Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş maarifləndirici tədbir

2019-03-15 / 09:13:49

  Martın 14-də Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Şərur Rayon Mərkəzi Xəstəxanasında 24 Mart Beynəlxalq Vərəmlə Mübarizə Gününə dair elmi-praktik seminar keçirib.

  Dispanserin baş həkimi İlqar Rzayev “Vərəm xəstəliyinin diaqnostikası, müalicə və profilaktikasına yeni baxış” mövzusunda çıxış edərək  bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması  istiqamətində səyləri        gücləndirməkdir. Çünki vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan hər il 1,6 milyon insanın həyatına son qoyur və əsasən, əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır.

  Lakin bu mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.

 Sonra Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim-metodisti Məmməd­əli Ələkbərov “Vərəmin aşkarlanması strategiyası”, həkim-ftiziatr Zeynəb Bağırova “Vərəm əleyhinə dərmanların əlavə təsirləri və onların aradan qaldırılması yolları”, Bakterioloji laboratoriyanın müdiri Səbuhi Məmmədov “Vərəmin erkən aşkarlanmasında bakterioloji müayinənin əhəmiyyəti”,rentgen kabinəsinin müdiri  Sevda Rüstəmova “Vərəmin aşkarlanmasında şüa diaqnostikasının rolu”mövzularında çıxış ediblər.

 Çıxışlarda vərəm xəstəliyinin yayılmasının qarşısının alınması, vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması, vərəm xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi,  ilk tibbi yardım müəssisələrinin vərəm xəstəliyinin erkən aşkarlanmasıda və müalicəsində rolu, Naxçıvan Muxtar Respublikasında vərəmin müayinə və müalicəsi üçün görülən işlər haqqında məlumat verilib.

  Ftiziatrların, terapevt və pediatrların iştirak etdikləri tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası  barədə        bukletlər     paylanılıb.

   Xatırladırıq ki, 24 Mart Beynəlxalq Vərəmlə Mübarizə Gününə dair maarifləndirmə tədbirləri Culfa Rayon Mərkəzi Xəstəxanasında  və Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında da keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti