Müstəqil Azərbaycanın memarı

2022-05-10 / 11:28:04

Tarixi proseslərə nəzər saldıqda bir daha aydın olur ki, ictimai-siyasi proseslərdə məhz əsl liderlər məsuliyyəti öz üzərlərinə götürərək xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs idealların gerçəkləşməsində həlledici rol oynayır, bununla da özlərinə əbədiyaşarlıq qazanırlar. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir – zamanın ən sərt sınaqlarından çıxmış bu insanlar bütün bir milləti, ölkəni fəlakətlərdən xilas edir, onu işıqlı gələcəyə aparır. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Xalqımızın müstəqillik arzusunu gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan ulu öndərimiz həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir.

Ümummilli liderimiz siyasi müdriklik və düha ilə hələ totalitar sovet rejimi dövründə Azərbaycan xalqının müstəqil dövlətçilik konsepsiyasını formalaşdırmış, sonralar isə ilk tarixi fürsətdə elə özü də bu mühüm siyasi konsepsiyanı həyata keçirmişdir. Dahi öndərin böyük siyasətdə qət etdiyi çətin və şərəfli yol, siyasi iradə və obyektiv mövqe, atdığı qətiyyətli addımlar, Azərbaycan xalqı və dövlətçiliyinə bəxş etdiyi töhfələr əsl məktəbdir. Ulu öndər Heydər Əliyev siyasi məktəbi.

1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan, gəncliyindən öz dərin zəkası və fitri istedadı ilə seçilən, dövlət idarəçiliyi sirlərinə yiyələnən ulu öndər Heydər Əliyev deyirdi: “Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”.

Dahi şəxsiyyət 1969-1982-ci illərdə respublikaya rəhbər seçiləndən sonra Azərbaycan qısa müddətdə geridə qalmış aqrar bir bölgədən ittifaq tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrilmişdi. Həmin dövrdə ulu öndərin birbaşa təşəbbüsü və rəhbərliyi ilə respublikamızda sənaye və kənd təsərrüfatının inkişafına yönəlmiş çox mühüm qərarlar qəbul edilmiş, yüzlərlə sənaye, təhsil, mədəniyyət, səhiyyə müəssisələri, yeni yaşayış binaları tikilmiş, parklar və körpülər salınmış, milli kadrların hazırlanması diqqət mərkəzində saxlanılmışdır. Xüsusilə gələcək müstəqil Azərbaycanın əsas dayağına çevriləcək milli ordu quruculuğu siyasəti ön planda olmuşdur. Təsadüfi deyil ki, Azərbaycanda siyasi rəhbərliyə gəlişindən çox qısa bir dövr keçməsinə baxmayaraq, ulu öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi təmayüllü məktəb – Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır. Həmin hərbi məktəbin yaradılması ilə milli hərbi kadrların formalaşdırılması yeni mərhələyə qədəm qoymuşdur. Bu gün ölkəmizdə hərbi uğurların təməli də məhz həmin dövrdə atılmış bu cəsarətli addıma əsaslanır.

Görkəmli dövlət xadimi 1982-1987-ci illərdə Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək dövlət vəzifələrində fəaliyyət göstərəndə də Azərbaycanın mənafeyini hər zaman üstün tutmuşdur. Təsadüfi deyil ki, dahi şəxsiyyət SSRİ rəhbərliyində təmsil olunan zaman erməni şovinistləri respublikamıza qarşı əsassız ərazi iddiaları irəli sürməyə cəsarət edə bilməmişlər. Buna görədir ki, böyük təzyiqlər nəticəsində 1987-ci ildə ulu öndər siyasi hakimiyyətdən uzaqlaşandan iki həftə sonra Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisinin müstəqilliyi məsələsi gündəliyə çıxarılmışdı. Erməni millətçiləri və onların Moskvadakı havadarlarının Azərbaycana qarşı təzyiqləri davamlı xarakter almış, nəticədə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə paytaxt Bakı şəhərinə hərbi qoşun qüvvələri yeridilmişdir. Həmin vaxt böyük siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gedən ulu öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunu və şəxsən baş katib Mixail Qorbaçovu kəskin şəkildə ittiham edərək baş vermiş hadisənin hərbi cinayət olduğunu bütün dünyaya çatdırmışdır. Bundan sonra ulu öndərə qarşı böyük təzyiqlər başlanmış, dahi şəxsiyyət 1990-cı il iyul ayının 20-də Bakıya, iki gün sonra isə doğulub boya-başa çatdığı Naxçıvana gəlmiş, burada xalq tərəfindən böyük sevgi və coşqu ilə qarşılanmışdır.

Görkəmli dövlət xadiminin doğulub boya-başa çatdığı Naxçıvana qayıdışı tarixi zərurət idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlhаm Əliyev bununla bağlı demişdir: “Sovet İttifaqının dağıldığı ərəfədə və ondan sonra Naxçıvan çox ağır günlər yaşayıb. O illərdə ancaq ulu öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... O, məcbur olub Moskvadan Bakıya döndü. Ancaq Bakıda o vaxtkı rəhbərlik təzyiqləri davam etdirirdi və Heydər Əliyev öz Vətəninə, doğulduğu yerə – Naxçıvana gəldi. Onun gəlişi Naxçıvanı böyük bəlalardan qurtardı. Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

Dahi şəxsiyyətin Moskva həyatından sonra mənalı ömrünün 3 ilini Naxçıvanda keçirməsi, 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlament­lərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində böyük addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublika işğal təhlükəsindən qorunmuşdur. 1990-cı ilin noyabr ayında ulu öndərin sədrliyi ilə keçirilən Ali Məclisin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil dövlətçilik tariximizin şanlı səhifəsidir. Sovetlər Birliyinin hələ mövcud olduğu bir dövrdə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvanda qaldırılması, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin saxlanması barədə keçirilən referendumda muxtar respublikanın iştirak etməməsi böyük cəsarət və qətiyyət tələb edirdi. Bu tarixi hadisə, nəinki Azərbaycanın, Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasının yolunu açmışdır. Həmçinin sonrakı mərhələdə dahi öndərin Naxçıvandakı siyasi fəaliyyəti ərzində ərazinin erməni işğalından müdafiəsi, milli şüurun dirçəlişi, milli dövlət strukturlarının formalaşması kimi mühüm tarixi nailiyyətlər əldə olunmuş, xalqla həmrəyliyin təntənəsi öz təsdiqini tapmışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili ilə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlər görülmüş, ölkəmizdə ilk dəfə Naxçıvanda nizami ordu hissələri yaradılmışdır. Ulu öndər 1992-ci ildə tarixi Moskva və Qars müqavilələrini gündəmə gətirməklə Ermənistanın təcavüzkar siyasətini, Naxçıvanın muxtariyyət statusunu, əzəli Azərbaycan torpağı kimi toxunulmazlığını beynəlxalq miqyasda bir daha təsdiqləmiş, ağır blokada şəraitində olan muxtar respublika iqtisadi böhrandan çıxarılmışdır. Bu gün yüz minlərlə siyasi həmfikri öz ətrafında birləşdirən, iqtidar partiyası kimi liderliyini qoruyub saxlayan Yeni Azərbaycan Partiyasının təsis edilməsi, az vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrünün bəhrəsidir. 31 Dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması ilə bağlı qərarla dünya azərbaycanlılarının milli həmrəylik ideologiyasının təməli də həmin dövrdə Naxçıvanda qoyulmuşdur. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü tariximizə qızıl hərflərlə yazılmışdır.

Müdrik rəhbərin özü də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi həmin illəri qiymətləndirmişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə Bakıya qayıdışı elə bir tarixi dövrə təsadüf edirdi ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, vətəndaş qarşıdurması Azərbaycanı dövlət müstəqilliyinin əbədilik itirilməsi faktı ilə üz-üzə qoymuşdu. Məhz belə bir dövrdə ölkəni yaranmış bu vəziyyətdən yalnız Heydər Əliyev dühası çıxara bilərdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu barədə demişdir: “Azərbaycanın müasir tarixi dəfələrlə sübut etmişdir ki, xalqın gücü ümummilli lider Heydər Əliyevdə olduğu kimi, ümummilli lider Heydər Əliyevin də gücü Azərbaycan xalqındadır. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

1993-cü ilin 15 iyununda Milli Məclisin Sədri, həmin ilin 3 oktyabrında xalqın böyük dəstəyi ilə ölkə Prezidenti seçilən ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi on il ərzində Azərbaycan üçün əsrə bərabər işlər görmüşdür. Məhz Heydər Əliyev şəxsiyyəti, əzmkarlığı, qətiyyəti Azərbaycan xalqını və dövlətçiliyini, o cümlədən iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etmişdir. Görkəmli dövlət xadiminin apardığı uğurlu siyasət nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi imkanlarını, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya isə ölkəmizin hüquqi, demokratik dövlət quruculuğu yolunu müəyyənləşdirmişdir. Görülən işlərin sayəsində Azərbaycan qısa müddətdə dünya ölkələri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilmiş, ölkəyə xarici investisiyanın cəlb edilməsi yolu ilə iqtisadi tərəqqiyə, əhalinin rifah halının yüksəldilməsinə nail olunmuşdur.

Bu gün ulu öndər Heydər Əliyev siyasi yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi cəhətdən regionun ən güclü ölkəsinə çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın gündən-günə artan nüfuzu, iqtisadi və siyasi imkanları uzun illərdir, işğal altında saxlanılan torpaqlarımızın azad olunmasına da imkan vermişdir. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu tamamilə məhv edən Azərbaycan Silahlı Qüvvələri düşməni kapitulyasiya aktını imzalamağa məcbur edərək tarixi ədalətin bərpasına nail oldu. Vətən müharibəsində əldə edilən Qələbə ölkəmizin hərbi gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Həyata keçirdiyi əməliyyatlarla bütün dünya ölkələrini heyran edən Azərbaycan regionda yeni reallıqlar yaradaraq 30 ildən artıq blokadaya salınan Naxçıvan Muxtar Respublikasının da Ana Vətənlə kommunikasiya əlaqələrinin bərpasının yolunu açmışdır.

Azərbaycanın ayrılmaz hissəsi olan, Heydər Əliyev ideyalarının böyük sədaqətlə davam etdirildiyi Naxçıvan Muxtar Respublikası bu gün özünün hərtərəfli inkişaf və tərəqqi dövrünü yaşayır. Uzun illərdir, blokada şəraitində olmasına baxmayaraq muxtar respublika bütün sahələr üzrə inkişaf edir. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artım tempinə görə rekordsmen bölgədir… Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir”.

Bu gün Azərbaycanın, eləcə də Naxçıvan Muxtar Respublikasının əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasi yolunun bəhrələridir. Bu yol bizə inkişaf və sabitliyi, ən əsası isə işğalçı düşmən üzərində Qələbəni qazandırdı. Bu yol bizə gələcəkdə daha xoşbəxt günlər bəxş edəcək. Çünki dahi Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycan Respublikası var olduqca, ulu öndər Heydər Əliyev də var olacaq və yaşayacaqdır!