Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi öz bəhrəsini verir

2019-04-02 / 16:40:00

  Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Artıq muxtar respublikamızda bununla bağlı müəyyən işlər görülub, Ali Məclisinin Sədri  bu il martın 18-də Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb, dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə inteqrasiyasının təmin olunması, onlarda informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə müvafiq proqram təminatının yaradılması, habelə həmin tibb müəssisələrinin yeni maliyyələşmə mexanizmləri əsasında 2020-ci ildən tam fəaliyyətə başlamasının təminatı ilə əlaqədar zəruri tədbirlərin görülməsi məqsəuyğun hesab edilib.

  Qeyd edək ki,icbari tibbi sığorta əhalinin və dövlətin səhiyyənin maliyyələşməsində fəal iştirakını təmin etməklə sosial həmrəylik prinsipinə əsaslanır və səhiyyənin dayanıqlı, innovativ maliyyələşmə maliyyələşmə metodu hesab edilir. Muxtar respublikamızda icbari tibbi sığorta sahəsində keçmiş təcrübənin olmadığı  nəzərə alınaraq icbari tibbi sığortanın mərhələli qaydada həyata keçirilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də imzaladığı “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərmanına uyğun olaraq  ilk mərhələdə Sədərək rayonunda bu işə start verilib. “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 27 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə  Sədərək Rayon Mərkəzi Xəstəxanası publik hüquqi       şəxs   statusu alıb.

  Ötən      dövrdə Sədərək Rayon Mərkəzi Xəstəxanasında 23 kompüter quraşdırılıb, rayon əhalisi qeydiyyata alınıb, vahid məlumat bazası və server otağı yaradılıb. Xəstəxanada ən müasir texnoloji yenilikləri özündə birləşdirən stasionar tipli rəngli doppler USM cihazı, spirometr, kardiomonitor, pulsoksimetr, süni tənəffüs aparatı, lor kabinəsi üçün cərrahi avadanlıqlar dəsti, göz kabinəsi üçün biomikroskop, 4 böyütməli və göz təzyiqinin ölçülməsi üçün tonopenli, avtokeratorefraktometr, oftalmoloji proyektor, dioptrimetr, oftalmoskop, vitreoktomiya əməliyyatı üçün mikro və makro cərrahi alətlər dəsti, mirvari suyu və göz dibi iltihabı xəstəlikləri üçün Oertli OS4 markalı əməliyyat aparatı quraşdırılıb. Bu cihaz vasitəsilə min katarakt əməliyyatı, göz dibində vitreoktomiya və qlaukoma əməliyyatı həyata keçirmək mümkündür. Xəstəxananın təcili tibbi yardım avtomobili də planşetlə təmin edilib və “Səhiyyə informasiya idarəetmə sistemi”nə qoşulub.
Sığorta olunanlara İcbari Tibbi Sığorta Şəhadətnaməsinin verilməsi məqsədilə plastik kartlar alınıb.

  Qeyd edək ki, İcbari tibbi sığortanın baza zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ambulator müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr, fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar, uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar və müxtəlif xəstəliklər üzrə dispanser müşahidələr daxildir.     Sədərək rayonunda icbari tibbi sığorta sisteminin tətbiqilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tədbirlər planını hazırlanıb və onun icrası nəzarətə götürülüb. Tədbirlər planının icra  vəziyyəti xüsusi həkim komissiyası tərəfindən yoxlanılıb və nazirliyin kollegiyasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

  Hazırda Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən icbari tibbi sığorta çərçivəsində    vətəndaşlara  təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə (ailə həkimi) xidməti, ambulator şəraitdə müayinə və müalicə, stasionar müalicə, funksional-diaqnostik müayinələr -- USM, rentgen, EKQ və digər tibbi xidmətlər göstərilir.

  Fizioterapevtik xidmətlər, laborator müayinələr, hamiləlik və doğuş xidməti, təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.), uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası, cərrahi əməliyyatlar, müxtəlif xəstəliklər üzrə  dispanser müşahidə xidmətləri də xəstəxana üzərinə düşən vəzifələr sırasındadır.

  Ambulator qəbul və ilkin səhiyyə xidməti hər bir səhiyyə müəssisəsinin fəaliyyətində mühüm rol oynayan sahələrdən biridir. Qəbul  otağının həkimi Leyla Əlisoy tərəfindən ambulator müraciətlərin qeydiyyatı aparılır və  onların müayinə və müalicə tədbirləri  müəyyən edilərək istiqamətləndirilir. Sahə tibb bacıları tərəfindən sahədəki xroniki xəstələrə, uşaq və hamilələrin qeydiyyata alınmasına nəzarət olunur.

  Təcili və təxirəsalınmaz tibbi yardım vasitəsilə 646 xəstəyə təcili təxirəsalınmaz yardım göstərilib. Müraciətlər həkim müayinəsi, yaralanma, travma, əzələ, vena  daxili inyeksiyaların vurulması, venaya damcı üsulu ilə dərman yeridilməsi, qida zəhərlənməsi, hipertonik kriz,  bronxial astma, böyrək, öd sancısı, əqrəb sancma və digər vəziyyətlərə görə göstərilən yardımlar daxildir.

  Xəstəxananın stasionar şöbəsi 26 çarpayılıqdır. Onlardan 8-i terapevt, 6-sı pediatrik, 6-sı doğuş-ginekoloji, 2-si yoluxucu, 4-ü cərrahi xəstələr üçün ayrılıb. 2018-ci ilin iyun ayından 48 xəstə stasionar müalicə alıb və sağalma ilə evə ambulator müalicəyə yazılıb.   

  Funksional-diaqnostik müayinələr kabinəsində həkim-funksionalist  İsa Qasımov Yaponiya istehsalı olan USM aparatı vasitəsilə 527 xəstədə müayinə aparıb.

   Rentgen kabinəsində rentgenoqrafiya, portativ renoqrafiya və stomatoloji     rentgen aparatlarının hamısı işlək vəziyyətdədir. Tibbi sığorta sisteminə keçəndən sonra rentgen-texnik Cabbar Bağırov kabinədə 95 xəstədə rentgenoloji müayinə icra edib. EKQ kabinəsi də  pasiyentlərin ən çox müraciət etdikləri sahələrdəndir.

      Xəstəxanada fizioterapevtik aparatların hamısı işlək vəziyyətdədir.     Laborator kabinədə qanın, sidiyin  kliniki müayinəsi, qan qrupu müəyyən edilir. Eləcə də qanda şəkərin təyini müayinələri aparılır.

       Hamiləlik və doğuş xidməti ginekoloq Sabirə Quliyeva və mama Səadət Qasımova tərəfindən həyata keçirilir. Ötən müddətdə 11 fizioloji doğuş olub, 20 hamilə isə qeydiyyata alınıb.

  Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası da diqqət mərkəzində saxlanılir. Belə ki, qeyd olunan müddətdə 0-6-yaşlılar arasında 428 nəfərə təqvimə əsasən peyvəndlər vurulub. Vaksinator Nazirə Zamanovanın  çalışdığı kabinədə lazım olan tibbi avadanlıqlar, təcili yardım şkafında ehtiyac olan dərman preparatları var.

   Xəstəxanada cərrahi xidmət cərrah Vaqif Babayev, anestezioloq Cavid Ələsgərli tərəfindən həyata keçirilir. Onların səyi ilə qısa müddətdə bir neçə əməliyyat aparılıb. Xəstələr tam sağalma ilə təxliyyə olunub.

   Bütövlükdə, ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib.

  Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Bu ilin ilk rübündə 9 nəfər icbari tibbi sığorta ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Diaqnostika-Müalicə Mərkəzinə, Doğum Mərkəzinə və Kardioloji Mərkəzə müalicəyə göndərilib.

   Qeyd edək ki, bu ildən Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ali Məclisin Sədri yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirib və bir sıra tapşırıqlar verib.
   Şərur rayonunda həyata keçirilən tədbirlər, Uşaq Xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə lazımi şərait yaradıb.
  Belə ki,mərkəzi xəstəxananın təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Xəstəxananın laboratoriya şöbəsi yenidən qurulmuş, tibbi avadanlıq və cihazlarla təmin olunub. Yeni narkoz və süni tənəffüs aparatı alınıb, yenidoğulmuşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün transport küvez alınaraq quraşdırılıb. Şərur rayon Mərkəzi Xəstəxanasında və Uşaq Xəstəxanasında nümunəvi informasiya sistemi istifadəyə verilib.        Artıq ilkin tədbirlərin icrasına başlanılıb, rayon əhalisi üzrə məlumatlar toplanılıb. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə  də reyestrlər         yaradılıb.

   Bu gün muxtar respublika əhalisinin hər bir səhiyyə müəssisəsindən hərtərəfli yararlanmasına imkanı var. İcbari tibbi sığortanın tətbiqi bu imkanlardan daha səmərəli istifadə etməklə insanların sağlamlığının daha etibarlı şəkildə mühafizəsində  yeni mərhələyə çevriləcəkdir.
 

                                                                                      Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti