Şərur Rayon Uşaq Xəstəxanası hamiliyə götürülüb

2019-02-05 / 10:04:10

  Fevralın 2-də Şərur Rayon Uşaq Xəstəxanasında elmi-praktik seminar keçirilib. Tədbiri  Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, gələcəyimiz olan uşaqların sağlam böyüməsi ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması və Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması bu sahədə görülən işlərin davamıdır.

  Hazırda uşaq əhalisinə tibb xidməti göstərən səhiyyə kollektivləri qarşısında duran əsas vəzifə Dövlət Proqramının icrasına nail olmaq, eyni zamanda səhiyyə protokollarına əməl etməkdən ibarətdir. Xəstəxananın açılışında Ali Məclis Sədrinin dediyi kimi, yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən kadrların bilik və bacarıqlarının yüksəldilməsi sahəsində digər tədbirlər də nəzərdə tutulub. Yeni səhiyyə müəssisəsinin Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən  hamiliyə götürülməsi həmin tədbirlərin tərkib hissəsidir. Məqsəd isə burada çalışan heyətin yaradılmış maddi-texniki bazadan, müasir tibbi texnika və ləvazimatlardan daha səmərəli istifadəsinə köməklik göstərməkdən, tibbi kadrların peşə səviyyəsinin artırılmasına nail olmaqdan ibarətdir.

 Sonra Mərkəzi Uşaq Xəstəxanasının həkimləri -- pediatr İlkay Əliyeva, kardiorevmatoloq Aytən Rzayeva, yenidoğulmuşlar üçün pediatriya şöbəsinin müdiri Aytən Əhmədova,endokrinoloq Zümrüd Məmmədova və başqaları müxtəlif mövzularda çıxış edərək uşaqlar arasında xəstəliklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti olduğunu önə çəkiblər.

    Sonda Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkimləri səhiyyə müəssisəsinin maddi-texniki  bazası, uşaq əhalisinə göstərilən stasionar və poliklinika xidməti ilə yaxından tanış olublar.

 

     

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti