Səhiyyə Nazirliyinin kollegiya iclası keçirilib

Martın 31-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açıb, mart ayı ərzində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Nazir bildirib ki, mart ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları,  Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən Naxçıvan MR Onkoloji Mərkəzinə kimyəvi terapiya aparmaq üçün dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat mərkəzindən peyvənd materialları, Covid-19 virusuna qarşı Pfizer vaksini gətirilmişdir.

Ay ərzində 1 həkim Bakı şəhərinə kurs keçməsi üçün, 1 rezident və 5 orta tibb işçisi Naxçıvan şəhərində iş yerində təcrübə keçməsi üçün göndərilmişdir. Tibb müəssisələrində çalışan 10 nəfər mama ixtisası üzrə nəzəri və praktik təcrübə kursu keçməsi üçün Naxçıvan Tibb Kollecinə göndərilmişdir. Naxçıvan Dövlət Universitetinin Tibb Fakultəsinin 25 tələbəsi və Tibb Kollecinin 121 tələbəsi tibb müəssisələrinə hamiliyə verilmişdir.

Ay ərzində 1 həkim Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə və 1 orta tibb işçisi səhiyyə sahəsində fərqləndiyinə görə  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomla təltif olunmuş, 1 həkim Azərbaycan Respublikasının tərəqqi medalına, 1  həkim Naxçıvan MR-nın  Əməkdar həkimi adına, 1 tibb bacısı isə Naxçıvan Muxtar Respublikasının Əməkdar tibb işçisi fəxri adına layiq görülmüşdür.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən 8 həkim-nevropatoloq və 14 təcili tibbi yardım həkimi olmaqla, ümumilikdə 22 nəfər həkimin iştirakı ilə  «Sinir sistemi xəstəlikləri zamanı təxirəsalınmaz vəziyyətlər»  mövzusunda Zoom proqramı vasitəsilə online təkmilləşdirmə kursunda iştirak etmişlər.

Rusiya Terapevtlərinin Elmi Tibb Cəmiyyəti ilə Azərbaycan Tibb Universiteti tərəfindən birgə Daxili Xəstəliklər üzrə online elmi-praktik konfrans keçirilmişdir. Konfransda prof. Lalə Abdullayeva Duzdağ şaxtada Postcovid  sindromunun müalicəsi  mövzusunda  çıxış etmişdir. Konfransa Naxçıvan Muxtar Respublika xəstəxanasının konfrans zalından Naxçıvan  həkimləri də qoşulmuşdur.

Azərbaycan Respublikası Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun  həkimlərinin iştirakı ilə ,,Vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına müasir yanaşmalar” mövzusunda konfrans keçirilmişdir.

24 mart Beynəlxalq Vərəmlə Mübarizə günü ilə əlaqədar Şərur və Şahbuz MRX-da Ağciyər Xəstəlikləri Dispanserinin həkimlərinin iştirakı ilə seminarlar keçirilmişdir.

Naxçıvan MR Xəstəxanasının yaratdığı həkim briqadası Şərur və Culfa rayonunda olmuş, əhalinin müayinə və müalicəsini həyata keçirmiş, 70 uşaqda  sünnət əməliyyatı yerinə yetirmişlər.

Respublika xəstəxanasının göz həkimləri Muxtar Respublikanın ayrı-ayrı rayonlarında şəkərli diabet xəstəliyindən əziyyət çəkən 131 xəstənin göz dibinin müayinəsini  aparmış, lazımı  məsləhət və təyinatlar verilmişdir. 

Respublika xəstəxanasında  Bakı şəhərindən dəvət olunmuş LOR həkimi tərəfindən 15 nəfərdə müayinə və 15 nəfərdə cərrahi müdaxilə aparılmışdır.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 27 nəfərdə müayinə, 9 nəfərdə cərrahiyyə əməliyyatı  aparılmışdır.

Diaqnostika Müalicə Mərkəzində Bakı şəhərindən dəvət olunmuş həkimlər tərəfindən  62 nəfərdə müxtəlif cərrahi əməliyyatlar yerinə yetirmişdir.

Naxçıvan MR Onkoloji Mərkəzin həkimləri tərəfindən Naxçıvan şəhər  9-nömrəli orta məktəbin təhsil işçilərindən 53 nəfər qadında süd vəzin profilaktik müayinəsi aparılmış, 3 nəfərdə patologiya aşkar olunaraq Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunmuşdur.

Naxçıvan MR Doğum Mərkəzinin yaratdığı həkim briqadası Şərur rayon Danyeri kəndində olmuş, 7 nəfərdə laboratoriya və 4 nəfərdə USM müayinəsi, 4 nəfərdə ginekoloji, 5 nəfərdə pediatrik müayinə aparmışlar. Həmçinin həkim briqadası Naxçıvan şəhər 12 saylı tam orta məktəbin 27 qadın işçisini profilaktik olaraq USM müayinəsindən keçirmişlər.

Naxçıvan Muxtar Respublika ərazisində genişləndirilmiş dezinfeksiya tədbiri olaraq 1298013 m2 sahədə dezinfeksiya işləri aparılmışdır.

Covid-19 xəstəliyinə qarşı  profilaktika tədbiri  olaraq mart ayında 795 nəfərə I tur, 2384 nəfərə II tur, 6372 nəfərə III tur  vaksinasiya aparılmışdır.

Qanla işləyən tibb işçilərinə hepatitə qarşı vaksinasiya mart ayında 356 nəfərinə I doza, 603 nəfərə II doza vurulmuşdur.

GEM həkimləri tərəfindən  Antiinhisar və İstehlak  Bazarına  Nəzarət  Dövlət Xidməti  nümayəndələrinin iştirakı ilə  özəl  müəssisələrdə monitorinqlər keçirilmişdir.

Ailə Qadın və Uşaq Problemləri Komitəsinin və digər müvafiq təşkilat nümayəndələrinin iştirakı ilə Babək rayon Kültəpə kənd orta məktəbində yoxlama aparılmışdır.

Naxçıvan MR Dövlət İmtahan Mərkəzi tərəfindən  Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə 434 vakant vəzifə müsabiqəyə çıxarılmış, 214 namizəd sənəd təqdim etmişdir. Keçirilmiş test imtahanında  211 namizəd iştirak etmiş və 77 namizəd keçid balını toplamışdır.  Dövlət İmtahan Mərkəzi tərəfindən 69 nəfərə (15 həkim, 54 orta tibb işçisi)  işə qəbul olunması haqqında arayış verilmişdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2022-ci ilin mart ayı ərzində Muxtar  Respublika üzrə 24 nəfəri Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 2 nəfəri Naxçıvan MR Əlillərin Bərpa Mərkəzinə reabilitasiya müalicəyə, 1 nəfəri müxtəlif  xəstəxanalara  müalicəyə göndərmişdir.

Niyazi Novruzov ay ərzində görülən digər işlər barədə də məlumat verib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva muxtar respublikada yenidoğulmuşlara göstərilən patronaj xidmətinin vəziyyəti, nazirliyin Sanitar Epidemioloji nəzarət sektorunun baş məsləhətçi Türkan Hüseynova Şərur rayon tibb müəssisələrinin sanitar-gigiyenik vəziyyəti, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkimi Gülarə Əsədova Naxçıvan şəhərində uşaq əhalisi arasında doğuş travmatizminin vəziyyəti haqqında məruzə ediblər.

Hər iki məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı qəbul olunub. Sonra bir sıra məsələlər barədə məlumatlar dinlənilib.

Səhiyyə naziri Niyazi Novruzov bir sıra tapşırıqlar verib, müzakirə olunan məsələlərlə bağlı mart ayında daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib, bu sahədə səhiyyə işçilərinə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti