Ən böyük mükafatı sağalan xəstənin təbəssümüdür

2020-02-13 / 12:21:48

Nəşr edilib 12.02.2020

İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin. Hər zaman düşünsün ki, bu peşə insanlara lazımdır və onun əməyi ehtiyacı olanlara fayda gətirə bilər.
Bu təəssüratlar Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsinin bölmə müdiri, gözlərə nur bəxş edən oftalmoloq-həkim Kəmalə Əliyeva ilə söhbətimizdən yadımda qalanlardır. Həyat yoluna isə özü güzgü tutduğundan olduğu kimi təqdim edirəm.


O, 2005-ci ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Bakı şəhərindəki klinikalardan birində 10 ilə yaxın müddət ərzində həkim-oftalmoloq işləyib. Ötən illər ərzində Kəmalə həkim ixtisaslaşma üçün dəfələrlə İtaliya, Rusiya, Türkiyə, Sinqapur, Malayziya kimi xarici ölkələrdə olub. Xüsusilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində gözün müxtəlif xəstəlikləri ilə bağlı kurslar keçərək peşəkarlaşıb, beynəlxalq səviyyəli konfranslarda iştirak və çıxışlar edib. İstanbul Universiteti Çapa Tibb fakültəsində keçirilən XIX Ümumdünya Tələbə Elmi Konfransında “Alkoqol və tütün intoksikasiyasından görmə sinirinin atrofiyası” mövzusunda elmi məqalə ilə çıxışı maraqla qarşılanıb. Məqalə yüksək qiymətləndirilərək həmin konfransın elmi jurnalında ingilis dilində nəşr edilib.
Onun həkim-rezident Aynur Rzayeva ilə birgə yazdığı, bu günlərdə Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər” jurnalında nəşr olunmuş məqaləsi də elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

          Kəmalə həkim 2015-ci ildən fəaliyyətini Naxçıvan Muxtar Respublika Xəstəxanası Göz xəstəlikləri şöbəsində davam etdirir. O bildirir ki, uşaqlarda görmə zəifliyi, göz tənbəlliyi, çəpliklər sıx rastlanan problemlərdəndir. Buna görə də adıçəkilən xəstəliklər barəsində dəfələrlə kütləvi informasiya vasitələrində çıxışlar edir, internet portallarına məqalələr yazır, valideynlərlə maarifləndirici görüşlər keçirir və onlara broşürlər təqdim edir.
Həkim 3 ildir, Naxçıvan Respublika Xəstəxanasında fəaliyyət göstərən Görmənin bərpası və mühafizəsi kabineti barədə məlumat verərək deyir ki, müasir aparatlarla təmin olunan kabinetdə sinaptoforla ambilopiyanın və göz çəpliyinin müalicəsi, çəplik bucağının ölçülməsi, ortoptik və pleoptik məşğələlər aparılır ki, bu da refraktiv qüsurların proqressivləşməsinin qarşısını alır, görmə itiliyinin yüksəlməsini təmin edir. Kabinetdə apardığımız məşğələlər zamanı bir çox xəstənin görməsinin bərpasına nail olmuşuq. Məlumat üçün bildirim ki, göz xəstəliklərinin müxtəlif növləri var. Bunun üçün hər bir pasiyentə, hər xəstəliyə fərqli yanaşma tələb olunur. Əgər xəstənə sevgi və qayğı ilə yanaşmasan, öz işini sevərək yerinə yetirməsən, ona şəfa verə bilməzsən. Həkim gərək, ilk növbədə, insanları sevsin. Məhz belə olduğu təqdirdə gördüyün iş faydalı olacaq.
Bir misal deyim: – 7 yaşlı bir xəstəmiz şiddətli baş ağrılarından şikayətlənir, zaman-zaman görmə itiliyinin pozulmasından əziyyət çəkirdi. Valideyni bizə qarşı əsəbi davransa da, onu anlayırdım, övladının tez sağalmasını istəyirdi. Uşağa gizli hipermetropiya diaqnozu qoyduq, 10 günlük müalicə kursundan sonra görməsi tam bərpa olundu. Bu kimi onlarla xəstələrimiz müalicə olunub, göz çəplikləri problemləri aradan qaldırılıb.
18 yaşlı bir xəstəmiz isə dəfələrlə xarici ölkələrdə müalicə və müayinələrdən keçmişdi. Türkiyədə aparılan müayinə zamanı şikayətləri əsaslandırıla bilmədikdə ona psixiatr müayinəsindən keçməyi məsləhət görmüşdülər. Bizə müraciət etdiyi zaman isə şikayətlərini dinləyib onu perimetriya etdik, xəstə hipofizin adenoması şübhəsi ilə MRT müayinəsinə göndərildi. Müayinədə diaq­nozumuz təsdiqləndikdən sonra o, cərrahi əməliyyata alındı. Vaxtında aşkarlanan xəstəlik və qoyulan diaqnoz xəstənin həyati təhlükəsini aşmasına, sağlamlığına qovuşmasına imkan verdi.
Kəmalə həkim deyir ki, vaxtında müayinə və müalicə edildikdə xəstənin göz sağlamlığı ilə yanaşı, onun həyatını da xilas etmək mümkündür. Bu kimi hallarla çox rastlaşmışıq. Buna misal olaraq deyə bilərəm ki, yenidoğulmuş uşağın müayinəsi zamanı retina blastoma aşkarlanmışdı. Bundan sonra körpəni əməliyyat üçün göndərdik. Beləliklə, qoyduğumuz diaqnoz təsdiqlənərək körpənin gözündəki şiş götürüldü və həyatı xilas oldu.
Oftalmoloq keçirilən tədbirlərin də fəal iştirakçısıdır. Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illik yubileyi münasibətilə, “Gənc­lərlə sağlam gələcəyə” mövzusunda keçirilən konfranslarda Kəmalə həkimin çıxışları maraqla qarşılanıb. “Naxçıvan” Universitetində “Müasir kompüter, smartfon və günəş şüalarının gözə zərəri” mövzusunda seminar onun təşkilatçılığı ilə keçirilib.

       1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü, Gənclər Günü ilə əlaqədar humanitar tibbi aksiyalarda uşaq və gənc­lərin müayinəsini təşkil edib, onlarla göz sağlamlığı mövzusunda söhbətlər aparıb və hədiyyələr təqdim edib.
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə o, ildə iki dəfə məktəblərdə, bir dəfə bağçalarda dispanser müşahidələri aparır. Eyni zamanda diabetik göz dibi fəsadı olan retinapatiyanın diaqnozu və vaxtında aşkarlanıb müayinə edilməsi məqsədilə Sədərək rayonunda da dispanser müşahidələr həyata keçirir.
Kəmalə həkim deyir: – İnsanı həyata qaytarmaq, onun xəstəliyini müalicə etmək tək bir həkimlə mümkün deyil. Xəstəliyin müalicəsi və uğurlu əməliyyat kollektiv işin məhsuludur. Gərək həmin kollektiv təcrübəli, peşəkar heyətdən formalaşsın. Bu gün əldə etdiyim uğurlarda mənimlə birlikdə çalışan kollektivin müstəsna rolu var. Hər uğurlu əməliyyat birgə fəaliyyətimizin nəticəsidir.
Son olaraq isə qeyd edir ki, həkim hər şeydən əvvəl pasiyentinin halına ürək yandırmalı, ona kömək etməlidir. Şöhrətli alim-oftalmoloq Zərifə xanım Əliyevanın dediyi kimi, əsl həkim yalnız o şəxsdir ki, xəstənin əzablarını öz əzabları bilir və onun üçün sağalıb evinə qayıtmış insanın təbəssümü ən yüksək mükafatdır.

Hüseyn ƏSGƏROV

“Şərq qapısı” 12.02.2020