Sədərəkdə dezinfeksiya tədbirləri davam etdirilir

2019-03-07 / 12:19:41

   Muxtar respublika ərazisində kəskin resperator virus infeksiyası ilə bağlı təhlükəli hala rast gəlinməsə də, hava şəraitinin qeyri-sabit keçməsi zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq ərazi GEM-lərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə ictimai yerlərdə,  xüsusən məktəb və bağçalarda kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezinfeksiya işləri  davam etdirilir.

   Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları ilk növbədə ictimai yerlərdəda dezinfeksiya işləri aparıblar. Bu iş Sədərək rayonunun Heydərabad qəsəbəsindəki şahmat məktəbində davam etdirilib, siniflərdə, qarderoblarda, dəhlizdə, sanitar qovşaqlarında və digər yerlərdə xlorlu əhəng məhlulu ilə dezinfeksiya işləri başa çatdırılıb, qapı dəstəkləri tənziflə sarınaraq alma sikəsi ilə nəmləndirilib.

   Hazırda dezinfeksiya tədbirləri ümumtəhsil məktəblərində və inzibati binalarda həyata keçirilir. Siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yeməkxanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri təşkil edilib. Tədbirin gedişində tibb işçiləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrinin girişində tibbi müşahidələr aparılır. Uşaqlar, müəllimlər, tərbiyəçilər və başqalarında kəskin resperator virus infeksiyası xəstəliyinə şübhəli hal aşkar olunduqda ambulator müalicəyə göndərilir. Hər iki saatdan bir otaqların havası təmizlənir. Bununla yanaşı, məktəb kollektivi və şagirdlər arasında səhiyyə maarifi işi aparılır. Kəskin resperator virus infeksiyası xəstəliyinin etiopatogenezi, epidemiologiyası, klinika, laborator diaqnostikası, müalicə və profilaktikası haqqında ətraflı məlumat verilir.

  Xatırladırıq ki, kəskin respirator virus infeksiyası Yer kürəsində ən çox yayılmış xəstəlikdir. Dünyada hər il 1 milyarddan çox insan bu xəstəliyə tutulur. Virus infeksiyaları əsasən uşaqlarda müşahidə olunur. Bu xəstəlik epidemik və pandemik yayılmağa meyillidir. İnfeksiya asanlıqla ötürülür və xəstəlik sürətlə yayılır.Odur ki, dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti