Səhiyyə Nazirliyinin avqust kollegiyasında payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunub

Avqustun 28-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı kollegiya ilcası keçirilib. Səhiyyə naziri Niyazi Novruzov bildirib ki, bu gün muxtar respublikada ən son yenilikləri özündə əks etdirən avadanlıqlarla təchiz olunmuş tibb ocaqlarının istifadəyə verilməsi davam etdirilir.

Cari ilin ötən dövründə Culfa Rayon Mərkəzi Xəstəxanası yenidənqurma və təmirdən sonra ehtiyac olan bütün növ tibbi avadanlıq və cihazlarla təchiz edilib. Culfa Rayon Mərkəzi Xəstəxanası, Yoluxucu Xəstəliklər Mərkəzi, Ağciyər Xəstəlikləri Dispanseri və Təcili Tibb Mərkəzi publik hüquqi şəxs statusu alıb, internet şəbəkə xətti çəkilib, komputer proqram təminatı quraşdırılıb. Ordubad Rayon Vənənd Kənd Həkim Ambulatoriyası, Şərur rayon Məmmədsabir Kənd Həkim Ambulatoriyası və Muğancıq Mehrab Feldşer Mama Məntəqəsi yeni tikilərək bütün növ tibbi avadanlıq və inventarlarla təchiz edilərək istifadəyə verilib. Ordubad Rayon Uşaq Xəstəxanasının, Şərur rayon Şəhriyar, Ordubad rayon Yuxarı Əndəmic, Nüsnüs, Şahbuz rayon Ağbulaq, Culfa rayon Camaldın kənd həkim ambulatoriyalarının, Şərur rayon Dərvişlər, Qaraburc feldşer mama məntəqələrinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzininin və onun Şahbuz, Şərur, Ordubad rayon şöbələrinin, Duzdağ Fizioterapiya Mərkəzinin, Darıdağ Arsenli Su Müalicəxanasının binalarının tikintisi davam etdirilir.

Yeni istifadəyə verilən müəssisələr istilik sistemi ilə təchiz edilir, payız-qış mövsümünə hazır vəziyyətə gətirilir. Bu səbəbdən son illər qış mövsümü üçün ehtiyac olan yanacaq və mal-material keçən illərə nisbətən xeyli azalıb. 2020-2021-ci ilin qış mövsümündə 78 tibb müəssisəsi fərdi istilik sistemi ilə, 131 müəssisə mərkəzi istilik sistemi ilə, 13 müəssisə neft sobası, 1 müəssisə təbii qazla qızdırılacaq. Keçən illərdə olduğu kimi bu il də qışa hazırlıq məqsədi ilə bütün elektrik xətləri, transformator, genaratorlar, istilik və su xətləri müvafiq qurumlar və müəssisələrin özləri tərəfindən nəzarət qaydası ilə yoxlanılır və çatışmazlıqlar aradan qaldırılır.

Payız-qış aylarında baş verə biləcək hər hansı hal üçün müəssisə rəhbərlərinin məsuliyyət daşıdığını vurğulayan Niyazi Novruzov bildirib ki, sertifikatı olmayan ocaqçılar qazanxana maşinisti kurslarına cəlb olunmalı, payız-qış mövsümü ilə əlaqədar səhiyyə müəssisələrinə veriləcək yanacaq və mal-materialdan səmərəli istifadə təmin edilməli, bütün tibb müəssisələrində ocaqçı və gözətçilərin tərkibinə bir daha baxılmalı, dövlət mülkiyyətinin qorunmasına şüurlu münasibət formalaşdırılmalıdır. Payız-qış mövsümü ilə əlaqədar nəzarət komissiyaları yaradılmalı, müntəzəm reydlər aparılmalı, ocaqçı və gözətçilərin iş vaxtına, geyim formalarına və təhlükəsizlik qaydalarına əməl etmələri nəzarətdə saxlanmalıdır. Səhiyyə müəssisələrində elektrik enerjisi, su və təbii qazdan səmərəli istifadə ilə bağlı müvafiq izahat işləri aparılmalı, istilik sistemi ilə işləyən təhsil müəssisələrində istiliyin hava şəraitinə uyğun tənzimlənməsinə nəzarət edilməli, izafi xərclərə yol verilməməlidir. Təhvil-təslim kitablarının düzgün işlənməsi nəzarətdə saxlanmalıdır.

Səhiyyə müəssisələrinin tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməli, səhiyyə maarifinə diqqət artırılmalı, əhali mövsümi xəstəliklərlə bağlı məlumatlandırılmalı, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işlərinin aparılması təmin olunmalıdır.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Maliyyə-İqtisadiyyat şöbəsinin müdiri Asəf Musayev, Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov, Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov çıxış edərək muxtar respublikanın səhiyyə müəssisələrində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti haqqında məruzə ediblər.

Kollegiya iclasında digər məsələlər də müzakirə olunub. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri, Tibbi Sosial Ekspertiza Komissiyasına göndərişlərə nəzarət kommisiyasının sədri Süleyman Cəfərov 2020-ci ilin 6 ayı ərzində TSEK-ə göndərişlərin vəziyyəti, həkim məsləhət komissiyalarının fəaliyyətləri və xəstəliklərə aid müayinə və müalicə protokollarının təsdiqi haqqında məlumat verib.

Səhiyyə naziri Niyazi Novruzov kollegiya iclasına yekun vurub.

 

                                                                       Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti