Həmyerlimiz Santyaqoda uğurlara imza atır

2019-02-01 / 11:20:34

  Bu gün muxtar respublikanın səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, Naxçıvan Tibb Kollecinin müasir tələblər səviyyəsində yenidən qurulması, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsinin məzunu,  Tibb üzrə fəlsəfə elmləri doktoru Elvin Əliyev də həmin mütəxəssislərdən biridir.

   O, 2013-cü ildə İspaniya Krallığının Santyaqo de Kompostela Universitetinin Tibb fakültəsində doktorantura pilləsinə qəbul olunub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkim-ordinatoru kimi tez-tez iş yoldaşları ilə əlaqə saxlayır, fəaliyyəti barədə  onları məlumatlandırır. Bildirir ki, bu ölkəyə gəldiyi ilk vaxtlarda bəzi çətinliklərlə rastlaşib. Çünki hər şey onun üçün tam fərqli və yeni idi: ölkə, mədəniyyət, din, dil və s. Amma önündə bir məqsəd vardı: təhsilini uğurla başa vurmaq və “Papilyar tiroid mikrokarsinomalarında hormonal reseptorlar və BRAF-ın klinik-patoloji tədqiqi. “Porto təklifi"nin təsdiqlənməsi” mövzusunda elmi işini müdafiə etmək. Buna görə də ilk işi elmi rəhbərləri ilə anlaşmaq və elmin dərinliklərinə yiyələnmək üçün qısa zaman ərzində ispan dilini yüksək səviyyədə öyrənmək olub. İspan dili yanaşı, türk, ingilis, rus və alman dillərinə yiyələnməsi onun elmi tədqiqat işinə mühüm fayda verib.

   Doktorantura təhsili müddətində zamanı doğru dəyərləndirmək və enerjisini faydalı işlərə sərf etməyə çalışıb. Çünki məlum olduğu kimi, Avropa ölkələrində elmi tədqiqatlar elmi tədqiqat qrupları tərəfindən həyata keçirilir. Elvinin də elmi tədqiqatı tibbin üç əsas sahəsinə əsaslandığına görə üç professorla birlikdə elmi araşdırmalar aparıb. Bunun üçün hər gün səhərlər Universitet xəstəxanasının Cərrahiyyə şöbəsində elmi rəhbəri professor Barreiro Morandeira ilə birlikdə xəstələrin müayinəsi və cərrahi əməliyyatların icrasını həyata keçirib. Bununla yanaşı cərrahiyyədə olan ən son yenilikləri öyrənməyə səy göstərib. Bu işdə Naxçıvan Muxtar Respublika Xəstəxanası və Diaqnostika Mərkəzinin həkim cərrahları ilə apardığı birgə əməliyyatlarının mühüm əhəmiyyəti olub. Tələbəlik illərində və fəaliyyət göstərdiyi doğma kollektivdə qazandığı nəzəri və praktik bilikləri daim onun köməyinə çatıb.

   Elvin bildirir ki, günortalar universitet xəstəxananın Patoloji Anatomiya şöbəsində digər elmi rəhbəri professor Manuel Kamesege Teixeiro ilə tiroid vəzi toxumalarıın makro və mikroskopik müayinə və diaqnostikasını icra etməklə yanaşı elmi rəhbərimdən bu sahədə olan yenilikləri və elmin sirlərini oyrənib. Digər tərəfdən elmi rəhbəri ilə tiroid mikro karsinomalarında hormonal reseptorların ifadəsini və molekulyar dəyişiklikləri, xüsusən BRAF mutasiyasını və bunların xərçəngin yaranmasında və inkişafında rolunun olub-olmamasını öyrənməyə çalışıblar.

  Elvin günün qalan hissəsini Molekulyar tibb və xronik xəstəliklər üzrə tədqiqat laboratoriyasında keçirib. Burada digər elmi rəhbəri professor Klara Alvarez Villamarinin tövsiyyələri və nəzarəti ilə elmi tədqiqatının önəmli məqsədlərindən olan coxsaylı immuno histokimya texnikasını inkişaf etdirməyə çalışıb. Eyni zamanda məqsədləri bu métodu insan toxumaları üzərində inkişaf etdirmək və gələcəkdə xəstəliklərin diaqnostikasında tətbiq etmək olub. Buna görə əksər hallarda günlərlə laboratoriyada gecələyib. Nəhayət elmi rəhbəriylə birlikdə bu metodla prostat vəzi, süd vəzi ve tiroid vəzinin normal və şiş toxumalarında üç müxtəlif hormonal reseptorların və digər transkripsiya amillərin eyni bir nümunə üzərində, hətta eyni bir hüceyrədə ifadəsini aşkarlamağa nail olublar. Sadə, bəsit immuno histo kimyadan fərqli olaraq bu metodun onkoloji xəstəliklərin diaqnostikası və müalicəsində daha çox fayda verəcəyi qənaətinə gəliblər.

  Elvin tibb üzrə bir neçə imtahandan uğurla keçərək Tibb diplomunu İspaniyada tanıtmağa nail olub. O, doktorantura ərzində təhsilə aid bütün tələbləri vaxtında, düzgün və səlis şəkildə yerinə yetirməklə yanaşı, bir çox elmi məqalələr nəşr etdirməyə və çoxlu sayda yerli və beynəlxalq konfranslarda çıxış etməyə müvəffəq olub. Nəhayət  2018-ci ildə elmi işinin praktik və nəzəri tərəflərini yekunlaşdırıb, bu il  yanvarın 11-də çox yüksək qiymətlə müdafiə edib. Artıq çox səbirsizliklə doktorantura diplomunu gözləyir.

  Elvin deyir ki, elmi fəaliyyəti ilə yanaşı milli mədəni dəyərlərimiz, dilimiz, dinimiz, mədəniyyətimiz, qonaqpərvərliyimiz, hətta milli mətbəximizi tanıtmağa tanıtmağa çalışıb. Madriddə səfirliyimizin təşkil etdiyi “Xocalı Soyqırımı”, “20 yanvar”  kimi tədbirlərdə iştirak edib, lazımi köməklikləri göstərməyi özünə borc bilmişəm. 

 Elvin gənc mütəxəssislərin xarici ölkələrdə təcrübə mübadiləsinə, təkmilləşdirmə kurslarına,doktoranturaya göndərilməsini gənclərə göstərilən dövlət qayğısın bəhrəsi kimi dəyərləndirir və qazandığı nailiyyətlərə görə muxtar respublika rəhbərliyinə öz minnətdarlığını bildirir. Artıq tezislər şəklində nəşr olunmuş kitabın ön səhifələrində də deyilənlər öz əksini tapıb. O, yenidən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsində işləmək və təcrübəsini həmkarları ilə bölüşmək, onlarla birlikdə yenilikləri tətbiq etmək arzusundadır. Digər tərəfdən elmi fəaliyyətini davam etdirmək  istəyindədir. Elvin bildirir ki, internet üzərindən, mətbuatdan Naxçıvan səhiyyəsində olan yeniliklərdən xəbər alır. Her yeni nailiyyət onu sevindirir və burada işləməyə, fəaliyyət göstərməyə ruhlandırır. Şahidi olur ki, ölkəmiz, eləcə də muxtar respublikamız günü-gündən inkişaf edir, çiçəklənir. Tərəqqinin iştirakçısı olmaq, ona töhfə vermək isə Elvinin ən böyük arzusudur.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti