“Antibiotiklərdən düzgün istifadə” mövzusunda maarifləndirici tədbir keçirilib

2019-11-20 / 15:33:44

Babək Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsundə antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.  

 

Xəstəxananın baş həkimi Asiman Yusifov hər il noyabr ayında keçirilən Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki,  tədbirin məqsədi qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək, əhali və tibb işçiləri ilə ən yaxşı təcrübələri bölüşərək antibiotiklərə qarşı davamlılığın qarşısını almaqdır.

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı İbrahim Ağayev uşaq əhalisinə göstərilən dövlət qayğısından danışıb və qeyd edib ki, antibiotiklər həmişə müasir tibbin əsas təməli hesab olunur. Lakin antibiotiklərdən həddindən artıq və qeyri-düzgün istifadə antibiotiklərə qarşı davamlılığın yaranmasını sürətləndirir. Antibiotiklərə qarşı davamlılıq mikroblarda müalicə üçün istifadə olunan tibbi preparatlara qarşı müqavimətin yaranmasına gətirib çıxarır. Hazırda antibiotiklər qlobal sağlamlıq üçün artmaqda olan ciddi təhlükədir və onunla əlaqədar tədbirlərin görülməsi zəruri hala çevrilib. Bir çox bakteriyalara davamlı yoluxmanın nəticəsində hər il dünyada 70 min, Avropada isə 33 min nəfər həyatını itirir. Hazırda dünyada təxminən 200 növ antibiotik istifadə olunur.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq sektorunun baş məsləhətçisi Çinarə Məmmədova “Hamiləlik dövründə antibiotiklərdən istifadə qaydaları”, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim pediatrı İlkay Əliyeva “Pediatriyada antibiotiklərin düzgün işlədilməsi”, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Elsevər Ağəliyev “Antibiotiklərə rezistendlik necə yaranır” mövzularında məruzələr ediblər. Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

 

 

   Bildirilib ki, antibiotiklərin kəşfindən sonra bu dərman vasitələri müasir təbabətin əsasını təşkil edib. Bununla belə, antibiotiklərdən qeyri-rasional və yanlış istifadə olunması insan və heyvan sağlamlığı praktikasında mikrob əleyhinə preparatlara davamlılığın yaranmasına və yayılmasına şərait yaradır. Bəzən insanlar həkim müayinəsi olmadan ya özlərinə həmin dərman preparatlarını alır, ya da ki, digərlərinə tövsiyə edirlər. Nəticədə heç bir protokol və dozalanma qaydasına uyğun olmayan ikinci sıra antibiotiklər istifadə edilir. Son nəticə olaraq isə orqanizmdə həmin preparatlara qarşı davamlılıq yaranır və lazımi anda istifadə edildiyi təqdirdə müalicə səmərəli nəticə vermir. Odur ki, antibiotiklərdən səmərəli istifadə edilməli, onların təyinatının və qəbulunun xüsusi qrafiki olmalıdır.

Babək rayon mərkəzi və sahə xəstəxanalarının cərrah və terapevtlərinin,  pediatrlarının, ginekoloqlarının, həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin tibb işçilərinin iştirak etdikləti tədbirdə müzakirələr aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

 

            Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti