Ordubad məktəbliləri üçün ilkin tibbi yardıma dair maarifləndirici tədbir

2021-12-17 / 15:59:32

Dekabrın 17-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının tibb heyəti Ordubad   şəhər 1 və 3  nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri üçün ilkin tibbi yardımın təşkilinə dair  təlim-treninq keçirib.

Həkimlərdən Leyla Rəsulova, Aytən Əhmədova, Maral Həsənova,  Qərənfil Bədəlova, Zöhrə Maqsudova, Ülviyyə Quliyeva qızdırma, çıxıqlar və sınıqlar, qanaxma, bayılma, yanıq, dəm qazından zəhərlənmə, qıcolma, boğulma, ilan və həşarat sancması zamanı ilkin tibbi xidmətin göstərilməsi barədə 9, 10 və 11-ci sinif şagirdlərini məlumatlandırıblar. Həmçinin qeyd olunub ki, ilkin tibbi yardım hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə prosesidir. Hər hansı zədə almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində  bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım xəstələnmə yerində təcili göstərilməlidir. İlk tibbi yardımın məqsədi həyati təhlükəni ortadan qaldırmaq, həyati funksiyaların davam etdirilməsini təmin etmək, xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək, yaxşılaşmanı asanlaşdırmaqdan ibarətdir.

Təlim-treninq zamanı  ilkin tibbi yardım qaydaları mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub. Müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, yuxarı sinif şagirdləri  üçün təlim-treninqlər həftə ərzində Şərur, Babək və Culfa rayonlarında da keçirilib, digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulub. 

                                                Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti.