İmmuniteti necə gücləndirmək olar?

2020-02-13 / 12:21:11

Payız və qış fəsillərində orqanizmin immuniteti aşağı olduğu bir zamanda insan tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bəs immunitet nədir və onu necə gücləndirmək olar?

İmmunitet-orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. İmmunitet haqqında olan fikirlər min ilərdir ki, bəşəriyyətin diqqətini cəlb eddir. Əvvəllər elmin zəif inkişaf etdiyi dövrlərdə insanlar bir sıra epidemiyaların səbəblərini fərqli başa düşür, belə ki, yalnız fövqaltəbii qüvvələrlə əlaqələndirirdilər. İmmunitetin mexanizmi haqqında ilk geniş yayılmış nəzəriyyə fransız tədqiqatçısı Paster tərəfindən verilib. Onun “tükənmə nəzəriyyəsi” bu sahədə qiymətləndirilirdi. Zaman keçdikcə bu nəzəriyə özünü doğrultmadı. Lakin buna baxmayaraq Lui Paster immunologiyanın formalaşmasında xüsusi rol oynadı.

İmmunologiyanın bir elm kimi formalaşmasında rus alimi Meçnikovun da xüsusi xidmətləri olubdur. Belə ki, tədqiqatçı faqositoz haqqında nəzəriyyəni ilk dəfə irəli sürüb. Bu prosesdə iştirak edən hüceyrələri faqositlər adlandırlıb. Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradıldı. Bundan başqa immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri olubdur. İmmunitet zəifləyibsə, immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə bu, insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir. Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və bu fundament yoxdursa, səhhətimiz yerlə-yeksan olar.

İmmun sistem insan orqanizmində iki vacib prosesə cavabdehdir: Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur. İkincisi isə öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələri əvəzetmə işi ilə də məşğul olur. İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi (makrofaqlar, faqositlər. limfositlər), immunoqlobulin zülalı və s. vardır. İmmun çatışmazlığına çox şey səbəb ola bilər, onların arasında qeyri-düzgün qidalanma, stress, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq və s. önəmli yer tutur. İnsan xəstələndikdə də immunitet zəifləyir, məsələn, qrip virusları orqanizmin immun reaksiyasını ləngidir. Havanın müxtəlif kansorogenlərlə (kimyəvi maddələr, radiasiya və s.) zəhərlənməsi də immun reaksiyaya mənfi təsir göstərir. Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır. Bəs, immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar? Hazırda xəstəliklərin profilaktikası kimi immun dərmanların qəbulu da az qala “dəbə” düşüb. İmmunoloqlar belə dərman preparatlarının təsir gücünü iki növə ayırır ki, onların həm müsbət, həm də əlavə təsirləri vardır.

Həkimlərin bir çoxu immuniteti gücləndirmək üçün onun işini stimullaşdırmağı tövsiyə edirlər. İmmunostimulyatorlar - adından da göründüyü kimi immun hüceyrələrinin çoxalmasını stimullaşdırırlar. Qrip olarkən ağır infeksiya xəstəliklərində, həmçinin taqəti tükənən və tet-tez xəstələnən insanlar üçün bu stimullaşdırıcı preparatlar əvəzedilməzdir, onların zəifləmiş immun sistemini gücləndirmək üçün ehtiyacı vardır.

Payız və qış aylarında xəstəliklərə qarşı mübarizə aparmaq üçün həm bitki və həm də kimyəvi dərmanlara daha çox ehtiyac duyulur. İnsan qanı əsasında yaradılmış immunpreparatlar yüksək səviyyədə interferon hazırlanmasına hesablanıb. İnterefron zülalı həm virusların çoxalmasının qarşısını alır, həm də immunostimulyator rolunu oynayırlar. İmmun dərmanlarının qeyri-düzgün qəbulu fəsadlar verə bilər. Digər tərəfdən isə təbii vasitələr nə qədər yumşaq təsir göstərsələr də unutmaq olmaz ki, onlar da dərmandırlar. Başa düşmək lazımdır ki, immun sisteminin profilaktikası üçün onun “qamçılanmağa” ehtiyacı yoxdur. Ona kömək etmək, gerçəkdən də zəifləyibsə, stimullaşdırmaq lazımdır. Qalan vaxtlardasa sağlam həyat tərzi və vitamin qəbul etmək yetərlidir.

Aşağıdakı reseptlə immuniteti gücləndirmək mümkündür:

Bu reseptin vətəni Almaniyadır və onu “qızıl resept” adlandırıblar. Cövhər üç güclü inqrediyentlərdən: zəncəfil, sarımsaq limondan ibarətdir. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilir. Sarımsaq güclü fitonsid olub, antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Tərkibində çoxlu mikroelementlər: natrium, kalium, kalsium, sink, fosfor və mis vardır. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla da zəngindir. Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfil heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edilir. Belə ki, tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktika və müalicəsi üçün effektiv vasitədir. Nəhayət limon C vitamin mənbəyi (anbarı) hesab olunur. Limon orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyaları, mübadilə proseslərini, sürətləndirir və eyni zamanda tarazlaşdırır. Limon, zəncəfil və sarımsaq qarışığı arteriyal təzyiqlə (hipertoniya) mübarizədə gözəl və səmərəli vasitədir.

Bu məcunun hazırlanması üçün 4 ədəd limon, 4 diş sarımsaq, sürtgəcdən keçirilməli və üzərinə 2 xörək qaşığı zəncəfil və 2 stəkan su əlavə etmək lazımdır. Limon və zəncəfil ehtiyatla yuyulur. Limon qabığı ilə birlikdə doğranılır. Sonra sarımsaq və zəncəfil təmizlənir və birlikdə blenderdən keçirilir. Qarışıq qazana tökülür və üzərinə 1,2 litr adi bulaq suyu əlavə edilir. Qarışıq qaynayana qədər daim qarışdırılır. Qaynayana yaxın məhlul şüşə bankaya süzülür və soyuducuda saxlanılır. Hazırlanmış məhlul səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan içilir. Müalicə kursu üç həftə ərzində davam etdirilməlidir. Zövq üçün içkiyə bal da əlavə etmək olar! Sonra bir həftə fasilə verməklə müalicəyə yenidən başlamaq mümkündür. Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə, ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti möhkəmləndirməyə və qısa müddətdə damarları təmizləməyə kömək edəcəkdir!

 

Ramiz Ələkbərov

AMEA Naxçıvan Bölməsi Bioresurslar

İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının

                                                                                                                   rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent