Respublika Klinik Xəstəxanasının həkim heyəti Şərur rayonunda humanitar aksiya keçirəcək

2021-12-17 / 15:23:07

Bakı şəhərində fəaliyyət göstərən Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dəfələrlə muxtar respublikaya gələrək humanitar aksiya keçirib. Növbəti humanitar  tibbi aksiyaya isə dekabrın 20-də Şərur rayonundan start verilməsi nəzərdə tutulub. Aksiyada Klinik xəstəxananın direktoru Azər İsmayılovun rəhbərliyilə 21 müxtəlif ixtisaslı həkim iştirak edəcəkdir.

Həkim-cərrahlardanSamir Aslanbəyli, Məsmə Həsənova, Sahib Hüseynov, mama-ginekoloq Zəhra Abbasova, kardioloq Gülnar Cəfərova, otolarinqoloqAnar Əsgərov, uroloq Ceyhun Cəlilov, endokrinoloq Gülxanım Qurbanova və başqalarının iştirakı ilə pasiyentlər hematoloji, uroloji, nefroloji, proktoloji, oftalmoloji və digər tibbi xidmətlərlə də əhatə olunacaqlar.

Müraciət edən pasiyentlərin hamısını tibbi xidmətlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılıb. Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti də Bakıdan gələn həkimlərlə birgə əhaliyə xidmət göstərəcək.

Humanitar aksiya dekabrın 25-dək davam edəcək.