanaşı,  324 yerlik beşulduzlu “Duzdağ” mehmanxanasında dərman müalicəsi, fizioteraperiya müalicəsi, müalicəvi bədən tərbiyəsi də tətbiq edilir. Mərkəzdə stolüstü tennis, bilyard stolları, trenajor zalı, sauna, hamam, stadion, üzgüçülük hovuzu da vardır. Uşaqlar üçün “Nağıllar aləmi” də yaradılıb. “Duzdağ” Otelinin Fizioterapiya mərkəzində səhiyyə işçiləri 24 saat pasiyentlərin xidmətindədir.

   Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələrə uyğun olaraq 2012-ci ildən başlayaraq hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsi təşkil edilir.

  Hazırda ölkəmizin sana­toriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunmasını əsas məqsəd kimi qarşıya qoyub. Belə ki, Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramında da qeyd olunduğu kimi kurort işi Azərbaycan Respublikasında dövlətin sosial-­iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb. Ötən il dekabrın 6-dan muxtar respublikanın digər səhiyyə müəssisələri ilə yanaşı, Duzdağ Fizioterapiya Mərkəzində də sanator-kurort müalicələrinə start verilib və əlilliyi olan şəxslərin 10 gün müddətində müalicə kursu keçməsi təşkil edilib. Müalicə prosesində təbii resurslardan istifadə öz bəhrəsini verməyə başlayıb.  Odur ki, Duzdağa sanator-kurort putyovkaları ilə göndərişlər cari il də davam edir.

     Duzdağda müalicə olunmaq istəyən insanların artan tələbatının ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il dekabrın 21-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Duzdağ Fizioterapiya Mərkəzinə publik hüquqi şəxs statusu verilib və Sərəncam 2018-ci il yanvarın 1-dən qüvvəyə minib. Bu statusla mərkəz insanların sağlamlığının bərpa olunması sahəsində daha səmərəli fəaliyyət göstərməyə başlayıb.

   Duzdağ həm də tariximizin, mədəniyyətimizin bir parçasıdır, dünənimizə işıq tutan möcüzələr məkanıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci il  sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” imzaladığı Sərəncam alimlərimizi  operativ tədqiqatlara sövq edib. Aparılan tədqiqatlar  belə deməyə əsas verir ki, Naxçıvanın şəhər kimi formalaşmasında Naxçıvan duzunun, Duzdağın böyük əhəmiyyəti olub. Naxçıvan şəhərinin formalaşması 5-7 min il bundan əvvəl Naxçıvanda ilk dəfə duzun çıxarılması ilə başlanıb. II əsrdə yunan alimi Klavdi Ptolomey, XVI əsrdə ərəb alimi Əl-Şərifi, XIX əsrdə rus alimi Konstantin Nikitin və bundan sonrakı dövrlərdə tədqiqat işləri aparan yerli tarixçilərimiz öz əsərlərində Naxçıvan şəhərinin formalaşmasının Nuh Peyğəmbərlə və duzun çıxarılması ilə bağlı olduğunu qeyd ediblər. Təbii ehtiyatları 90 milyon ton olan Duzdağda mənbələrə görə, Nuh Peyğəmbərin dövründən duz çıxarılmağa başlanılıb. Şöhrəti dünyaya səs salan İpək Yolundan əvvəl Naxçıvan ərazisindən Yaxın Şərq ölkələrinə “Duz yolu” uzanıb. Həmin ölkələrə buradan duz daşınıb. Etnoqrafik məlumatlara əsasən, Duzdağdan açıq üsulla duz çıxarılması XX əsrin ortalarına qədər mövcud olub. Sənaye üsulu ilə Duzdağdan 1927-ci ildən başlayaraq duz çıxarılıb.

   Hazırda Duzdağın və Naxçıvan şəhərinin qədim tarixi, burada yaradılmış Duz Muzeyi tanışlıq məqsədilə gələn turistlər üçün çox gözəl fürsət ­deməkdir.

 Bu il Duzdağ Fizioterapiya Mərkəzinin yaradılmasının 40 ili tamam olur. Naxçıvan səhiyyəsində özünə layiqli yer tutan Fizioterapiya Mərkəzi bundan sonra da nadir şəfa ocağı, sağlamlıq məkanı kimi Əcəmi yurduna əbədi şöhrət gətirəcəkdir.

  Əshabi-Kəhf ziyarətgahının, imamzadələrin, nəhayət, Peyğəmbər məzarının olduğu bu müqəddəs torpaqda insanlara əzab verən xəstəlikləri müalicə edən təbii şəfa mənbələrinin mövcudluğu bir çox mətləblərdən xəbər verir. Əshabi-Kəhfin  bizə mənəvi saflıq, Duzdağın  isə şəfa bəxş etdiyi bu yer həm də duaların, alqışların qəbul olunduğu bir  məkandır:

  Uca Yaradan ömrünüzü Duzdağı qədər uzun eləsin!

 

                                                                                             Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti