Tibbə dair yeni kitabın təqdimat mərasimi keçirilmişdir

2019-03-29 / 10:34:08

    Martın 28-də Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Tibb işçilərinin masaüstü kitabı”nın təqdimat mərasimi keçirilmişdir.

       Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva təqdimat mərasimində çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, elmin inkişafı sahəsində də mühüm işlər görülmüş, elmi mühit formalaşmışdır. Ötən illər ərzində Naxçıvanda tibb üzrə fəlsəfə doktoru və elmlər doktoru sahəsi üzrə  elmi iş müdafiə edən və elmi dərəcə alan bir sıra həkimlərimiz yetişmişdir.Eyni zamanda bu inkişaf tibbi təhsil sahəsində yeni tibbi ədəbiyyatların,monoqrafiyaların, metodiki vəsaitlərin,dərsliklərin yazılmasına səbəb olmuş,elmi əsərlər işıq üzü görmüş və oxucuların istifadəsinə verilmişdir. Təqdimatına toplaşdığımız “Tibb işçilərinin masaüstü kitabı” da bu sahədə atılan mühüm və təqdirəlayiq adımlardan biridir. Kitab nəfis tərtibatı və elmi dəyəri ilə seçilir. Bölmələrin biri digərini tamamlayır. Kitabda cərrahi alətlərin təsnifatı, 500-ə yaxın ənənəvi və müasir cərrahi alətin adı, funksiyası ilk dəfə Azərbaycan dilində verilmiş,ənənəvi və müasir cərrahi əməliyyatların texnikası, müqayisəli xüsusiyyətləri öz əksini tapmışdır.

     Səhiyyə işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün görülən işlər sırasında muxtar respublikada tibb elminə dair yeni kitabların nəşrinin mühüm əhəmiyyətini qeyd edən səhiyyə nazirinin müavini təqdimatı keçirilən kitabın praktik fəaliyyət göstərən bütün tibb işçiləri üçün faydalı olduğunu vurğulamış, müəllifləri təbrik etmişdir.
     Sonra Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı Elsevər Əsədov, Naxçıvan Tibb Kollecinin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Sona Məmmədova, Naxçıvan Muxtar Respublika Xəstəxanası Ümumi cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Məhərrəm Tarverdiyev kitabın ayrı-ayrı məziyyətlərindən danışmışlar.

     Kitabın həmmüəllifi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-cərrahı, Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin doktorantı, tibb üzrə fəlsəfə doktoru Etibar Bababəyli çıxış edərək bildirmişdir ki, akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr edilən bu kitab birgə zəhməti hesabına başa gəlmişdir. Müəllif kitabın nəşrini muxtar respublikada yaradılmış elmi mühitin bəhrəsi kimi dəyərləndirmiş, fəaliyyətinə və yaradıcılığına verilən yüksək qiymətə görə öz minnətdarlığını bildirmişdir.

         Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrifi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qərarı ilə çap olunmuş “Tibb işçilərinin masaüstü kitabı” 18 fəsildən, 528 səhifədən ibarətdir. Dərslikdə rəngli şəkillər və cədvəllərə geniş yer verilmişdir.” Tibbi deontologiya” bölməsində müəlliflər filosofların, təbiblərin, din və dövlət xadimlərinin, dahi mütəfəkkirlərin, şair və yazıçıların deontologiyaya dair dəyərli fikirləri, məsləhətləri öz əksini tapmışdır.

 

                                                                             Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti