Təbriz Tibb Elmləri Universitetinin rektoru Naxçıvanda

2019-03-18 / 16:27:47

   Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan qarşılıqlı əlaqələr səhiyyə sahəsində də tərəfdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sami martın 15-də  Naxçıvanda səfərdə olub.

   Naxçıvan Muxtar Respublika Xəstəxanasında qarşılanan qonaq əvvəlcə bu səhiyyə müəssisəsi ilə tanış olub. Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov Təbriz Tibb Elmləri Universiteti ilə qarşılıqlı əlaqələri bütövlükdə hər iki ölkənin səhiyyə sistemi arasında münasibətlərin  tərkib hissəsi kimi dəyərləndirib. Bildirib ki, bir il əvvəl Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İran İslam Respublikasının Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna dair Fəaliyyət Proqramınının  imzalanması bütövlükdə hər iki ölkı əhalisinin saglamlığının qorunmasına xidmət edir. Nazir onu da vurğulayıb ki, birgə əməkdaşlığa uyğun olaraq ötən il  muxtar respublikanın bir qrup həkimi  Qərbi Azərbaycan vilayətinə, urmiyalı    həkimlər isə Naxçıvana qarşılıqlı səfər ediblər.

   Naxçıvan Muxtar Respublikası Xəstəxanasınının şöbə və bölmələri ilə tanışlıq zamanı qonağa məlumat verilib ki, bu gün Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi dövlət qarşısında duran ən mühüm vəzifələrdəndir. Aparılan genişmiqyaslı islahatlar çərçivəsində səhiyyə ocaqları üçün yeni binalar tikilir, mövcud binalar yenidən qurularaq ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Naxçıvan Muxtar Respublikası Xəstəxanasını  çoxprofilli stasionar və ambulator tibbi yardım göstərən müalicə və profilaktika təyinatlı müəssisədir. Maddi-texniki bazanın möhkəmləndirilməsi,ən müasir tibbi avadanlıq,aparat və cihazların alınıb qurulması ilə yanaşı peşəkar kadr hazırlığı həmişə diqqət mərkəzində olub. Son illər yerli mütəxəssislərin peşə bacarığının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl digər tədbirlər onların peşə bacarıqlarının artırılmasında xüsusi rol oynayır. Bütün bunların nəticəsidir ki, artıq muxtar respublikanın yerli kadrları müstəqil şəkildə xəstələr üzərində  açıq ürək, angioqrafiya, laporoskopik, TUR, LOR, göz və digər mürəkkəb cərrahi  əməliyyatları uğurla həyata keçirirlər.

   Təbriz Tibb Elmləri Universitetinin rektoru Məhəmmədhüseyn Sami xəstəxana ilə tanışlığın onda xoş təəssüratlar yaratdığını, tibbi elmi tədqiqat, dərman təchizatı,kadr hazırlığı və digər sahələrdə qarşılıqlı əlaqələrin hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.

       Məhəmmədhüseyn Saminin səfəri xəstəxana ilə tanışlıqdan sonra başa çatmışdır.

 

     Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti