Yer altındakı nemət, tükənməz sərvət

2019-03-19 / 14:48:44

   Naxçıvan Muxtar Respublikası ərazisində olan mineral bulaqlar, sular əhaliyə çox qədimdən məlum idi. Əhali bu bulaqlardan həm içməli, həm də müalicəvi məqsədlərlə istifadə edirdi.

   Spesifik geoloji və tektonik quruluş burada müxtəlif kimyəvi tərkibli, fiziki xüsusiyyətli, fərqli temperaturlu və debitli mineral və termal suların əmələ gəlməsinə şərait yaradıb. Naxçıvan Muxtar Respublikasının ərazisindəki mineral su yataqları iri və kiçik pozulmalar, çatlar və çat sistemləri boyu yayılaraq özünəməxsus qanunauyğun şəkildə yerləşib. Bu bulaqların əksəriyyəti Naxçıvanın tanınmış dağlarının ətərindən çıxır. Sanki bu mineral bulaqlar elə bu dağların da “göz yaşıdır”. Elmi ədəbiyyatda bu sular barədə məlumat 1930-cu ildən verilir.

   Geoloji tədqiqatlara qədər Naxçıvan ərazisindəki bütün mineral sular soyuq tipli hesab edilirdi. Bu bulaqlar qayalıq ərazilərdə qaya və daşların çatlarından çox sayda süzüb çıxır, zaman keçdikcə çöküntülər nəticəsində vulkan konusuna bənzər yüksəklik yaradır, konusun üzərindən isə lava yox mineral su qaynayıb çıxırdı. Ötən əsrin 80-ci illərinə qədər Vayxır kəndində Naxçıvan çayı sahilində və Vayxır kəndinin şərq hissəsində, quru çay dərəsinin kənarında təbii yolla səthə çıxan mineral bulaqlar əhalinin istirahət məkanı idi. Yerli əhali burda müalicə məqsədilə həm yuyunur, həm də daxili xəstəliklərin müalicəsində sudan içməklə istifadə edirdi. Yay aylarında bu bulaqların əhəmiyyəti daha da artırdı.

   Vayxır kəndindən cənub-şərqdə yerləşən Acısu bulağı, Şorsudərə və Kəbləağıl mineral bulaqlarından cənub-şərqə doğru uzanan Nəhəcir antiklinal qırışıqlığı böyük əhəmiyyət kəsb edir. Sürəməlik-Sirab sahəsində üst oliqosen, alt miosen çöküntüləri ilə örtüldüyündən Sirab antiklinalını aydın şəkildə görmək mümkündür.

   Acısu bulağı Sirab kəndinin ərazisindəki Sarıdağın ətəyində eyniadlı dərədə yerləşir. Burada kəşfiyyat xarakterli quyular qazılsa da suyun ehtiyatı az olduğu üçün kütləvi şəkildə istehsalı yoxdur. Amma təbii bu mineral bulaq da əhalinin əsas istirahət məkanlarından biridir. Tərkibində karbon qazının miqdarı çox olduğu üçün butulkalara doldurulub aparılır.

   Elmi tədqiqatlar göstərir ki, struktur cəhətdən Nəhəcir suyu da böyük maraq kəsb edir. Hazırda əhali bu bulaqdan da yay aylarında yuyunmaq üçün istifadə edir. Bu qırışıqlığın cənub-şərq istiqaməti boyunca Acısu bulaq, Şorsudərə, Kəbləağıl mineral su bulaqları uzanır. Antikinalın-yer çıxıntısının cənub-şərq qanadına Şorsudərə, Kəbləağıl və Coşqun bulaqları müvafiq gəlir.

   Mütəxəssislər deyirlər ki, dərinliyə görə 400-500 metr məsafəsində yerləşən bu bulaqlar soyuq tipli olub, tərkibinə görə 12 növə ayrılır. Əksəriyyəti vaxtilə təbii halda yerdən çıxan zaman yüksək qazlılığa malik idi. Naxçıvan təbiətinin zənginliyi ondadır ki, bu sular bir-birinə yaxın məsafədən çıxsalar belə, tərkibləri və temperaturu xeyli fərqlənir. Şorsu dərəsində kiçik şəlalənin yanında dərənin içində yerdən çıxan bulaq, ondan iki-üç metr aralı dərənin hər iki tərəfində qayaların çatlarından çıxan bulaqlardan, bunlardan da 4-5 metr aralı nisbətən hündür hissədə çıxan qazsız bulağın isə hər ikisindən fərqli olmasını söyləmək üçün mütəxəssis olmağa ehtiyac yoxdur. Şəlalədən 300-400 metr şərqdə daşın çatından təbii halda çıxan mineral su hələ qədimdən müalicə üçün istifadə edilib.

   Bu suların həm mədə-bağırsaq, həm də dəri xəstəliklərinin, oynaq ağrılarının müalicəsində faydasını görən adamlar uzaq məsafələrdən bura üz tuturdular.

    Şorsu dərəsindəki mineral bulaqların yaxınlığında Eneolit dövrünə aid, hələ də tədqiq edilməmiş yaşayış abidəsi mövcuddur. Görünür suyun ətrafında qədimdə insanlar məskunlaşıblar.

    O da maraqlıdır ki, mineral sulardan müalicəvi tozlar alınır və bunun böyük iqtisadi, tibbi əhəmiyyəti vardır. Tibbi Elmlər üzrə fəlsəfə doktoru Sevinc Məmmədovanın tətbiq etdiyi Culfa ərazisində çıxan Darıdağ mineral duzları ilə qəbul olunan müalicə vannaları böyük effekt verib. Ona görə də, böyük müalicəvi və iqtisadi əhəmiyyətə malik olan Sirab mineral su yatağındakı 8 və 12 saylı quyunun suyundan içmək üçün toz halında duzların alınması da mümkündür.

    Mineral sulardan quru qalığın (tozvari duzların) alınması üsulunu ilk dəfə olaraq R. Əliquliyev, A.Əliquliyev, N.Abdullayev işləyib hazırlamış və patentləşdirmişdirlər.

     Alınmış duzu bir stəkan suya 1,5 qram miqdarında (tozvari hissə) töküb qarışdırmaqla müalicəvi mineral suyu əldə etmək olar.

   Geoloji tədqiqatlardan sonra 400 metr və daha dərin qatlarda termal sular aşkarlandı ki, bu da bir çox xəstəliklərin müalicəsində istifadə edilir.

     Darıdağ Mərgümüşlü termal su yatağında Mirəli Qaşqay tərəfindən Naxçıvan Muxtar Respublikası ərazisində ilk dəfə 600-700 metr dərinlikdə temperaturu müsbət 39-52 dərəcə selsi olan termal sular aşkarlanıb.

  Darıdağ arsenli mineral suyunda qələvi elementlərinin də olması onun müalicə əhəmiyyətini yüksəldir: qidalanmanı yaxşılaşdırır, bəzi dəri və parazitli xəstəlikləri, qan xəstəliyini sağaldır. Qaraciyər, dalaq və isitmə xəstəliklərinin qarşısını alır.

    Orqanizmin bir sıra üzvlərinin möhkəmləndirilməsində və əsəb sisteminin normal vəziyyətə salınmasında isti mineral sulardan az miqdarda qaşıqla içmək və vanna şəklində qəbul etmək olar.

   Gülüstan kəndi yaxınlığında çıxan sular ən çox böyrək və öd yollarında olan daşların müalicəsində istifadə edilir. Bu su ilə müalicədən şəfa tapdıqlarını söyləyənlər çoxdur. Ancaq bütün hallarda bu cür müalicə həkim məsləhəti ilə aparılmalıdır. Bu müalicə suyunun da “Darıdağ” adı ilə sənaye üsulu istehsalına başlanıb. Burada istehsal sexi birbaşa bulağın üzərində tikilmişdir.

    Naxçıvanın bütün bu müalicəvi suları həm də turizmin inkişafı üçün mükəmməl mənbədir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti