Səhiyyə nazirliyində ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində kollegiya iclası keçirilib.

  İclasda 2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və səhiyyə nazirliyi, onun yerli orqanları tərəfindən 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə qarşıda duran vəzifələrdən bəhs olunub.

 

Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, 2020-ci ildə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksədilməsi istiqamətində işlər davam etdirilib. Muxtar respublika sakinlərinin sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini xeyli artırmaq məqsədi daşıyan icbari tibbi sığortanın əhatə dairəsinin daha da genişlənməsinə yol açan tibb ocaqlarının müasir tələblərə cavab verən şəkildə qurulması işi 2020-ci ildə də uğurla həyata keçirilib. Belə ki, bu istiqamətdə görülən quruculuq tədbirləri çərçivəsində Ordubad Rayon Gigiyena və Epidemiologiya Şöbəsi, Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Muğancıq-Mehrab, Qarabürc, Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələri, Duzdağ Fizioterapiya Mərkəzinin inzibati binası istifadəyə verilib. Həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur, Şahbuz və Culfa rayon gigiyena və epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyalarının, Darıdağ Arsenli Su Müalicəxanasının yeni binalarının və Ordubad Rayon Uşaq Xəstəxanasının yenidən qurulması davam etdirilib.

        Nazir qeyd edib ki, infrastruktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 12 təcili tibbi yardım avtomobili də verilib ki, bu da tibbi personalın işini xeyli asanlaşdırmaqla yanaşı, həm də sakinlərin sağlamlığının qorunmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar açıb.

2020-ci ildə dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində genişmiqyaslı tədbirlər görülüb, bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiyaedicilərlə təmin edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən dövlət tibb müəssisələrində çalışan tibb işçilərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin pandemiya ilə mübarizədə profilaktik dezinfeksiya tədbirləri həyata keçirən işçilərinə aylıq vəzifə maaşlarının 1-3 misli məbləğində mükafat və müddətli əlavələr ödənilir. Bütün yaşayış məntəqələrində görülən qabaqlayıcı tədbirlərin, davamlı dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, ölkə səviyyəsində xəstəliyə ən aşağı yoluxma halı məhz muxtar respublikada müşahidə olunub.

Hesabat ilində səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası diqqət mərkəzində saxlanılıb. Kadr hazırlığı və səhiyyə obyektlərinin müasir avadanlıqlarla təchiz olunması sahəsində tədbirlər davamlı xarakter alıb.

Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Hesabat ili ərzində Səhiyyə Nazirliyi müəssisələrində də müəyyən işlər görülüb. Belə ki, muxtar respublikada 2020-ci ildə 4 min 624 uşaq doğulub, təbii artım 1753 nəfər, doğum göstəricisi 10, ölüm göstəricisi 6.2, 1 yaşa qədər uşaq ölümü 12 nəfər olmaqla 2,6 promilli təşkil edib.

Niyazi Novruzov diqqətə çatdırıb ki, muxtar respublikada dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar kəndlərdə və obalarda əhaliyə yüksək ixtisaslı səhiyyə xidmətləri göstərmək məqsədilə yaradılmış həkim briqadaları yerlərdə müayinə və müalicə işi aparıb, təhsil işçiləri arasında süd vəzi xərçəngini vaxtında aşkarlamaq üçün profilaktik kütləvi müayinələr, ilkin vərəm xəstəliyinin vaxtında aşkarlanması məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi müayinələri davam etdirib.

Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 oktyabr 2018-ci il tarixdə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının davam etdirilməsi nəticəsində uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlmiş, uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması istiqamətində müsbət nəticələr əldə edilib. İl ərzində dövlət proqramlarının icrası da daim diqqət mərkəzində saxlanılıb. Belə ki, muxtar respublikanın səhiyyə müəssisələrində xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin aktiv müalicəyə cəlb edilməsi, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatıprioritet istiqamətlərdən biridir. Yaradılmış təminat hesabına hazırda Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzi xəstəxanalarında 120 xəstə hemodializ seansı alır. Həyata keçirilən tədbirlər nəticəsində 10 000 nəfərdən artıq şəkərli diabet xəstələrinin dərman və özünənəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşmışdır. Muxtar respublikada 27 nəfər böyrək, 6 nəfər qaraciyər transplantasiyası olunan və 57 nəfər dağınıq skleroz xəstələri də hər cür dövlət qayğısı ilə əhatə olunublar.

Son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Mərkəzi Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçünlazımi imkanlar vardır. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb.

Hazırda muxtar respublikada 39 talassemiyalı, 75 hemofiliyalı xəstə qeydiyyatda durur ki, onların qan komponentləri ilə bərabər dərman təminatı da daima yüksək səviyyədə aparılır.

Səhiyyə naziri onu da vurğulayıb ki, Naxçıvanda səhiyyə turizmi də diqqətdə saxlanılan məsələlərdəndir. Muxtar respublikada Duzdağ Fizio­terapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası bu işdə mühüm rol oynayır.

Hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşmə kurslarına göndərilmiş həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.

Pandemiya ilə əlaqədar karantin rejiminə baxmayaraq 2020-ci il ərzində də müxtəlif klinikalardan yüksək ixtisaslı həkimlər və kollektivləri muxtar respublikaya dəvət olunmuş və Naxçıvan həkimləri ilə birgə fəaliyyət göstərərək xeyli sayda əməliyatlar aparıblar.

Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri, larviolla delervasiya aparılır. Bunun nəticəsidir ki, yoluxucu xəstəliklərin kökü demək olar ki, kəsilib. Əhali arasında geniş səhiyyə maarifi işləri aparılmaqla, müxtəlif yaş qruplarının dispanserizasiya tədbirləri ardıcıl davam etdirilir.

Naxçıvan Muxtar Respublikası ərazisində Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə 27 dekabr 2016-cı il tarixdə keçirilmiş müşavirədə Ali Məclis Sədrinin tapşırıqlarının icrası məqsədilə işlər bu gün də ardıcıllıqla aparılır.

Nazir görüləsi işlərdən də bəhs edərək bildirib ki, muxtar respublikanın tibb müəssisələrində icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Komputer Proqram Təminatı, həmçinin TSEK-ə göndərişlərin verilməsi ilə əlaqədar əlillik altsistemi ilə işləyən şəxslərin həmin proqramları məniməsəməsində yenə də ləngimələr var. Müəssisə rəhbərləri həmin şəxslərin komputerlə işləmək üçün kurslara göndərilməsi işini davam etdirməlidir.

Niyazi Novruzov Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrini əldə əsas tutaraq, bütün tibb işçiləri əhalimizin sağlamlığı naminə əzmkarlıqla işləyəcəyinə, 2021-ci ildə daha yüksək nəticələrə nail olacaqlarına əminliyini ifadə edib,bu işdə səhiyyə işçilərinə uğurlar arzulayıb.

Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva muxtar respublikada koranavirus və digər infeksiyalara qarşı aparılmış profilaktik tədbirlər barədə çıxış edərək bildirib ki, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, pandemiya elan olunan virus muxtar respublikada məhdud çərçivədə rast gəlinib, dərhal lokallaşdırılaraq geniş yayılmasının qarşısı alınıb. Bu gün də bütün bu tədbirlər ardıcıllıqla davam etdirilir.

Kollegiya iclasında COVİD-19 virus infeksiyasına qarşı mübarizə tədbirlərində səmərəli fəaliyyətinə görə bir qrup səhiyyə müəssisəsi və tibb işçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı, fəxri fərmanı, Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin Fəxri Fərmanı ilə təltif ediliblər.

Sonra nazirliyin Statistika və İnformatika sektorunun müdiri Kəmalə Həsənova, Şərur Uşaq Xəstəxanasının baş həkimi Günay Quliyeva, Culfa Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Kəramət Şirinov muxtar respublikada 2020-ci ildə əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti və qarşıda duran vəzifələr haqqında məruzələr ediblər.

Kollegiya iclasında həmçinin “Naxçıvan MR –nın Epidemioloji Atlası” və Naxçıvan Muxtar Respublika­sı­nın Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qərarı, Süleyman Cəfərov, Pəri Əliyeva, Təranə Cəfərovanın müəllifliyi ilə çap olunmuş “Təcili tibbi yardım” kitabının təqdimatı olub. Nazirliyinin mətbuat və ictimayyətlə əlaqələr üzrə baş məsləhətçisi Hüseyn Əsgərov hər iki yeni kitab barədə məlumat verib, oların dəyərlərindən danışıb.

Səhiyyə naziri Niyazi Novruzov kollegiya iclasına yekun vurub.

Naxçıvan Muxtar Respublika­sı­nın Səhiyyə Nazirliyinin mətbuat xidməti