Səhiyyə nazirliyində ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

2019-01-28 / 12:35:31

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2018-ci ildə görülmüş işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir Niyazi Novruzov qeyd edib ki, əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də muxtar respublikamızın iqtisadi və sosial həyatında bütün sahələrdə inkişafa nail olunub. Əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksədilməsi istiqamətində də işlər davam etdirilib. Ali Məclis Sədrinin sessiyadakı çıxışında deyildiyi kimi, səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə 2018-ci ildən Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının binası yenidən qurulub, Şərur rayonunun Ərəbyengicə və İbadulla, Babək rayonunun Aşağı Buzqov, Culfa rayonunun Qazançı kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Kosacan, Babək rayonunun Yuxarı Buzqov, Culfa rayonunun Dizə kəndlərində feldşer-mama məntəqələri üçün yeni binalar istifadəyə verilib. Şərur rayonunun Kərimbəyli, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyalarının tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının isə yenidən qurulması davam etdirilib. Ötən il Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin təqdim olunması xidmətin təşkilində keyfiyyətcə yeni mərhələ açıb.

  Nazir bildirib ki, hesabat ilində də səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter alıb.

   Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların səmərəliliyi, əhalinin yaşayış standartlarının davamlı yüksəlişi, güzəranının daha da yaxşılaşması, müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artırılması və ümumiyyətlə əhali rifahının davamlı yüksəlişi demoqrafik vəziyyətə də öz təsirini göstərib. Belə ki, muxtar respublikada 2018-ci ildə 5 min 247 usaq doğulub, 2 min 37 ölüm hadisəsi qeydə alınıb, təbii artım 3 min 210 nəfər, doğum göstəricisi 11,5, ölüm göstəricisi 4,5, 1 yaşa qədər uşaq ölümü 6 nəfər olmaqla 1,2 promilli təşkil edib.

   Diqqətə çatdırılıb ki, muxtar  respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə-müalicə işaparıb. Təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçik yaşlı uşaqlar arasında tuberkulin və disakin test sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəb yaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri davam etdirilib. 

 

http://naxcivantv.az/images/xeberler/2019/YANVAR/23/11073_5c487e0cef34d.jpg

   Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsindı işlərin həcminin və keyfiyyətinin artirilması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 9 oktyabr 2018-ci il tarixli “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət proqramı”nın icrasına başlanılıb. Uşaqlara göstərilən tibbi xidmət səviyyəsinin yüksəldilməsi, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması, uşaqların icbari dispanzerizasiyasının aparılması istiqamətində müəyyən nəticələr əldə edilib. Həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, yeni avadanlıqlarla təmin edilməsi, Şərur rayon uşaq xəstəxanasının yaradılması, binanın müasir üslubda yenidən qurulması və müasir avadanlıqlarla təchiz edilməsi, Ə.Əliyev adına Naxçıvan mərkəzi uşaq xəstəxanasının yenidən qurulması proqramın icrası istiqamətində görülən işlərdəndir. Şərur rayon uşaq xəstəxanasında uşaqların qeydiyyatının dəqiq aparılması, dispanserizasiya zamanı aparılmış müayinə və müalicə, sağlamlaşdırıcı tədbirlərın elektron qeydiyyatının aparılması və dispanserizasiya ilə əhatə olunmuş uşaqların registrinin təkmiləşdirilməsi üçün Şərur rayon mərkəzi xəstəxanasına inteqrasiya olunmuş nümunəvi səhiyyə informasiya sistemi və səhiyyə nazirliyində dispanserizasiyadan keçən uşaqların elektron qeydiyyatı yaradılmışdır.

  Nazir qeyd edib ki, il ərzində səhiyyə sahəsində digər dövlət proqramlarının icrası diqqət mərkəzində saxlanılıb. Belə ki, səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı daima nəzarətdə saxlanılır. Şəhər və rayon xəstəxanalarında 34 hemodializ aparatı qurulub.Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 123 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb.

  Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün hər bir şərait yaradılmışdır. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb.

  Nazir Naxçıvanda səhiyyə turizminin  də diqqətdə saxlanıldığı, bu sahədə müəyyən işlər görüldüyü barədə deyib ki, Duzdağ Fizio­terapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası, Diaqnostika-Müalicə Mərkəzində aparılan “Şorsu” vulkanik palçığı ilə müalicələr eyni zamanda səhiyyə turizminin inkişafına da stimul verir. Nəticədə, muxtar respublikada 2018-ci ildən sanator-kurort müalicələrinə başlanılıb və ilk olaraq Azərbaycanın digər rayonlarından 198 əlilliyi olan şəxsin müalicə kursu keçməsi təşkil edilib. Naxçıvan Muxtar Respublikası Diaq­nostika-Müalicə Mərkəzi publik hüquqi şəxsində “Şorsu” palçığı ilə müalicəyə gələnlərin sayı get-gedə artmaqdadır.

   Bu gün fizioterapevtik müalicələrin rayon və kənd səhiyyə müəssisələrində də aparılmasına şərait yaradılıb. Ali Məclis Sədrinin tapşırığı ilə fizioterapevtik avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulub, həmin cihazlarda işləmək üçün kadırlar hazırlanıb.

    Diqqətə çatdırılıb ki, hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çox saylı seminar və konfranslar keçirilmiş, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərilib, həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.

   Bu müddət ərzində müxtəlif klinikalardan yüksək ixtisaslı həkimlər və kollektivlər Muxtar Respublikaya dəvət olunmuş və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyatlar aparıb. Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır. Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü demək olar ki, kəsilib. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla, müxtəlif yaş qruplarının dispanserizasiya tədbirləri ardıcıl davam etdirilir.

    Naxçıvan Muxtar Respublika ərazisində Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə 27 dekabr 2016-cı il tarixdə Ali Məclisdə keçirilmiş müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarının icrası məqsədilə işlər bu gün də aparılır.

    Sonra məruzə ətrafında Nazirliyin   Statistika və İnformatika sektorunun müdiri   Kəmalə Həsənova, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov, Babək  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Asiman Yusifov, nazirliyin Ümumi İşlər sektorunun  aparıcı məsləhətçisi Məhsəti Allahyarovanın çıxışları dinlənilib və nazirliyin 2019-cu il üçün iş planı təsdiq edilib.

 

           Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti