Dövlət Proqramı sağlam gələcəyimizə xidmət edir

2019-01-29 / 11:56:36

  Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar xalqın gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edir. Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Mən həyatımın, bu günümün, gələcəyimin xoşbəxtliyini məhz uşaqlara qayğıda, diqqətdə görürəm”, – deyən dahi şəxsiyyət onların layiqli vətəndaş kimi formalaşdırılmasını  hər bir dövlətin başlıca sosial məsuliyyətlərindən biri kimi belə dəyərləndirirdi: ”Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır.”

  Ulu öndərin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün muxtar respublikamızda da uğurla həyata keçirilir, müxtəlif təbəqələrdən olan uşaqların hər birinə xüsusi diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dediyi kimi,: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.

  Hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət     yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstə­liklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası  Səhiyyə Nazirliyi    tərəfindən xüsusu tədbirlər planı hazırlanaraq  ötən  ildən Dövlət Proqramının icrasına başlanılıb.

  Sərəncamda da qeyd olunduğu kimi,  Dövlət Proqramının məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. Bu məqsədlə  hazırda muxtar respublikada 227 tibb müəssisəsi tərəfindən uşaqlara müasir səviyyədə xidmət göstərilir. Müasir standartlara cavab verən Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Ə.Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası, Doğum Perinatal Mərkəzi, Uşaq Reablitasiya Bərpa Mərkəzi, Duzdağ Fizioterapiya Mərkəzi, Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, rayon mərkəzi və kənd sahə xəstəxanaları, kənd həkim ambulatoriyaları və feldşer mama məntəqələri bu gün eyni zamanda uşaqların sağlamlığı keşiyindədir. Ötən il Ə. Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası əsaslı təmir və yenidən qurulub, maddi-texniki bazası yenilənib, müasir standartlara cavab verən avadanlıqlarla təmin olunub. Ali Məclis Sədrinin tapşırığı ilə Şərur Rayon Uşaq Xəstəxanası yaradılıb və  müasir, dünya standartlarına uyğun tibbi avadanlıqlarla  təhciz  edilərək yanvarın 24-də istifadəyə verilib.

  Həmin tibb müəssisələrində uşaq əhalisinə  tibbi yardım üçün Naxçıvan şəhərində 23 sahə, bu sahələrə nəzarət edən 16 həkim-pediatr, 33 nəfər tibb bacısı fəaliyyət göstərir. Sahə pediatrları və tibb bacıları tərəfindən mütəmadi olaraq sahələrə nəzarət olunur, yeni doğulmuş uşaqların qeydiyyatı və peyvəndə cəlb olunması işləri həyata keçirilir. 2018-ci ildə uşaq əhalisinə ixtisaslaşmış tibbi xidmət göstərmək məqsədilə ixtisas həkimlərindən ibarət  həkim briqadaları tərəfindən pediatr olmayan, yaxud sərhəd zonalarda yerləşən ucqar dağ kəndlərində 12 min 359 uşaq  müayinə olunub, ehtiyacı olanlara tibbi xidmət göstərilib.

  İcbari  dispanserizasiya  ilə əhatə olunmuş uşaqların elektron qeydiyyatı Naxçıvan  Muxtar  Respublikası  Səhiyyə Nazirliyinin  Tibbi yardımın təşkili şöbəsi tərəfindən həyata keçirilir. Ə.Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası və Şərur Rayon Uşaq Xəstəxanasında səhiyyə informasiya sistemi yaradılaraq  dispanserizasiyadan keçmiş uşaqların  elektron  qeydiyyatı  aparılır.

  Dövlət təhsil müəssisələrində o cümlədən, bütün məktəb və bağçalarda pulsuz ilkin tibbi yardım xidməti təşkil olunub. Naxçıvan şəhərində 20 məktəb və bu məktəblərin hər birində pediatr və tibb bacısı fəaliyyət göstərir. Rayonlarda və kəndlərdə isə rayonun və ya kəndin tibb müəssisəsinin pediatr və tibb bacıları tərəfindən həmin məktəbdə oxuyan uşaqlar arasında dispanserizasiya, ilkin tibbi yardım, yoluxucu xəstəliklərin erkən aşkar olunması və müayinələrə cəlb olunması, profilaktik peyvəndlərin vaxtında vurulması, Diaskin testlərinin  nəticələrinin duzgun qeydiyyatı, həmcinin hiperergig reaksiyalı uşaqların Naxçıvan  Muxtar  Respublikası  Ağciyər Xəstəlikləri Dispanserində ixtisasli həkimlər tərəfindən müayinəsi və müalicəsinin təmin olunması, qida blokuna nəzarət daim diqqət mərkəzindədir.

  Ötən ilin oktyabr ayından uşaqların növbəti icbari dispanserizasiyasına start verilib. 21 min 946 uşaq müayinə olunub, 7 min 281 nəfər müxtəlif xəstəliklərə görə dispanser qeydiyyata götürülüb. Bəzilərinin valideynləri ilə maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlar ixtisas həkimlərinə yönləndilib. Rayonlar  üzrə  dispanserizasiyaya  cəlb olunan uşaqların sayı   9 min 991  nəfər  təşkil edib.

  Uşaqlar arasında qurd invaziyalarının qarşısının alınması üçün şəhər və rayon Gigiyena və Epedemiologiya Mərkəzləri tərəfindən ildə iki dəfə profilaktik müayinələr aparılır. Müayinə nəticələrinə uyğun olaraq 2019-cu il üçün  qurd əleyhinə 6 min “Mebendazol” tablet sifariş verilərək gətirilib və orta məktəb şagirdlərinə müalicəvi və profilaktik dozada təyin olunması nəzərdə tutulub.

  Həm sahə həkimi və tibb bacıları, həm də məktəbə nəzarət edən pediatr və tibb bacısı uşaqlar və valideynlər arasında sanitar-gigiyenik qaydalar, həmçinin peyvəndlərin əhəmiyyəti və vurulma səbəbləri, uşaqların düzgün qidalanması və aktiv həyat tərzinin faydaları haqqında maarifləndirici söhbətlər aparır. Hər il muxtar respublikada bütün pediatrların və pediatriya sahəsində işləyən tibb bacılarının iştirakı ilə “Pediatriyanın aktual problemləri” mövzusunda geniş konfrans keçirilir. Xüsusən 1 yaşa qədər uşaqların yoluxucu xəstəliklərdən qorunması məqsədilə 2011- ci ildə yeni əlavələr edilmiş milli peyvənd təqvimindən istifadə olunur. Təkcə ötən il Doğum Mərkəzində və doğum şöbələrində doğulan 5 min 247 uşağa 12 saat ərzində hepatit B, 7 gün müddətində BÇJ peyvəndləri vurulub, poliomielit peyvəndi damcı şəklində verilib. 2 aylığından uşaqlara Pentavaksin peyvəndi və digər peyvəndlər vurulub. Bütün bunların nəticəsidir ki, muxtar respublikada  idarəolunan yoluxucu xəstəliklərin  qarşısı alınıb.                   

 

  2009-cu ildən elektron sağlamlıq kartlarının tətbiqinə başlanılıb.  Təkcə ötən il 1457  elektron kart alınıb valideynlərə paylanılıb. Qaçqın və şəhid ailərinin uşaqlarına, dövlət proqramı ilə əhatə olunmuş və imtiyazlı uşaqlara, yaxud valideynlərinin həyat şəraiti çətin olan uşaqlara yaş həddi qoyulmadan hər növ tibbi yardımın pulsuz göstərilməsi təmin olunub. Həmçinin sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası üçün səhiyyə nazirliyi tərəfindən 28 nəfər əlil uşaq Naxçıvan  Muxtar  Respublikası  Uşaq  Bərpa Mərkəzinə  göndərilib.

Ötən il övladlığa götürülən 3 yaşınadək 11 uşaq səhiyyə nazirliyində mərkəzləşdirilmiş qeydiyyata alınaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat verilib. Muxtar respublika və rayon gigiyena və epedimemiologiya mərkəzləri tərəfindən qanunvericiliyə uyğun olaraq hər il azı iki dəfə olmaqla məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə reydlər aparılır, sanitar gigiyenik vəziyyətə, uşaqlara verilən qida məhsullarının keyfiyyətinə və günlük qida rasionlarının yetərli və tərkibinin çeşidli olmasına nəzarət edilir.

       Valideynlərini itirmiş, yaxud valideynlərinin həyat şəraiti çətin olan əlil və qüsurlu uşaqların aşkar edilməsi və qeydiyyata alınması daim diqqətdə saxlanılır, həmin uşaqların Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə göndərilməsi həyata keçirilir. Bu müəssisədə 10 nəfər fiziki qüsurlu uşağa valideynə dəstək məqsədilə qulluq edilir.

  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisələrində uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə pediatriya sahəsində tibbi kadrların yetişdirilməsi, həkimlərin peşə hazırlıq səviyyəsinin yüksəldilməsi üçün ixtisas və təkmilləşdirmə kurslarına göndərilməsi işi daim təşkil olunur. Təkcə ötən il Türkiyə Respublikasının müxtəlif şəhərlərindəki araşdırma xəstəxanalarına və Bakı şəhərinə 50-yə yaxın həkim və orta tibb işçisi kurslara göndərilib. 132 nəfər tibb bacısı isə Naxçıvan tibb müəssisələrində iş yerində təcrübə üçün kurs keçib. Peyvəndlərin düzgün vurulması və ağırlaşmaların olmaması məqsədilə 30 vaksinatorun Naxçıvan Tibb Kollecində kursa göndərilməsi təmin olunub.

  Həkim təyinatı olmadan narkotik və psixotrop dərmanların satışının qadağan olunması daim diqqətdə saxlanılır. İldə iki dəfə olmaqla səhiyyə nazirliyinin Əczaçılıq və dərman vasitələrinin reyestri sektoru tərəfindən əczaxanalarda yoxlamalar aparılır, dərman preparatlarının həm reseptə uyğun verilməsi, həm də saxlanılma şəraiti  daim nəzarətdə saxlanılır.

  Keçən il talassemiyalı və hemofiliyalı uşaqlarda  hepatit  virusunun qanla yoluxma ehtimalı olduğuna gorə bu virusa  görə  profilaktik  peyvəndi  aparılıb.Həmçinin mövsümi xəstəliklər və onlardan qorunma yolları, uşaqların düzgün qidalanması,  böyüməkdə olan orqanizmin sağlam olması üçün aktiv həyat tərzinin vacibliyi haqqında  səhiyyə maarifi işi aparılır. Hər il “Antibiotiklərə dur” devizi ilə keçirilən konfranslarda usaqlara təyin olunan antibiotiklərin zərərləri və dozalanmanın duzgün olmasının vacibliyi haqqında geniş məlumatlar verilir, müzakirələr aparılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Surasının qərarı ilə  Ə.Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının həkimləri tərəfindən “Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitab hazırlanaraq uşaqlarda ən çox rast gəlinən xəstəliklər haqqında geniş və əhəmiyyətli  məlumatlar  verilib.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur  Rayon Uşaq Xəstəxanasının açılışında Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini, eyni zamanda səhiyyə protokollarına əməl edilməsini kollektivin qarşısında duran əsas vəzifə kimi irəli sürüb. Bu vəzifələr uşaq əhalisinə  tibbi yardım göstərən bütün səhiyyə müəssisələrinə aiddir. Həmin müəssisələrdə yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan       verəcəkdir.
          Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur. Cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan uşaqlara hər bir vətəndaşın diqqəti, qayğısı və sevgisi lazımdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti