Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr edilmiş maarifləndirici tədbir

2019-03-11 / 16:02:45

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq  24 Mart Beynəlxalq Vərəmlə Mübarizə Gününə dair maarifləndirmə tədbirlərinə start verilib.

 Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri Culfa Rayon Mərkəzi Xəstəxanasında “Vərəm xəstəliyinin diaqnostikası,müalicə və profilaktikasına yeni baxış” mövzusunda elmi-praktik seminar keçirib. Dispanserin baş həkimi İlqar Rzayev   bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1993-cü ildən başlayaraq keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününün məqsədi qlobal vərəm epidemiyası haqqında məlumatlılığı artırmaq və bu xəstəliyin aradan qaldırılması  istiqamətində səyləri         gücləndirməkdir. Çünki vərəm gecikmiş mərhələdə qarşısı alına bilməyən xəstəlik olduğundan hər il 1,6 milyon insanın həyatına son qoyur və əsasən, əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır.

 Lakin bu mübarizəni bir an belə dayandırmadan müəyyən sabitliyə nail olmaq mümkündür. Bunun üçün əhalinin vərəm xəstəliyi ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq, insanlar arasında maarifləndirmə işi aparmaq vacibdir.

  Sonra Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin həkim-metodisti Məmməd­əli Ələkbərov “Vərəmin aşkarlanması strategiyası”, həkim-ftiziatr Zeynəb Bağırova “Vərəm əleyhinə dərmanların əlavə təsirləri və onların aradan qaldırılması yolları”, dispanser şöbəsinin müdiri Taliyə Xəlilova “Hamilə və zahı qadınlarda vərəm”mövzularında çıxış ediblər.

  Çıxışlarda vərəm xəstəliyinin yayılmasının qarşısının alınması, vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması, vərəm xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi,  ilk tibbi yardım müəssisələrinin vərəm xəstəliyinin erkən aşkarlanmasıda və müalicəsində rolu, Naxçıvan Muxtar Respublikasında vərəmin müayinə və müalicəsi üçün görülən işlər haqqında məlumat verilib.

   Ftiziatrların, terapevt və pediatrların iştirak etdikləri tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və onlara vərəmin profilaktikası  barədə        bukletlər     paylanılıb.

        

    24 Mart Beynəlxalq Vərəmlə Mübarizə Gününə dair maarifləndirmə tədbirləri Şərur Rayon Mərkəzi Xəstəxanasında  və Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında davam etdiriləcək.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti