Məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib

2019-04-02 / 16:43:28

  Son illər uşaq əhalisinin, xüsusən məktəb yaşlı uşaqların sağlamlığının qorunmasına, onlarım müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

   Cari mövsümünün dərin tibbi müayinələri aprelin 2-dən 25-dək davam etdiriləcək. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan  tibb işçilərı ilə xəstəxananın dispanserizasiya barədə onlarla təlimati söhbətlər aparılıb, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb.

   Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası  tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə ediləcəkdir. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.  Dərin tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə start verilib. İlk gün 397 şagird dərin müayinədən keçirilib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində  əyriliklər, revmatizm xəstəlikləri aşkarlanıb. Xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.

    Muxtar respublikanın rayonlarında da məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib

   

      Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti