Əhalinin sağlamlığı diqqətdə saxlanılır

14.07.2022

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini iyun ayında da davam etdirmişdir.

Ötən ay muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərənlərdən 2-si Azərbaycan Respublikasının “Tərəqqi” medalı, 1-i Azərbaycan Respublikasının “Əməkdar tibb işçisi” fəxri adı, 2-si “Səhiyyə əlaçısı” döş nişanı, 2-si isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Hesabat dövründə Dövlət İmtahan Mərkəzi tərəfindən Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin tibb işçiləri üçün keçirilən sertifıkasiya imtahanında 1791 nəfər iştirak etmişdir. Keçirilmiş test imtahanında 1640 nəfər müvafiq keçid balını toplamışdır.

İyun ayında ənənəvi olaraq təşkil edilən immunlaşdırma aksiyasında növbəti dəfə Naxçıvan şəhəri üzrə 107, Babək rayonu üzrə 23, Şahbuz rayonu üzrə 5, Sədərək rayonu üzrə 1, Şərur rayonu üzrə 13, Kəngərli rayonu üzrə 22, Ordubad rayonu üzrə isə 13 olmaqla, ümumilikdə 184 uşaq QPM, HİB, OPV, PK, DT, GDT, İPV peyvəndlərinə cəlb edilmişdir.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Nadir irsi metabolik xəstəliklər – 1-ci Tip İrsi Tirozinemiya” mövzusunda seminar keçirilmişdir. Seminarda muxtar respublikanın tibb müəssisələrində fəaliyyət göstərən müxtəlif ixtisaslı 60 həkim və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak etmişlər. Hesabat ayında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun-Milli Qurtuluş Günü”nə həsr edilmiş Azərbaycan kardioloqlarının növbəti regional konfransı keçirilmişdir. Konfransda Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvləri, muxtar respublikanın tibb işçiləri və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin rezident və tələbələri iştirak etmişlər.

Muxtar respublikada keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanasında İ.M.Seçenov adına I Moskva Tibb Universiteti Bakı filialının rektoru Əziz Əliyev 16 tireoditli xəstəni müayinə etmiş, ehtiyacı olanlara təyinat və məsləhətlər vermiş, 3 böyük düyünlü zob xəstəsində cərrahi müdaxilə aparmışdır. Həmçinin forumda iştirak edən digər ixtisaslardan olan oftalmoloq, proktoloq, üz-çənə cərrahı tərəfindən, ümumilikdə, 62 xəstə müayinə edilmişdir. Tibbi forumda iştirak edən ixtisaslı həkimlər tərəfindən Diaqnostika Müalicə Mərkəzində 35, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində 55 nəfərdə müayinələr, Naxçıvan Muxtar Respublika Xəstəxanasında 10 nəfərdə LOR müayinə, 10 nəfərdə isə cərrahi müdaxilələr icra olunmuşdur. Eyni zamanda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfındən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 11 nəfərdə müayinə, 4 nəfərdə cərrahiyyə əməliyyatı aparılmışdır. Ay ərzində Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin yaratdığı həkim briqadası Babək rayonunun Cəhri qəsəbəsində 2 nəfərdə laboratoriya, 25 nəfərdə USM müayinəsi, 25 nəfərdə ginekoloji, 2 nəfərdə pediatrik müayinə aparmışlar. Həmçinin həkim briqadası Naxçıvan şəhər 1 saylı tam orta məktəbin 22 qadın işçisini profılaktik olaraq USM müayinəsindən keçirmişlər. Səyyar tibbi xidmətin göstərilməsi də diqqətdə saxlanılmış, Ağciyər Xəstəlikləri Dispanserinin həkim briqadası tərəfindən Şərur rayonunun Axura kəndində 11 nəfər səyyari flüoroqrafıya müayinəsindən keçirilmişdir.

Şərur rayonunda gölməçə və bataqlıq sahələrdə malyariya xəstəliyinə qarşı 942 hektar, Sədərək rayonunda isə 1 hektar sahədə Larviolla delarvasiya işləri aparılmış, Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri tərəfındən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nümayəndələrinin iştirakı ilə Ordubad rayonu ərazisində yerləşən özəl müəssisələrdə monitorinqlər keçirilmişdir.

Covid-19    xəstəliyinə qarşı profılaktik tədbirlərin davamı olaraq iyun ayında 30 nəfərdə I, 39 nəfərdə II, 108 nəfərdə III tur vaksinasiya aparılmışdır.

Uşaqların sağlamlığının təmin olunması məqsədilə hesabat     ayında 28 şagirdin helmintoza görə müayinəsi aparılmış, 28 nəfərdə qurd invaziyası aşkar edilmişdir.

Qrafikə uyğun olaraq iyun ayında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 265 tələbəsi muxtar respublikanın tibb müəssisələrində istehsalat təcrübəsinə cəlb olunmuşdur. Həmçinin ay ərzində 2 həkim Türkiyə Respublikasında, 3 həkim, 1 orta tibb işçisi Bakı şəhərində, 1 rezident və 28 orta tibb işçisi Naxçıvan şəhərində təcrübəyə göndərilmiş, 17 məktəb tibb bacısı isə nəzəri və praktik təcrübə kursu keçməsi üçün Naxçıvan Tibb Kollecinə göndərilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Səhiyyə Nazirliyinin mətbuat xidməti