Xroniki böyrək çatışmazlığı olan xəstələr üçün hemodializ seansları

2019-03-15 / 09:21:56

   Xroniki böyrək çatışmazlığı bu gün dünya tibb elminin qarşısını ala bilmədiyi ağır xəstəliklərdən biri olmaqla, həm də getdikcə daha geniş təşəkkül tapması sayəsində insan həyatına böyük təhlükə yaratmaqdadır. Bu xəstəlik nəticəsində insan böyrəklərində olan nefronlar – sadə dillə desək, süzgəc toxumalar sıradan çıxır və böyrəklər orqanizmin filtri rolunu oynaya bilmir. Bu isə orqanizmin zərərli maddələrlə yüklənməsinə, son nəticədə həyati əhəmiyyətli orqanların sıradan çıxmasına və ölümə gətirir. Mütəxəssislər bu xəstəliyin yaranmasının bir neçə mühüm səbəbini sadalayırlar ki, böyrəklərin xroniki ilthabı, irsi, allergik-immunoloji, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, birləşdirici toxumanın sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar bu sıradandır.

   Müasir dünyada xroniki böyrək çatmamazlığından əziyyət çəkən xəstələrin sayı ilbəil artır və bu xəstəliyə qarşı mübarizə səhiyyə sisteminin prioritet istiqamətlərindən biri sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2006-cı, 26 noyabr 2010-cu və 2016-2020-ci illəri əhatə edən 28 yanvar 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqram”ı bu xəstələrin dövlət qayğısı ilə əhatə olunmasında mühüm əhəmiyyətə malikdir. Tədbirlər Proqramı xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmişdir. Vəzifələr xroniki böyrək çatışmazlığı olan xəstələrin sayına uyğun olaraq, hemodializ mərkəzlərinin şəbəkəsinin genişləndirilməsindən, hemodializ mərkəzlərinin müvafiq tibbi avadanlıq və ləvazimatlarla təmin edilməsindən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ seansları və dərman preparatları ilə davamlı təminatından, ehtiyacı olan xəstələr üzərində böyrəkköçürmə əməliyyatlarının həyata keçirilməsindən, nefroloji xidmətin kadr potensialının gücləndirilməsi və əhalinin xroniki böyrək çatışmazlığının profilaktikası sahəsində maarifləndirilməsindən ibarətdir.

   Muxtar respublikada ilk dializ aparatı 2003-cü ildən istifadəyə verilib, hazırda isə 34 dializ aparati fəaliyyət göstərir. Onlardan 10 ədədi Naxçıvan Diaqnostika Müalicə Mərkəzində, 10 ədədi  Naxçıvan Muxtar Respublika Xəstəxanasında, 2 ədədi Culfa, 2 ədədi  Ordubad, 4 ədədi Şərur, 2 ədədi Babək, 2 ədədi Kəngərli, 2 ədədi isə Şahbuz rayon mərkəzi xəstəxanalarında yerləşir.

   Diaqnozu təsdiq olunduqdan sonra xəstələr Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində və Naxçıvan Muxtar Respublikası Xəstəxanasının dializ bölməsində qeydiyyata alınır və müalicə alaçağı tibb müəssisəsi müəyyənləşdirilir. Hazırda Muxtar Respublikası üzrə 129 dializ müalicəsi alan  xəstə qeydiyyatdadır ki bu da 2009-cu illə müqayisədə 4 dəfədən çoxdur.

    Xəstələrin 14-ü həftədə 2, 115-i isə 3 dəfə olmaqla, 4 saatlıq müalıcə  seansı qəbul edirlər. Ayda bir dəfə qanın kliniki,  biokimyəvi və mikroelementlərin müayinəsi aparılır. Xəstələrə artetio-venoz fistullar Naxçıvan Diaqnostika Müalicə Mərkəzində yerli həkimlər tərəfindən  qoyulur. 8 xəstədə isə daimi qalıcı kateterdən istifadə olunur. Bu xəstələrdə kateterin yuyulması üçün ayda  bir dəfə strptokinazadan istifadə edilir.

      Bütün xərcləri dövlət hesabına ödənilən bu xəstələrin Bakı şəhərinə, qonşu ölkələrə müalicəyə getməyə ehtiyac qalmır. Bütün xəstələrə istifadə olunan tibbi materiallar birdəfəlik olub, istifadə edildikdən sonra, zərərsizləşdirilərək utilizasiya olunur. Dializ şöbə və bölmələrdə calışan bütün tibb işcilərinə Hepatit B qarşı peyvənd vurulub, onlar vaxtaşırı olaraq tibbi müayinələrdən keçirilir. Şöbə və kabinələrdə təcili yardım şkafında baş verəcək ağırlaşmaların aradan qaldırılması üçün dərman preparatları vardır. Xəstələr hər ay protokola uyğun dərman preparatları ilə təmin olunurlar. Rayonlardakı dializ kabinələrində çalışan tbbi kadrların hazırlanması  Naxçıvan Diaqnostika Müalicə Mərkəzi və Naxçıvan Muxtar Respublikası Xəstəxanası tərəfindən həyata keçirilir. Muxtar respublikada 25 böyrək, 3 qara ciyər  köçürülmüş xəstə qeydiyyatda durur. Bu xəstələr də lazımı dərman preparatları ilə təmin olunurlar.

     Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə göstərilən tibbi xidməti daha da yaxşılaşdırılması yolları Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollegiya iclasında müzakirə olunmuş, müvafiq qərar qəbul edilmişdir.

     Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayının ilbəil atımı ilə əlaqədar gələcəkdə muxtar respublikaya yeni dializ aparatlarının gətirilməsi, Dializ şöbə və kabinələrdə çalışan tibbi kadr təminatının yaxşılaşdırılması, Dializ xəstələrinin vaxtlı-vaxtında  tibbi materiallar və dərman preparatları ilə  təchizatına diqqətin daha da artırılması, xəstələrə ayrılan dərmanların siyahısının dializ xəstələrinin müalicə protokuluna uyğun  tərtib edilməsi nəzərdə tutulmuş, nefroloq olmayan rayonlarda  xəstələrin müayinə - müalicə tədbirləri  mərkəzdəki yüksəkixtisaslı həkimlərə həvalə olunmuşdur.

    Dializ xəstələrinin müaynə və müalicə protokolundan səmərəli istifadə edilməsi,  

xəstələrdə qanın kliniki, biokimyəv, mikroelementlərin, qaraciyər sınaqlarının, qanla keçən infeksiyaların, həmçinin qanda zülal, xolisterin, lipoproteidlər, triqliseridlər, protrombin indeksi, ferritin, transferrin, qələvi fosfatazanın müayinələrinin  həkim   təyinatına uyğun olaraq  ehtiyac olan hallarda aparılması məqsədəuyğun sayılmış, hər bir xəstənin hemodializ müalicə proqramının (tezliyi və müddətinin) və dərmanların təyininin xəstənin vəziyyətinə, laborator göstəricilərin səviyyəsinə uyğun olaraq həkim tərəfindən müəyyən edilməsi barədə hemodializ müalicəsi həyata keçirilən tibb müəssisə rəhbərlərinə, dializ şöbəsinin (bölməsinin) həkimlərinə müvafiq tapşırıqlar verilmişdir.

             Həmçinin qeyri-sabit hemodinamika hallarında fosfatların göstəriciləri qənaətbəxş olmadıqda dializin vaxtının və tezliyinin artırılmasının müzakirə  olunması, dializ müalicəsi zamanı rast gəlinə biləcək ağırlaşmalar, hemoliz, pirogen reaksiya, hipotoniya, əzələ qıcolmaları,  təcili-təxirəsalınmaz yardım üçün şkafda dərman ehtiyatının  həmişə nəzərə alınması, şöbə və bölmənin sanitar-gigiyenik vəziyyətinə, müasir dezinfeksiyaedicilərdən istifadə olunmasına, tibbi tullantıların utilizasiyasına nəzarətin artırılması, dializ aparatlarının fəaliyyətinə, qorunmasına, ehtiyac olan hallarda təmirinə nəzarətin daha da gücləndirilməsi, tibbi personalın qanla keçən infeksiyalardan müdafiə tədbirlərinə nəzarətin daha da  artırılması  gündəlik fəaliyyət proqramı kimi nəzərdə tutulmuşdur.

   Rayonlarda  dializ müalicəsi alan bütün xəstələrinin müayinə müalicə tədbirlərinin  daim nəzarətdə saxlanılması  və əməli köməklik göstərilməsi üçün Naxçıvan Respublika Xəstəxanasının və Diaqnostika Müalicə Mərkəzinin dializ şöbələrinə  tapşırıqlar verilmişdir.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti