Xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib

2019-03-15 / 10:56:57

  Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən səhiyyə nazirliyi ümumi işlər sektorunun müdiri Sərxan Əkbərov və digər çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiya olunmaları diqqət mərkəzində saxlanılır.

 Bayram şənliyində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında tamaşalardan səhnəciklər göstərilib. Uşaqlar tədbirdə iştirak edən bayram personajları Kosa və Keçəllə birlikdə rəqs edərək şənləniblər.

Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti